Orta məktəblərə şəhidlərin adları verilməlidirmi? - SOSİOLOQ VƏ EKSPERT DANIŞDI
“Düşünürəm ki, təlim-tərbiyə müəssisəsinə vətən uğrunda canından keçmiş insanların adını vermək, uşaqların tərbiyəsinə müsbət yöndən bir daş əlavə etmək deməkdir. Uşaqlar fərqində olurlar və araşdırırlar ki, onların təhsil aldığı məktəb kimin adını daşıyır. Araşdıranda isə öyrənirlər ki, “bu insan kim olub?”, “hansı şücayətləri göstərib?”, “həyatımızda hansı önəmli yeri tutur?”. Vətənin bütövlüyü uğrunda canından keçmiş insan bizim övladlarımıza yalnız və yalnız yaxşı nümunə ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, məktəblərə şəhidlərin adlarının verilməsi övladlarımızın təlim-tərbiyəsinə örnək nümunəsi ola bilər: “Bu baxımdan məncə yaxşıdır. Bununla az da olsa həm şəhid ailələrinin ürəyinə su səpmiş, həm övladlarımızın təlim-tərbiyəsində müsbət addım atmış, həm də şəhidin adının əbədiləşdirilməsində ən gözəl nümuməni vermiş oluruq. Ona görə də, düşünürəm ki, hər şəhidin adı onun təhsil aldığı məktəbə verilməlidir”.
Sosioloq sözlərinə belə davam edib: “Bu ad kolleclərə də, hər hansı peşə məktəblərinə, yaradıcılıq evlərinə də verilə bilər. İstisna hal kimi bütün verilməsi mümkün olan təhsil ocaqlarına şəhidlərin adı verilə bilər. Məncə ən yaxşısı əbədiləşdirmə üsuludur”.
Məsələ ilə bağlı təhsil eksperti Hikmət Əlizadə də öz fikirlərini qeyd edib: “Orta məktəblərə şəhidlərimizin adının verilməsi çox düzgün addım olardı. Düşünürəm ki, həmin məktəbdə şəhidin xatirəsini əbədiləşdirmək üçün muzey hazırlamaq olar. Bu muzeydə onun keçdiyi həyat yolunu, şəkillərini və onun haqqında nümunəvi amilləri qeyd etmək çox gözəl olardı. Bu həmin o məktəbdə təhsil alan şagirdlərə də çox müsbət təsir edəcək. Şagirdlər də bundan nümunə götürərdilər”.
Hikmət Əlizadə sözlərinə belə davam edib: “Biz ümumiyyətlə tərbiyyə məsələlərinə geniş yer verməliyik. Çalışmalıyıq ki, məktəbdə tərbiyəvi tədbirlərin sayı çox olsun. Bu da həmin tədbirlərdən biri kimi mən düşünürəm ki, çox böyük əhəmiyyət kəsb edərdi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB