Vegeterian olanlar diqqətli olun - BU HALLAR BAŞ VERƏ BİLƏR - MÜSAHİBƏ

Vegeterian olanlar diqqətli olun - BU HALLAR BAŞ VERƏ BİLƏR - MÜSAHİBƏ

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Sağlam qida dedikdə nə nəzərdə tutulur? Sağlam qidalanmaq üçün nədən başlamalıyıq?

- Sağlam qidalanma müasir dövrümüzdə ən çox işlənən terminlərdən biri olmasına baxmayaraq, günümüzdə sağlam qidalanmaq və sağlam qidanı tapmaq çox çətindir. Amma çətindir desək də, Azərbaycan üçün nəzərdə tuturam ki, sağlam qida tapmaq o qədər də çətin deyil. Əsasən sağlam qidalanmaq üçün birinci növbədə təbii yerli meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Əgər, rasionumuzda ət, toyuq, balıq ət kimi məhsulları varsa, mütləq şəkildə onu mənşəyi bilinən yerdən almalıyıq və miqdarına çox diqqət etməliyik. Günün hansı saatında hansı yeməyi yeyəcəyiksə, bunu təxminən biz eyni saatlarda vərdiş halına gətirməliyik. Çünki orqanizmimiz standart çalışma mexanizminə malikdir. Əgər, biz ay ərzində düzgün, sağlam qidalansaq, bunu həyat tərzimizə çevirsək, ayda 1-2 dəfə bu rejimi pozmaq olar. Hamıya məlumdur ki, “fast food” adlandırdığımız qidalar dünyanın hər yerinə yayılıb.

- Peşəkarlar, mütəxəssislər bu kimi zərərli qidaların əleyhinə getdikcə bu qidalar daha çox populyarlıq qazanır, insanlar bu qidalara daha çox üstünlük verirlər. Bunun səbəbi nədədir?

- Həmin qidalar biznes maraqları nəzərə alınaraq, həddindən artıq reklam olunur. İnsanlar, gənclər, yeniyetmələr bu reklamları gördükdə onlarda maraq oyanır. Ona görə də bu cür zərərli qidalar daha çox yayılır və sürətlə inkişaf edir. Qeyd edim ki, hər reklam olunan məhsul keyfiyyətlidir demək deyil. Çox rahatlıqla deyə bilərəm ki, artıq gənclərin bir qismi bu qidalardan imtina ediblər. Zərərli qidaları nə qədər minumuma endirsək, o qədər də faydasını görəcəyik.

Sağlam qidalanmaq həm bahalıdır, həm də sağlam qida tapmaq problemlidir. İnsanlar əsasən böyük marketlərdən alış-veriş edirlər. İnsanlar həmin marketlərdən süd məhsulları alırlar. Hansılar ki, onlar tərkibindəki kimyəvi, qatqı maddələri ilə aylarla vitrində qalırlar.

- Biz sağlam qidaları haradan almalıyıq?

- Deyərdim ki, sağlam qidalar o qədər də baha deyil. Azərbaycan elə bir regiondur ki, biz ilin bütün fəsillərində meyvə-tərəvəzlə boluq. Hər mövsümün də özünə uyğun meyvə, tərəvəzi var. Əgər biz həmin meyvə tərəvəzi öz mövsümündə alsaq, qiyməti o qədər baha olmayacaq. Ət məhsullarında isə regionun bir çox yerlərində ət kəsim mıntəqələri mövcuddur. Orada təmiz, sağlam ət satılır. Sağlam qidalanmaq üçün əsas şərt qida dəyəridir. Çox yeyib doymaq deyil, qida dəyəri yüksək olan orqanizmimizə faydalı olan qidanı lazımi qədər yesək, artıq doyumluluğumuzu təmin etmiş olarıq. Ona görə də, insanlar maddiyata diqqət edib, sağlamlıqdan uzaq durmasınlar. Necə ki, geyimlərinə, telefonlarına vaxt ayıra bilirlərsə, qidalarına da vaxt ayıra bilərlər.

- Kənd məhsulları satılan yerlərdən qida almaq nə dərəcədə düzgündür? Onlar həqiqətən də sağlam qidadırmı?

- Yarmarkalar var ki, həftə sonlarında qiymətlər çox münasib olur. Eyni zamanda süd və süd məhsullarını uyğun şəkildə saxlayırlar. Orada temperatur rejiminə əməl olunur. Lakin həyətlərdə, məhəllələrdə maşının arxasında yüksək temperatur şəraitində saxlanılan süd və süd məhsullarını satmağa çalışanlar da var. Bu təbii ki, zərərlidir. Həmin qida keyfiyyətli qida olsa, belə düzgün temperatur rejimində saxlanmadığından həmin məhsullar xarab olur. Bəzən olur ki, bu məhsulları plastik butulkalarda saxlayırlar və bu yolverilməzdir. Əgər keyfiyyətli süddürsə, o plastik butulkada saxlandığına görə, zərərli qidaya çevrilir.

- Vegeterianlara münasibətiniz necədir?

- Vegeterianlara münasibətim müəyyən bir ölkə üçün fərqli ola bilər. Amma bizim ölkədə genetik olaraq ətlə qidalanan və əti birdən-birə kəsən insanda bunun istər-istəməz fəsadları olacaqdır. Normalda ətdən aldığımız zülal və mineral tərkibli dəmir varsa, əti dayandırdıqdan sonra birbaşa veqan və ya vegeterian oluruqsa, mütləq biz bunun fəsadını görəcəyik. Alternativ kimi digər qidalardan həmin zülalları, mineralları qəbul etsək də, ətdən aldığımız mineral və zülallar qədər faydalı olmayacaq. Əgər, vegeterian oluruqsa, mütləq balanslı və qida əlavəsi olaraq həmin dəmiri almalıyıq. Əgər almırıqsa, müəyyən bir vaxtdan sonra xəstəliklər şəklində özünü büruzə verəcəkdir. Ümumilikdə isə ətdən tamamilə imtina edilməsini məsləhət görmürəm. Həftədə ən azı 2 dəfə yeyilməsi daha məsləhətlidir.

- Toylarda qidalanma məsələsinə necə baxırısınız?

- Nə qədər danışsaq da, nə qədər maarifləndirmə etsək də, yenə də beynimizdə uzun illərdir ki, formalaşan bir adət-ənənələr var ki, formalaşıb. İnsanlar elə bilirlər ki, az çeşiddə yemək olsa, onları qınayacaqlar, məclisi yaxşı keçmədi deyəcəklər. Amma bu məsələyə sağlamlıq baxımından yanaşsaq həqiqətən çox ziyandır. Xüsusilə yay aylarında. Xüsusilə salatlarla bağlı məsələyə toxunmaq istərdim. Həmin salatlar ki, əvvəlcədən hazırlanır və əminəm ki, həmin məhsullar soyuducuda saxlanılmır. Çünki bir çox restoranların həmin məhsulları soyuducuda saxlamaq kifayət qədər imkanı yoxdur. Temperatur rejiminə əməl olunmadıqda artıq bu qidaların özü zərərli qidalara çevrilir. Bu qidaları qəbul etdikdə ağlımıza gələn bütün problemləri fikirləşə bilərik. Ümumiyyətlə bu qaydaları anlaşıqlı şəkildə, maarifləndirmə yolu ilə dəyişmək lazımdır. Nə qədər ki, deyirik israfçılığa yol verməyək, amma toylarda yenə də görürük ki, stolda barmaq qoymağa yer yoxdur. Nəzərə alsaq ki, yay aylarında temperatur yüksək olur, həzm prosesi çox yüklənir, maddələr mübadiləsi pozulur. Ona görə də bu qidaları azaltsalar, daha yaxşı olar.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə