GMO peyvənd olunmuş mal adı altında bazara irəliləyir - HƏYƏCAN TƏBİLİ - SƏDR İRAD BİLDİRDİ

GMO peyvənd olunmuş mal adı altında bazara irəliləyir - HƏYƏCAN TƏBİLİ - SƏDR İRAD BİLDİRDİ

“Genetik modifikasiya olunmuş məhsullar yer kürəsini zəbt etməkdədir. Çox yaxşı haldır ki, Azərbaycanda bu sahədə qanunvericilik yaxşıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, on il bundan öncə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul edilmişdir: “Həmin qanunda göstərilir ki, tərkibində GMO olan məhsul ekoloji, təmiz mal hesab olunmur. Bu çox əhəmiyyətli məsələdir. GMO-nun məhdudlaşdırılması ilə bağlı ölkə Prezidentinin bir neçə fərmanı var. Lakin doğma Azərbaycanımızın ətraf mühitini qorumaq üçün cənab Prezidentin bu qədər əhəmiyyətli fərmanları olduğu halda təəssüflər olsun ki, ölkədə GMO-nun lobbiçiliyini aparan insanlar da var. Birmənalı şəkildə GMO tərkibli məhsullar zərərlidir və təhlükəlidir. GMO Azərbaycana bir çox ölkədən əsasən Türkiyədən gətirilir. GMO mallar özünün görkəmi ilə, bazar xüsusiyyətləri ilə istehlakçıları cəlb edirlər. Çünki GMO yaradıcıları həmin məhsullara elə xüsusiyyətlər verirlər ki, həmin məhsullar gec xarab olur, diqqət cəlbedən, görünüş yaxşı olur. Bir sözlə GMO-nu hazırlayanlar bazarı nəzərdə tuturlar, insanları yox”.

Eyyub Hüseynov həmçinin qeyd edib ki, GMO-nu insan orqanizmində həll etmək üçün heç bir hormon yoxdur: “Həmin məhsullar insan orqanizmində həll olunmur. Həmin qidalar insan orqanizminə yapışaraq, oradan qidalanırlar. Bu da mədə xərçənginin geniş yayılmasına səbəb olur. GMO insan orqanizminə zərər verməklə yanaşı flora və faunaya da ciddi zərər verir. GMO ilə mübarizə aparmaq məsələsi o qədər asan məsələ deyil. Çünki GMO özünü büruzə vermir. Hibridləşdirilmiş, peyvənd olunmuş mal adı altında bazara irəliləyir. Güman edirəm ki, Azərbaycanda çox yüksək səviyyədə yetişdirilən qarğıdalılar GMO-dur. Bunlarla mübarizə aparmaq dövlət orqanlarının, gömrük komitəsinin işidir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə