Narkomaniya hər gün daha çox insana təsir edən bir problemdir. Həmçinin, maddə istifadəsinin səbəbi birbaşa dərmanlarla deyil, digər proseslərlə əlaqəli ola bilər. Könüllü və ya istər-istəməz özümüzü başqalarından təcrid etdiyimiz zaman beynimiz miyelin adlı maddə istehsal edir. Bu maddə idrak və emosional davranışımızda dəyişikliklərə səbəb olur ki, bu da depressiya, narahatlıq və qorxu yaradır. Beləliklə, biz özümüzü pis hiss edirik. Çünki insanlar başqaları ilə əlaqəyə ehtiyacı olan sosial varlıqlardır. Bu dərmanlar bizi xoşbəxt edən bir maddə olan dopamin ifrazımızı artırır. Əslində dərmanlar beynimizi dincəldir və düşünməməyimizə kömək edir. Həm də bizi dəhşətə gətirən, incidən və ya təsir edən hər şeydən, heç olmasa bir anlıq qurtulmağımıza imkan verir. İnsanları da aldadan sırf bunlardır. Bütün bunlara baxmayaraq niyə maddələrin özünə deyil, onlardan aldığımız zövqə asılı olduğumuzu bilməliyik. Son günlər isə sosial şəbəkələrdə qanunsuz şəkildə açıq narkotika satışı ilə məşğul olan səhifələr yaranıb. SİA olaraq məsələ ilə bağlı araşdırma aparıb psixoloq, ekspertlər və şəhər sakinlərinin fikirlərini öyrəndik.

İlk olaraq məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət danışdı: "Ümumiyyətlə, son vaxtlar medianın imkanlarından sui-istifadə halları çoxalıb. Əslində, onun qarşısını almaq çətin məsələ deyil. Çünki, o səhifələrdə açıq-aşkar əlaqə vasitələri qoyulur. Yəni, hüquq-mühafizə orqanları həmin vasitələrdən istifadə edərək o adamları müəyyənləşdirə bilərlər. Bu çətin məsələ deyil. Sadəcə olaraq adama elə gəlir ki, bu cür əməllərlə məşğul olanlar çox arxayın şəkildə iş görürlər.
Təkcə bu deyil, hətta mən, otel reklamlarına da rast gəlirəm. Otel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə açıq şəkildə yer verilir. Bu elanlarda açıq şəkildə yazılır ki, “nigah kağızı olmadan qadınla kişinin iki saatlıq qalması üçün filan qədər pul ödənməlidir”. Açıq-aydın telefon nömrəsi və ünvan yerləşdirirlər. Bunu müştəri və istifadəçi adı altında zəng edib öyrənmək çox asandır. Amma bu adamlar rahat şəkildə bu işləri görürlər və belə anlaşılır ki, onlara qarşı gərəkli tədbirlər görülmür, yaxud da yetərincə görülmür, ya da hüquq-mühafizə orqanları və digər qurumlar buna göz yumurlar. Bu baxımdan mən düşünürəm ki, biz bu sahəni qorumalı olan qurumlardan daha təsirli tədbirlər tələb etməliyik. Yəni, elə ediməlidir ki, bu cür adamlar açıq şəkildə narkotik satışı, əxlaqsızlıq yuvası və s. reklamı ilə məşğul ola bilməsinlər".
Sonra psixoloq Aytən Ələkbərova öz fikirlərini qeyd edib: "Sosial şəbəkələrdə olan bu açıq-aydın səhifələr məni bir psixoloq kimi narahat edir. İkinci tərəfdən yeniyetmə anası kimi çox qorxuram. Hansı ki, bu günlər ərzində müraciət edən bir çox insanlar arasında təşviş içərisində olan valideynlər var. Çox ucuz qiymətə, 5-6 manata bu zəhəri insanlara satırlar. Hətta, təəssüflər olsun ki, bu gənclər içərisində qızlar da üstünlük təşkil edir. Yəni, açıq-aşkar onların hansı hala düşdüyünü görürük.
Sosial şəbəkə eyni zamanda, sosial mediadır. Hansı ki, biz bütün informasiyaları oradan rahatlıqla ala bilirik. Yəni, aldığımız informasiyalar insanlarda stress yaradır. Streslər də emosional və informativ olur. Təsəvvür edin ki, narkotik istifadəçisi olmayan insanlar belə, məlumatı oxuyarkən informativ stress keçirirlər, pis hala düşürlər və evlərindəki şəxslərə qarşı da şübhələr oyanmaya başlayır.
Son günlər xanımların arıqlaması gündəmdədir. Hər kəs arıqlamaq istəyir və bunu belə arıqlamaq adı altında insanlara rahatlıqla ötürürlər. Bu zaman isə insan bu zərərli vərdişlərin birbaşa aludəçisi olur. 30-32 yaşlı alüdəçi yetkin bir bəyi də yanımda pis vəziyyətdə görmüşəm. Bu ürək ağrıdan bir vəziyyətdir. Təbiidir ki, biz onları asılılıqdan uzaqlaşdırmaq üçün əlimizdən gələni edirik. Bəzən isə onlar bu vəziyyətdən çıxmaq üçün ciddi nəzarət altında qalmalıdırlar.
Mütləq şəkildə bu barədə maarifləndirici söhbətlər olmalıdır. Bu maarifləndirmə işi istər sosial şəbəkələr, istər saytlar, istərsə də efir məkanları üzərindən edilməlidir. Çox təəssüflər olsun ki, indiki gənclər televiziya izləmirlər. İzləmədiyi halda da bilmədən adi bir konfet adı ilə alüdəçi olurlar. Bəzən onları bu yola dostları çəkir. Təbii ki, burada dostluqdan danışmaq olmaz. O, dost deyil, düşməndir ki, dostunu uçuruma aparır.
Düşünürəm ki, bu zərərli vərdişlərin qiymətləri 100 qat baha olmalıdır ki, insanlar ala bilməsin. Ümumilikdə isə, xüsusən, orta yaş kateqoriyası narkotikanı asanlıqla əldə edir".

Jurnalist və ekspert Rövşən Rəsulov isə məsələ haqqında bu fikirləri qeyd edib: "“İnstagram” və s. sosial şəbəkələrdə narkotiklərin satışı, istifadəsi ilə bağlı paylaşımların edilməsi bilavasitə cinayət məsuliyyəti daşıyır. Təəssüf ki, bir müddət əvvəl Qərb ölkələrində tətbiq edilən bənzər narkoticarət mexanizmləri artıq ölkəmizdə də artmağa başlayıb və bu, bir daha sübut edir ki, artıq sosial şəbəkələrə nəzarət faktoru daha da sərtləşdirilməlidir. Əks halda, sözügedən bəla qarşısıalınmaz kabusa çevrilə bilər.
Baxın, “İnstagram”da nələr baş verir və bütün bunlar - istər narkotik satışları, istərsə də digər qanunsuz vasitələrin ayaq açaraq yürüməsinə geniş şərait yaradır. Gənc və yeniyetmə nəsil zəhərlənir, milli genofondumuz kəskin təhlükə altında qalır. Eyni zamanda qeyd edim ki, son zamanlar narkotiklərin məktəb həyətlərində, məhəllələrdə, şəhərin müxtəlif nöqtələrində satışlarının arxasında da məhz sosial şəbəkə amili dayanmaqdadır. Üstüörtülü təkliflər olunur, sifarişlər qəbul edilir və hər hansı ünvanlara çatdırılma prosesi həyata keçirilir. Hətta deyərdim ki, artıq bu bir işlək şəbəkə halını alıb və ona daim kölgədə qalan idarəçi şəxslər nəzarət edirlər.
Hesab edirəm ki, Milli Məclis müvafiq hüquq-mühafizə stukturları ilə bu dəhşətlərin qarşısını almaq üçün birgə şəkildə və təcili tədbirlər görməlidirlər, həmçinin, sosia şəbəkələrə nəzarətin tətbiqi üçün yeni və daha sərt fəaliyyət planı tərtib edilməlidir".
Məsələ ilə bağlı şəhər sakinlərindən müxtəlif yaş kateqoriyalı insanların fikirlərini öyrənməyə də biganə qalmadıq:
Şəhər sakini Paşa Məmmədov: “Ümümiyyətlə, sosial şəbəkələr gənclərimizin düşüncə tərzinə çox mənfi təsir edir. Burada bəzi qüvvələr var ki, bunu öz mənafeyi üçün istifadə edir. Bunlardan biri də narkotika satışıdır. Düşünürəm ki, narkotikanın açıq və ya gizli şəkildə satışının və təbliğatının aparılması yolverilməzdir. Sosial şəbəkə istifadəçiləri birlik olmalı, gənclərə mənfi vərdişlər aşılayan səhifələri şikayət edib bağlanmağı üçün əlindən gələni etməlidir. Hətta, “İnstagram” sosial şəbəkəsinin özündə də “şikayət et” hissəsi var ki, oradan da çoxluq şikayət edib səhifənin bağlanmasına nail ola bilər. Ümumilikdə isə, normal insanlar belə vərdişləri yaxşı qarşılamır. Mən, 23 yaşlı normal Azərbaycan vətəndaşı kimi düşünürəm ki, narkotika gəncləri uçuruma aparır. Gələcəyimiz üçün sağlam zehniyyət və şəxsiyyət yetişdirmək hər bir kəsin borcudur”.
Şəhər sakini Tünzalə İsmayılova: “Narkotik vasitələrin açıq şəkildə satışı və istifadəsi məni də həm bir Azərbaycan vətəndaşı, həm də oğul anası kimi çox narahat edir. Çox təəssüf ki, bu bəla son günlər sosial şəbəkələrdə əsasən gənclər və yeniyetmələr arasında ölkəmizdə çox yayılıb. Gənclər arasında narkomanlığa qarşı mübarizəni gücləndirmək həm dövlət həm də valideynlər tərəfindən əsas vəzifələrdən biri olmalıdır. Bu yolu seçən gənclərimizi xilas etməliyik. Biz həm narkotik maddələr istifadə edən gənclərimizi doğru yola dəvət etməli, həm də gənclərə və yeniyetmələrə narkotik vasitələri satanları ifşa etməliyik. Təəssüf hissi ilə qeyd edim ki, gəncləri zəhərləyib həyatlarını məhv edənlər yanlız öz mənafelərini güdürlər. Öz balalarını haram pulla qayğısız, bolluq içində yaşadanlar başqalarının balalarının həyatını bitirirlər. Bu da bizim gələcəyimizin məhv olması deməkdir. Dövlət rəsmilərinə və ən əsas valideyinlərə səslənirəm ki, gəlin bu bəla ilə birlikdə mübarizə aparaq. Valideynlər övladlarının davranışlarına diqqət etməlidirlər. Çünki, övladlardan biri narkotikə qurşanırsa bunu ilk öncə valideynlər görməli və qarşısı alınmalıdır. Səhiyyə Nazirliyi apteklərdə narkotik və psixotrop maddələrin açıq şəkildə sərbəst satışını qadağan etməlidir. Hər bir sosial şəbəkə istifadəçisindən də xahiş edirəm ki, narkotik vasitələrin satışı ilə məşğul olan səhifələrlə rastlaşdıqda Daxili İşlər Nazirliyinə müraciət etsinlər”.
Şəhər sakini Minarə Hacıyeva: “Son vaxtlar cəmiyyətdə, sosial şəbəkələrdə gənclərin metanfetamin (şüşə, patı) deyilən süni narkotikaya meyllənməsi ilə bağlı ciddi narahatlıq hökm sürür. Hətta bəzi sosial şəbəkələrdə adı çəkilən süni narkotikin satışı ilə məşğul olan səhifələrin mövcudluğu da vəziyyətin ürəkaçan olmadığını deməyə əsas verir. Real həyatın virtuala daşınması sosial şəbəkələrdə kriminala da geniş imkanlar yaradıb. Narkomafiyaların internetin imkanlarından geniş istifadə edərək narkotik satışının təşkil etməsi artıq acı reallıqdır. Bu haqda xəbərlərin intensivləşməsi ölkədə onlayn narkotik satışı, virtual narkoticarətin genişlənməsi haqda fikirlər söyləməyə rəvac verir.
Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunusuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yollarla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsi istiqamətində vətəndaşların, sosial şəbəkə istifadəçilərinin, bloggerlərin, youtuberlərin, KİV nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur”.
Şəhər sakini İnam Hacıyev: “Ümumiyyətlə, sosial şəbəkələrdə heç bir qadağa tətbiq olunmur və məhz bu da arzuolunmaz hallara şərait yaradır. Əgər sosial şəbəkə istifadəçisi müəyyən qadağalarla qarşılaşmalı olsa, bu zaman istifadəçi müvafiq xoşagəlməz hallara yol verə bilməz və belə hallara da rast gəlinməz. Məsələn, narkotik vasitələrin tərənnümü ilə bağlı məhdudiyyətlər qoyularsa, daha dəqiq desək, bu məqsədlə texniki baxımdan məhdudiyyət tətbiq edilərsə, sosial şəbəkə istifadəçisi buna yol verə bilməz.
Bununla yanaşı, kifayət qədər təsir imkanlarına malik olan ictimai qınaq da olmalıdır. Nəzərə alsaq ki, narkotik vasitələrin satışı həm qanunla qadağan olunub, qanun pozuntusudur, həm də cəmiyyət üçün ən böyük bəladır, deməli, sosial şəbəkələrdə bu vasitələrin nəinki satışı, dolayısı ilə reklam edilməsi, təşviq olunması belə cəmiyyət tərəfindən sərt şəkildə qınanılmalıdır. Narkotik vasitələri təşviq edən sosial şəbəkə istifadəçiləri məhz elə şəbəkənin digər istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilərsə, belə əməllərdən çəkinmiş olarlar.
Təbii ki, ən sonda, sosial şəbəkələrdə narkotik vasitələrin satışının, tərənnüm olunmasının qarşısı qanun çərçivəsində alına bilər. İnsanların həyatını, ümumilikdə cəmiyyəti zəhərləyən narkotik vasitələrin tərənnüm olunmasının hərhansı yolla qarşısını almaq üçün qəbul olunan bütün vasitələrdən istifadə olunması vacibdir”.
Şəhər sakini Nərgiz Xəlilli: "Son zamanlar kütləvi hal almış narkotik vasitələrin istifadəsi və açıq-aşkar satışı hər birimizi təəssüfləndirir. Sosial medianın təsir etdiyi kütlənin bu qədər böyük olduğu halda bunun mənfi istiqamətdə istifadə olunması ağlasığmazdır.
Ətrafımızda olan hər kəsin ən azı bir sosial media platformasından istifadə etdiyini düşünsək, problemin nə qədər böyük olduğunun fərqinə vararıq. Bu səhifələri izləmədiyimiz, "məhsulla" maraqlanmadığımız halda belə sosial medianın alqoritminə uyğun olaraq bu tip məlumatları görə bilərik. Məsələ bizi olduqca narahat edir və ciddi sosial problemlərə gətirib çıxarır. Bu səbəbdən xüsusi ilə azyaşlı və yetginlik dövrünə gəlib çıxmış uşaqların valideynləri tərəfindən sosial media hesablarına nəzarət olunmalı. Kiçik bir məsələ görüldüyü halda dərhal polisə xəbər verilməlidir".
Şəhər sakini Piruzə Quliyeva: "Son vaxtlarda "İnstagram"da narkotik satışları qarşıma çıxır. Məncə bu düzgün bir hal deyil. Gənclərin düzgün yönləndirilməməsi artıq sosial şəbəkədən düzgün istifadə olunmamağa gətirib çıxarır. Sosialda olan insanlar rahatlıqla baxıb ala biləcəklərini düşünəcək və bu çox əlçatan olacaq. Bu kimi prosseslər artıq gənclər üçün normal hal olmayacaq. Sanki zənciri qırılmış kimi dvamlı olaraq istifadə edib narkotik aludəçisi olacaq. Problemin həlli ilə bağlı bir şey düşünə bilmirəm".
Bütün bunlarla yanaşı insanları düşündürən bir sıra suallar da var:
Narkomanlar necə müalicə olunur?
Araşdırmalar göstərir ki, asılılıq insanda həm fizioloji, həm psixoloji, həm də sosial problemlər yaradır. Beyin xəstəliyi olduğu vurğulandığından, bir dəfə asılılıq meydana gəldiyində, bunun üçün tibbi dəstək lazımdır. Ancaq məsələ yalnız tibbi dəstək deyil, sosial reabilitasiya ilə əlaqəli psixoloji dəstək də verilməlidir. Sonra sosial mühitini dəyişdirmək lazımdır. Unutmaq olmaz ki, tibbi diabet, astma və hipertoniyada olduğu kimi, asılılıq da təkrarlanan bir xəstəlikdir.
Maddə asılılığında müalicədən sonra təmiz qalmağa çalışmaq çox vacibdir. Diabet xəstəsinin bir ömür boyu həyatını düzgün qiymətləndirməsi lazım olduğu kimi, keçmiş bir istifadəçi də risklərdən uzaq olmalı, yemək və içmə qaydalarına diqqət yetirməli, ömrünün sonuna qədər maddə istifadəsi davranışlarından və mühitlərdən uzaq olmalıdır.
Narkotikaya nə qədər tez zamanda aludə ola bilərik?
Bir dərmana aludə olma prosesi birbaşa istifadə olunan maddə ilə əlaqəlidir. Ekstazi tərzindəki bir həbdən bəhs ediriksə, asılılıq prosesi istifadə müddətinə, istifadə olunan maddənin miqdarına və istifadə vərdişlərinə görə dəyişə bilər.
Kannabinoid kimi sintetik bir maddədən danışırıqsa, asılılığın bir neçə istifadədən sonra daha erkən başladığının şahidi oluruq. Başqa sözlə, istifadə olunan maddənin tərkibi və kimyəvi xüsusiyyətləri birbaşa asılılıq proseslərinə və asılılıq prosesinin davamına təsir göstərir.
Bir dəfə sınaqdan keçirib yoxlasam və sonradan istifadə etməsəm, olar?
Bir dəfə dərman istifadə etmək qapını açmaq deməkdir. Qapı açılırsa, çox güman ki, bir dəfə heç nə olmasa, ikinci dəfə heç nə olmayacaq. Deyilənə görə ikinci dəfə bir şey olmazsa, üçüncü dəfə heç bir şey olmaz. Bir dəfə sınamağın mənası yoxdur. Buna görə bir dəfə sınamaq, ona aludə olmaq üçün qapı açmaq deməkdir.
Buna görə bir dəfə belə olsa sınamağın doğru olmadığı düşünülür. Çünki insanların dərmana ehtiyacı yoxdur. Deyək ki, yemək olsaydı, bəlkə də bir dəfə sınamaq uyğun olardı, marağı təmin edərdi. Ancaq bəzi şeylərə maraq göstərmək doğru deyil. Başqa sözlə desək, insan sağlamlığına zərərli olan şeylər, istənilən halda bir-iki dəfədən sonra asılılıq halı yaranır. İnsanlar maraqlarını yalnız istifadə etməklə deyil, onu öyrənməklə də təmin edə bilərlər.
Ailəmdə və ya ətrafımda bir narkotika istifadəçisi var, nə edim?
Cavab verilməsi həm çətin, həm də asan sualdır. Ailədə maddə asılısı varsa, maddənin zərərlərini birbaşa izah etmək, təzyiq göstərmək, qorxutmağa çalışmaq və ya müəyyən maneələr və məhdudiyyətlərlə maddə istifadəsini dayandırmaq mümkün deyil.
Başqa sözlə, insanların bəzi şəxsi, psixoloji problemləri və ya dostluq və sosial mühitdəki çətinliklər səbəbindən asılılığa meylli olduqlarını görürük. Bağımlı bir insanın aludəçiliyi potensial olaraq ətrafına yaya biləcək bir şüura sahib olur. Sosial dəstək prosesi aparılmalı, bir qrup olaraq bununla məşğul olmalı və bu prosesləri peşəkar dəstəklə həyata keçirməliyik.
Narkotikanın hansı növləri var?
Esrar: sirr, marixuana, xaşxaş, çətənə, alaq:
Dünyanın bir çox yerində qanuni olaraq tapıla bilən bir növ narkotik olan esrar, sirr bitkisindən əldə edilir. Esrar toz və maye şəklində bu bitkinin çiçəklənən qönçələrindən, yarpaqlarından və saplarından hazırlana bilər. Bu maddə istifadəçidə sərxoşluq və həzz hissi yaradır.
Esrar tütünlə birlikdə, kağıza bükülmüş və ya qəlyan şəklində çəkilə bilər. Narkotik və ağrı kəsici təsiri olan kenevirin rahatladıcı quruluşu gündəlik qərar qəbul etmə qabiliyyətlərinə mənfi təsir göstərir.
Təsirlərin arasında halüsinasiyalar, artan qan təzyiqi və ürək döyüntüsü, ağız quruluğu, gözlərin qızarması, iştahanın artması və konsentrasiyanın pozulmasıdır. Marixuananın intensiv istifadəsi ağciyərlərə ziyan vurur, xərçəng və siqaretlə əlaqəli digər xəstəliklərə səbəb olur. Esrar insanlar arasında fərqli adlarla tanınır. Ən çox istifadə edilənlər həşiş, marixuana, həşiş, çətənə, tüstü, alaqdır. Psixoloji pozğunluqlara da səbəb olan sirr çaxnaşmaya, paranoyaya, depressiyaya və narahatlığa səbəb olur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB