Texnologiya bizə nə qazandırır və bizdən nəyi alır? - ARAŞDIRMA

Texnologiya daim özünü yeniləyir və inkişaf edir. Bu sabit deyil. Buna görə hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq mümkündür. Bu inkişaflar insanın həyatına təsir edir. İnsanın həyatına heç bir müsbət və ya mənfi təsiri olmayan ixtira demək olar ki, yoxdur. Texnologiyanın insanlar tərəfindən asanlıqla qəbul edilməsi və tətbiq edilməsinin əsas səbəbi insanların işini asanlaşdırmasıdır. Başqa sözlə, insanlar texnologiyanı tez bir zamanda qəbul etdilər və həyatlarında istifadə etməyə başladılar. Texnologiya insanların həyatını hər cür asanlaşdırdığından, onun qəbul edilməsi və reallaşdırılması qısa bir müddətdə baş verdi. İnsanlar texnologiyadan müxtəlif istiqamətlər üzrə faydalana bilərlər. Smart ev sistemləri, avtomobillər, telefonlar, tabletlər və texnoloji sistemə malik olan bütün alətlər texnologiyanın inkişafının nəticəsi olaraq qəbul edilir. Bu səbəblə deyə bilərik ki, texnologiya insan həyatında böyük bir yerə sahibdir.

Müasir texnologiya dedikdə təkcə son model mobil telefonlar, kompüterlər yada düşməməlidir. İnsanlar hiss etməsələr də, əslində bir çox yerlərdə texnologiyadan istifadə edirlər. Hər gün müxtəlif səbəblərlə istifadə olunan internet ən böyük texnoloji inkişaflardan biridir. Əgər internet olmasa, fəaliyyəti dayansa, bundan bir çox insan təsirlənəcək. Bu, internet asılılığı adlanır. Müasir dövrdə bir çox insanda internet asılılığına rast gəlinir. Bu texnoloji yeniliyin – internetin olmaması xüsusilə internet asılılığı olan insanlar üçün böyük problem yarada bilər. Yalnız texnologiya və internet asılılığı olanlar deyil, demək olar ki, hər kəs yaranacaq yeni vəziyyətdə əziyyət çəkə bilər.

İnsanların müasir texnika və texnologiyaların öz həyatlarındakı müsbət və mənfi rollarını öyrənmək üçün SİA paytaxt sakinlərinin fikrini öyrənməyə çalışıb:

Paytaxt sakini Pərviz Əlizadə: “İnkişaf yaxşıdır. Müasir dövrdür. Təbii ki, texnologiyanın günü-gündən inkişaf etməsi çox yaxşı haldır. Texnologiya bir sözlə bizim həyatımızı asanlaşdırır. Keçmişə nəzərən indiki vəziyyət çox yaxşıdır. Biz texnologiya olmadan istədiyimiz hər hansı bir yeməyi yemək üçün məcbur olub kafe və restoranlara getməli idiksə, indi isə sadəcə bir düyməyə basaraq həmin yeməyi ünvana, ya da olduğumuz məkan haradısa, oraya gətirdə bilirik”.

Paytaxt sakini Adilə Xəlilova: “Texnologiyanın inkişaf etməsi, daim onun təkmilləşdirilməsi çox müsbət bir haldır. Ona görə ki, texnologiya həyatımızı hər cəhətdən sadələşdirir, asanlaşdırır. Lakin hər şeyin müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də vardır. Mənfi tərəfi odur ki, texnologiya günü-gündən inkişaf edir, yeni-yeni infrastrukturlar, zavodlar yaradılır. Bu da təbiətin çirklənməsi nə səbəb olur”.

Paytaxt sakini Səbinə Hüseynli: “Texnologiyanın müsbət tərəfləri çoxdur və günü-gündən daha da inkişaf etməsi yaxşı haldır. Texnologiya həyatımızı asanlaşdırır. Həyatımızın bütün anlarında texnologiyadan istifadə edirik. Paltar yumaq, qab-qacaq yumaq, yemək bişirmək, evi təmizləmək və s. texnologiya sayəsində edirik. Texnologiyasız bir həyat düşünə bilmirəm”.

Paytaxt sakini Fidan Qarayeva: “Texnikanın günü-gündən inkişafı yaxşıdır. Lakin bunun müsbət cəhətləri olduğu qədər mənfi cəhətləri də vardır. Sanki texnikanın inkişafı insanları oturaq həyata meyl etməsinə səbəb olur. Heçnə etmək istəmirlər. Rahatlığa, asanlığa o qədər öyrəşiblər ki, düşünürəm ki, texnika olmasa, bəzi insanlar məhv olar”.

Paytaxt sakini Ləman Hüseynova: “Azərbaycan günü-gündən inkişaf edən bir ölkədir. Texnikanın inkişaf etməsi, sürətlə yayılması bunun bariz nümunəsidir. Texnologiyanın inkişaf etməsi insan həyatında böyük rol oynayır. Sanki hər kəs oturaq həyat tərzi yaşayır. Texnologiya inkişaf etdikcə İnsanlar daha da passivləşir. Texnologiya bir növ insanda asılılıq yaradır və bu heç də müsbət bir hal deyil”.

Paytaxt sakini Hüseyn Hüseynzadə: “Bu çox mübahisəli mövzudur. Texnologiyanın inkişafı insanlar iki cəhətdən təsir edir: müsbət və mənfi. Müsbət tərəflərinin hər kəs fərqindədir. Lakin mənfi cəhətlərindən çoxunun xəbəri yoxdur. Texnologiya insanlarda asılılıq yaradıb. Əsasən də uşaqlarda. Bunun günahkarı da valideyndir. Sırf uşaq ondan heçnə istəməsin, sakit dursun deyə əlinə telefon verirlər. Müəyyən bir yaş keçdikdə isə həmin uşaqlar telefona bağlı olurlar. Dünya sadəcə telefondan ibarət imiş kimi davranırlar”.

Paytaxt sakini Aytən Abdullayeva: “Bu gün Azərbaycanda gənclərin ölüm hallarının artması, körpələrin diqqətsizlik ucbatından zədələnməsi, ölməsi, insanların özünə qapanmasının kökündə texnologiyanın inkişafı durur. İnkişaf yaxşıdır. Amma ki, insanlarda artıq bu vərdiş halına gəlib. Bu gün insanlar elə bir haldadır ki, onlar oturduqları yerdən qalxmaq istəmirlər. Passiv həyat tərzi keçirmək istəyirlər. Kənardan baxanda Azərbaycanın çox gözəl inkişaf etdiyini görürük. Amma özü-özlüyündə biz daha da geriləyirik”.

Paytaxt sakini Lamiyə Məmmədova: “Azərbaycan günü-gündən inkişaf edir. Yeni zavodlar, binalar tikilir. Yeni ixtiralar kəşf olunur. Amma bunlarla birlikdə yəni ümumilikdə texnologiyanın inkişafı ətraf mühitə, insanlara zərər verir. Ətraf mühit çirklənir, təbii su ehtiyatlarımız azalır. İnsanlar passiv həyat tərzi yaşayırlar. Dünyanı sadəcə əllərindəki smartfonda görürlər. Düşünürəm ki, biz bunun əziyyətini gələcəkdə çox çəkəcəyik”.

Mövzu ilə bağlı İKT üzrə ekspert Rəşad Cəfərov: "Ətrafımızda baş verən hər bir hadisə həyatımıza təsir edir: “Texnologiya hazırda bu təsirlərin içində xüsusi yer tutur. Bu təsirin müsbət və ya mənfi olması barədə detallara enib qiymətləndirmək çətindir. Ümumilikdə isə texnologiyanın inkişafı mütləq insana xidmət etməlidir. Onun həyat şəraitini yaxşılaşdırmalı, asanlaşdırmalıdır. Növbədə durmaq mədəniyyəti, sürücülük mədəniyyəti və sair olduğu kimi, məncə texnologiyadan istifadənin də bir mədəniyyəti var. Mələsə insanların texniki imkanlardan necə istifadə etmələrindədir. Əlbəttə ki, telefonu uşağın əlinə saatlarla vermək ki, səsiz qalsın, bu zaman texniki avadanlığın insana hansı müsbət təsirindən danışmaq olar. Və ya əksinə, okeanın o biri tərəfindəki doğmanla canlı-canlı, görüntülü danışmağın nəyi pisdir ki?

Pandemiya dövrü elektronlaşmanın, texniki imkanların insan həyatında tətbiqinin nə qədər vacib olduğunu sübut etdi. Elektronlaşan xidmətlərdən istifadə bütün ölkələrdə əlbəttə ki, pandemiyanın daha çox yayılmasının qarşısının alınmasında bir alət oldu. Odur ki, texnologiyanın inkışafı insan həyatının rahatlaşdırılmasına tətbiq ediləcəksə o hər zaman müsbət təsir kimi qiymətləndiriləcək. Əgər biz bu alətlərdən düzgün istifadə etməsək, əlbəttə ki, mənfi təsirlərini görməyimiz də qaçılmaz olacaq”.

Mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov: "21-ci əsr texnologiya əsridir və bu texnologiyalar yalnız gözlə görünən yox, həm də virtual formatda həyatımızın müxtəlif sahələrinə təsir etməyə başlayıb. Gündəlik məişətdə istifadə etdiyimiz texnika və texnoloji yeniliklər əlbəttə ki, cəmiyyətimizin inkişafına xidmət edir. Texnika və yeni texnologiyalar insan bəşəriyyətinin əlində həm silah kimi istifadə oluna bilər, həm də bəşəriyyətimizin inkişafına, planetimizdəki həyatı qoruyub gələcək nəsillərə çatdırılmasına, ekoloji və digər problemlərin həllində insana kömək edən vasitədir. Bir yerdən digər yerə getmək üçün biz texnologiyalardan istifadə edirik. Demək olar ki, kənd təsərrüfatında, nəqliyyatda, sənayedə və digər yerlərdə müxtəlif təyinatlı texnika və texnologiyalar yaradılıb və günü-gündən də təkmilləşdirilir.

Texnika və texnologiyanın inkişafı insana xeyir verir. Əlbəttə bunların müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də vardır. Gəmilər, təyyarələr, ictimai nəqliyyatın sürətlə inkişafı, texnologiyaların genişləndirilməsi, sayının artması, şəhərlərdə tıxaclar, havanın ağırlaşdırılması insanların səhhətinə, ekologiyaya, ətraf mühitə ciddi ziyanlar vurdu. Artıq inkişaf etmiş cəmiyyətlərdə ətraf mühitin qorunması texnologiyalardan minimum və ya məntiqi istifadə etmək proqramları həyata keçirməyə başladı. Planetin istiləşməsi planetdə baş verən ekoloji fəlakətlər, texnogenik qəzalar insanların qarşısına bir çox vəzifələr qoydu. Texnika və texnologiya günü-gündən inkişaf edir. Əvvəllər on illərlə dəyişən maşın modelləri indi informasiya texnologiyaları sayəsində hər ay yeni modelləri təqdim edir. Əvvəllər bir marka mobil telefon vardısa, indi isə minlərlə marka yaranıb. Bu hibridləşdirmə əslində həyatımızın hər yerində özünü göstərməyə başlayıb. Cəmiyyət texnologiyadan silah kimi yox enerji verən bir texnologiya kimi istifadə etməlidir. Əks təqdirdə həmin texnika və yeni texnologiyalar təbiət və enerji resurslarının tükənməsinə, planetimizin məhvinə səbəb olacaq”.

İnternet texnoloji inkişafların yalnız bir nümunəsidir. İnsan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara, həm də böyüklərə bu və ya digər dərəcədə təsir göstərir. Uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə onlara fiziki və psixoloji cəhətdən xeyli zərər vura bilər. Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman keçdikcə onlar internetdə daha çox vaxt keçirirlər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur.

Uşaq və yeniyetmələrdə internetdən asılılıq...

Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır. Uşaqlar kompüterdən müəyyən biliklər əldə edir, amma onların kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların texnologiyaya aludə olması öz fiziki və psixoloji vəziyyətlərinin korlanmasına gətirib çıxara bilər. Belə ki, saatlarla vaxtını kompüter arxasında keçirən uşaqlarda dayaq-hərəkət sistemi pozulur. Yaxın məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır.

Texnologiyanın faydalarını aşağıdakı kimi göstərə bilərik:

1. İnternetin sayəsində dünyanın bir ucundan tutmuş digər ucuna qədər istənilən məlumatı əldə edə bilərik və istənilən insanla əlaqə saxlaya bilərik.

2. Texnologiya sayəsində insanlar öz həyatlarını daha da asanlaşdırır, edəcəkləri işləri rahat və qısa zaman çərçivəsində edə bilirlər.

3. Əvvəllər lazımi cihazlar olmadığına görə, insanlar xəstəlikləri barədə çox gec bilirdi, təkmilləşmiş texnologiya sayəsində isə insanlar mütəmadi olaraq səhhətindəki problemlər barədə məlumat əldə bilər.

4. Texnologiya nəqliyyat sahəsində çox faydalıdır. Əvvəllər müəyyən bir yerə getmək üçün həftələr, aylar lazım idi. İndi isə texnologiya sayəsində bu iş çox asanlaşdı, yaxın yerə getmək üçün avtomobillərdən, uzaq yerlərə getmək üçün isə qatar, təyyarə, gəmi və s. kimi nəqliyyat vasitələrindən istifadə etmək olar.

Texnologiyanın müsbət cəhətləri olmaqla yanaşı, mənfi cəhətləri də vardır:

1. Müharibə texnologiyaları texnologiyadan sui-istifadənin vacib göstəricisidir. Texnoloji inkişaf sayəsində atom bombaları, uzun mənzilli raketlər, kimyəvi silahlar, kütləvi qırğın silahları, nüvə silahları, pilotsuz döyüş təyyarələri istehsal edilmişdir. Bu vəziyyətdə, daha əvvəl ibtidai silah və canlı qüvvəyə əsaslanan müharibələrin daha dağıdıcı və daha ağır nəticələrlə daha geniş miqyasda baş verməsinə səbəb olur.

2. Texnologiya sayəsində işçi qüvvəsinə ehtiyac azalmışdır. Bu, insanların tənbəl və boş olmasına səbəb olur. Texnoloji vasitələrin intensiv istifadəsi insanların daha az oturaq həyat tərzinə sahib olmasına səbəb olur.

3. Texnoloji inkişafla ayaqlaşmaq üçün edilən xərclər, insanların büdcəsinə bir yük qoyaraq daha çox pul xərcləmələrinə və borc götürmələrinə səbəb olur. Ehtiyac olmasa da, bir çox insan yalnız texnologiyaya uymaq üçün lazımsız xərcləyir.

5. Keçmişdə lüks mallar kimi təsnif edilən məhsullar indi bir zərurət olaraq görülür. Bu, daha çox xərcləməyə məcbur edən bir elementdir.

6. Texnologiya qlobal istiləşmə kimi ekoloji problemləri də özü ilə gətirir. Texnoloji inkişafla sayı artan fabriklərin yaratdığı hava çirkliliyi və kimyəvi tullantılar dünyanın yaşanılmaz bir yerə çevrilməsinə səbəb olur.

7. Nüvə enerjisi, nüvə və kimyəvi silah qalıcı ziyana səbəb olur.

8. Texnoloji inkişaf sayəsində avtomatlaşdırma və mexanizasiya artmışdır. Bu vəziyyət işçi qüvvəsinə olan ehtiyacın azalmasına səbəb oldu. İşsizlik, məşğulluq problemləri və sosial depressiya kimi ciddi problemlər ortaya çıxdı. Maşınlardan əldə olunan yüksək məhsuldarlıq iş tapmaqda çətinlik çəkən insanların kölə olmasına və daha ucuz və daha çətin şərtlərdə işləməsinə səbəb oldu.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə