Mətbuat xidmətindən söz soruşdum məni dostluqdan sildi - SORĞU - JURNALİSTLƏR QURUM SÖZÇÜLƏRİNDƏN NARAZIDIR
Hər bir peşənin öz çətinlikləri var. Lakin heç kəsə sirr deyil ki, jurnalistika elə bir sahədir ki, nə qədər peşəkar, nə qədər çalışqan bir mütəxəssis kimi yetişsən də mütləq səndən narazı qalan tərəf tapılacaq. Əvvəla dünyanı ağuşuna almış pandemiya, daha sonra 44 günlük Vətən müharibəsində bu peşənin nə qədər çətinlikləri olduğunu bütün həmkarlarımız tam mənası ilə anladı. Jurnalistika sahəsində olan qurumlarla media arasında körpü rolunu oynayan mətbuat xidmətlərinin rəhbərlərinin də işlərinin çətinlikləri çox olması fikri ilə də hər kəs razılaşar. Lakin onların əsas vəzifəsi media üçün donor rolunu oynamaqdır. Bəs, hansı qurumların mətbuat xidmətlərinin rəhbərləri jurnalistləri tez-tez narazı salaraq, onların öz vəzifə borclarını yerinə yetirmələri ilə əlaqədar bu və ya digər şəkildə maneələr yaradırlar? Məsələ ilə əlaqədar jurnalistlərimiz arasında sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir:
Moderator.az-ın redaktoru Xəyalə Rəis: “Açığı mən 2 ildir fəaliyyətini dayandıran və 2 ildir istirahət edən teatrların mətbuat xidmətinin yerində olmağını çox istərdim. Hələ pandemiyanın nə zaman bitəcəyi və teatrların nə zaman bərpa olunacağı sual altında qaldıqda isə adamın işini atıb teatrların birinə mətbuat xidməti vəzifəsinə təyin olunmağı gəlir. Pandemiyadan dolayı bu 2 il ərzində bir çox qurumların iş prinsipində axsaqlıqlar və çatışmazlıqlar olub. Bu da təbii ki, anlaşılandır. İl ərzində çalışdığım qurumların mətbuat xidmətləri operativ cavab verməyə çalışıblar”.

X.Rais vurğulayıb ki, bəziləri bir gün keçdikdən sonra sualımı cavablandırsa da, bunun onlardan asılı olmadığını da anlayıram: “Çünki dövlət qurumları razılaşdırılmamış və təsdiq edilməmiş informasiyanı mətbuata ötürmürlər. Ən çox da 44 günlük müharibə dönəmində rəsmi dövlət qurumlarından hər hansı informasiyanı almaqda çətinlik çəkdik. Hətta qeyd edim ki, o zaman Mədəniyyət Nazirliyinə etdiyim müraciət və ünvanladığım sualın cavabı hələ də gəlməyib. Bunun üçün bir neçə dəfə yenidən əlaqə saxlasam da cəhdlərim boşa çıxdı”.

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər: “Mətbuat xidmətləri qurumlarla media arasında körpü rolunu oynamalıdır. Çox təəssüf ki, bir çox həmkarımız jurnalist kimi fəaliyyət göstərərkən özünü çox fərqli ampulada sərgiləsə də, az da olsa səlahiyyət sahibi olan kimi tamamilə dəyişir. Heç bir qurumun mətbuat xidmətinin rəhbəri unutmamalıdır ki, qurumu mətbuatdan qorumaqla yox, tam əksinə mətbuatı tam məlumatlandırmaqla mükəlləfdirlər. Dəfələrlə bu məsələlərdə öz etirazımızı bildirmişik. Məsələn, biz bəzi məlumatları düşmən ölkənin XİN-nin rəsmi "tvitter" səhifəsindən öyrəndiyimiz halda, öz ölkəmizin XİN mətbuatından həmin məlumatı ala bilməmişik. Eyni zamanda mən qeyd edim ki, Dövlət Miqrasiya Xidmətinin rəhbərindən hansısa məsələ barədə məlumat almaq daha asandır, nəinki, qurumun mətbuat xidmətinin rəhbərindən. "Azəravtoyol"un mətbuat xidmətinin rəhbəri bizim çox hörmətli həmkarımız Anar Nəcəfli təəssüf ki, istədiyi jurnalistə məlumat verir, istəmədiyinə yox. Həmçinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri çox tanınmış jurnalist olan Pərviz Əbubəkirova zəng edib hər hansı məsələ ilə əlaqədar münasibət öyrənmək qeyri-mümkündür”.
A.Ələsgər vurğulayıb ki, ən çox jurnalistləri incidən, çək-çevirə salanlardan biri də AQTA-nın mətbuat xidmətinin rəhbəridir: “Bu siyahını uzatmaq da olar. Yaşanan bəzi neqativ hallardan biri də budur ki, jurnalist məlumatı əldə edir, qurumun mətbuat xidmətinə sualı yönləndirir, lakin qurum rəsmisi sualı yönləndirən jurnalistə cavab vermək əvəzinə özünün əməkdaşlıq etdiyi jurnalistlərə xəbər şəklində hazırlayıb göndərir. Mətbuat xidmətləri ilə əlaqədar o qədər ağrılı məqamlar ki, bəzən bizim üçün buna dəqiqələr yox saatlar lazım olur. Fikrimcə, televiziyaların tanınmış simalarına mətbuat xidmətinin rəhbəri kimi vəzifə verilməsi qadağan olunmalıdır. Çünki televizya şirkətləri həmin şəxslərin tanınması üçün kifayət qədər vəsait xərcləyir. Lakin sonradan həmin jurnalistlər mətbuat xidmətinin rəhbəri vəzifəsinə yönəlirlər və nəticədə itirən həmin televiziyalar olur”.

“Yeni Müsavat” qəzetinin jurnalisti Xalidə Gəray: “Mətbuat katibi adından da göründüyü kimi daim mətbuatla intensiv işləyən, mətbuata daim açıq olan şəxs olmalıdır. Sevindirici haldır ki, son illərdə bu sahədə yaxşılığa doğru dəyişiklik var. Yəni, hansısa informasiyanı dəqiqləşdirmək, onun ətrafında yaranmış suallara cavab tapmaq üçün mətbuat katiblərinə müraciət etdikdə, qənaətbəxş nəticə əldə etmək olur. Hətta bir çoxu yaranmış problemlə bağlı jurnalistlər sual vermədən dərhal sosial şəbəkədə məlumat paylaşır, ictimaiyyəti məlumatlandırır və bununla da həm özünün, həm də jurnalistlərin işini asanlaşdırmış olur”.
X.Gəray vurğulayıb ki, aktiv mətbuat katiblərindən Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanı, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflini, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllını, Bakıda mövcud olan bütün teatrların mətbuat katiblərini qeyd etmək olar: “Amma məsələn, son vaxtlar dünyanın və ölkəmizin əsas gündəm mövzusu olan pandemiya ilə bağlı aidiyyəti olaraq Operativ Qərargahdan hər hansı bir rəy almaq üçün Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etdikdə zənglərimiz cavabsız qalır”.

Azadmedia.az saytının jurnalisti Elnurə Abuşova: “Mən sosial media üzrə o qədər operativ işləyirəm ki, inanmaram obyektiv olan kimsə mənim fəaliyyətimdən narazı qala. Çünki anında xəbərləri yerləşdirib həm saytın "facebook" səhifəsində, həm də öz səhifəmdə mətbuat xidməti rəhbərlərini işarələyib (tag) paylaşıram. Mənim narazı olduğum mətbuat xidməti rəhbərlərinə gəlincə Fazil Talıbov və Mayis Ağayevdir. Fazil bəyə əlilin yaşadığı problemdən, pulunun kəsilməsindən yazdım, təmənnasız o qədər etdiyimiz əməkdaşlığa rəğmən kömək əvəzinə məni dostluqdan çıxardı. Demək quru kağız üstə mətbuata sırıdıqları məlumatla kifayətlənməli, problemi qabartmamalıymışıq. Mən əlillərin pulunu kəsib piar üçün mediaya paylanmasına etiraz edirəm, o pulu xərcləməyi günah bilirəm və onların keçirdiyi hər hansı müsabiqədən şəxsi səhifəmdə status yazıb imtina etdim. Amma qərəzim yoxdu. Uğurlu işləri, layihələri olanda yenə sayta yerləşdirib təqdir edirəm”.
Jurnalistin sözlərinə görə, o ki qaldı Mais Ağayevə, onu tənqid edəndə həmişə müdafiəsinə qalxmışam: “Çünki ona zəng etməyə ehtiyac olmayıb, elə sosial şəbəkə üzərindən səsləndirilən problemlərə reaksiyasını görmüşəm, elə bu səbəbə görə müdafiə etmişəm. Özümdən asılı olmayan səbəbdən telefonum və nömrəm sıradan çıxdı. Bütün əməkdaşlıq etdiyim mətbuat xidmətlərinə yeni nömrəmi göndərib qrupa salmalarını xahiş etdim. Bilirsiz ki, son vaxtlar məlumatlar əsasən "vatsap" qruplarında yerləşdirilir. Sağ olsunlar, hamısı həmin saniyə xahişimi yerinə yetirdi. Mais bəy özünü məmur, məni isə ona işi düşən vətəndaş hesab etdi, öz aləmində. Hər yazanda məni get-gələ saldı. Hətta şəxsi yazışmada xəbəri göndərdi, amma qrupa daxil etmədi. Mən də ona sözümü yazdım. Allah üzümüzə baxıb Mais bəy işimizi aşırmağa ehtiyacımız olan yerlərdə çalışmır, uzaqbaşı aşağı-yuxarı 30 qəpiyimizi yeyər aparatlar. Vacib xəbərləri də səhifələrindən götürüb işıqlandırıram. Halbuki onun vəzifəsi mediaya xəbər göndərməkdir”.
E.Abuşova vurğulayıb ki, gördüyüm, müşahidə etdiyim nöqsanları yazıram, bu da M.Ağayevin xoşuna gəlmir, öyrəşib şablon təriflərə: “Mən də onu bacarmıram. Son vaxtlar yersiz müdaxilə etdiyini də görürəm. Başqa bütün mətbuat xidmıtləri rəhbərləri ilə çox normal münasibətim var, hamısı ilə operativ işləyirəm. Fürsətdən istifadə edib hamısına təşəkkür edirım. Ən demokratları DGK mətbuat xidmətinin rəhbəri Natiq Axundovdur. Gömrükdə olan haqsızlıqları ictimailəşdirəndə Natiq müəllim heç vaxt yazının silinməsi xahişində bulunmayıb, heç vaxt da münasibətində dəyişiklik hiss etməmişəm. Fikirlərə hörmətlə yanaşır. Eləcə də Anar Cəbrayıllı. Məndən çox onu problemlə narahat edən yoxdu. Həmişə də "Azərsu" ASC-nın bütün sosial şəbəkə hesablarını problemə təq edib paylaşıram. Bazar günləri də şəxsi problemlər üçün Anar bəyi narahat edirəm. Amma heç vaxt yazdığım çatışmazlığa görə Anar Cəbrayıllının münasibətində dəyişiklik görməmişəm, xəbəri sildirmək istəyi ilə qarşılaşmamışam”.

"Kaspi" qəzetinin parlament müxbiri Rufik İsmayılov: "Hər bir media mənsubu kimi mən də müxtəlif istiqamətlər üzrə yazılar hazırlayır, redaksiya tapşırıqları yerinə yetirirəm. Bu zaman hansısa dövlət qurumunun mövzuya dair münasibətini öyrənmək zərurəti yaranır. Yaxud hansısa sosial məzmunlu, şikayət xarakterli araşdırma apararkən obyektivlik naminə cavabdeh qurumun, şikayət olunan tərəfin mövqeyini bilmək, həmçinin problemi onun diqqətinə çatdırmaq istəyirsən. Çox zaman buna nail olsaq da bəzi hallarda müvafiq qurumların media ilə əlaqələrə məsul şəxsinin qeyri-peşəkarlığı, “məmurlaşması” səbəbindən sorğumuza, suallarımıza cavab verilmir. Amma elə ki, material dərc olunur, ictimailəşir, həmin qurumun mətbuat xidməti rəhbəri ya narazılığını ifadə edir, ya da təkzib xarakterli açıqlama yayırlar”.
Rufik İsmayılov vurğulayıb ki, bu, xoşagəlməz haldır: “Digər tərəfdən, bəzi dövlət qurumlarının mətbuat xidməti rəhbərləri təmsil olunduqları qurumla bağlı hər hansı tənqidi materiala dözümsüz yanaşır, məsələni şəxsiləşdirirlər. Belələrinə elə gəlir ki, jurnalistlə hansısa formada münasibəti varsa, onun təmsil etdiyi qurumdan həmin media mənsubunun yazması qeyri-etikdir və sair. Belə münasibətlə şəxsən bir neçə dəfə qarşılaşmışam. Halbuki sağlam tənqid, ictimailəşdirilən problemin həlli sözügedən qurumun işinə dəstəkdir və jurnalistin burada hansısa şəxsi marağı, yaxud şəxsiqərəzliyi yoxdur. Ona görə də mətbuat xidmətində çalışan həmkarlarımızı sağlam, peşəkar media qurumları ilə sıx əməkdaşlığa səsləyirəm".

“Yeni Sabah”az saytının baş redaktoru Seymur Verdizadə: “İşimin çoxluğu ilə əlaqədar olaraq mətbuat xidmətlərinin rəhbəri ilə danışmaq imkanım olmur. Amma əməkdaşlarımızın gəlmiş olduğu qənaətə əsaslanıb mətbuatla məsafə saxlayan dövlət qurumlarının mətbuat xidmətlərinin adlarını çəkə bilərəm. Şübhəsiz ki, bu siyahıya Səhiyyə Nazirliyinin mətbuat xidməti başçılıq edir. Son bir ildə heç bir əməkdaşımıza Pərviz müəllimlə danışmaq qismət olmayıb. Həmin günü səbirsizliklə gözləyirik”.
S.Verdizadə vurğulayıb ki, TƏBİB-in mətbuat xidmətinin fəaliyyəti də əməkdaşlarımızı qane etmir: “Bu qurumdan ya cavab ala bilmirik, ya da dolğun cavab ala bilmirik. Əməkdaşlıq edə bilmədiyimiz dövlət qurumlarının sırasına Turizm Agentliyi də daxildir. Ölkədə demək olar ki, turist olmasa da, bu qurumun əməkdaşlarının suallarımızı cavablandırmağa heç vaxt zamanı olmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB