Qrant layihələri gənclər təşkilatının gözü ilə - SORĞU

Qrant layihələri gənclər təşkilatının gözü ilə - SORĞU

5 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarının 15-ci qrant müsabiqəsinə start verib. Bu müsabiqənin əsas məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğ edilməsidi. SİA bu məsələnin aktuallığını nəzərə alaraq gənclər təşkilatının əməkdaşlarının fikirlərini öyrənib.

ATGTİ sədri Pərviz Mirələmli: “Təbii ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ənənəvi olaraq hər il təşkil edilən qrant müsabiqəsinin bu il də pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq elan edilməsi bizləri, ölkənin aparıcı gənclər təşkilatlarını sevindirir, öz fəaliyyətimizi daha motivasiyalı, daha davamlı və effektiv şəkildə qurmağa sövq edir. Onu da qeyd etmək yerinə düşər ki, elan edilmiş qrant müsabiqəsi bir növ dövlətimizin gənclərə, gənclər təşkilatlarına Gənclər Fondu vasitəçiliyi ilə göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir. Qısa olaraq məlumat üçün qeyd edim ki, bu il elan edilmiş qrant müsabiqəsinin əsas məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə və sair oxşar mövzulara yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının fəaliyyətini dəstəkləməkdir. Hər bir gənclər təşkilatı kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq biz də yaradılmış bu fürsətlərdən daim yararlanır, tələbələrimiz üçün onları maraqlandıran müxtəlif növdə və formatda olan layihələrlə gənclər hərəkatının əsas parcası olmağa çalışırıq. Ölkəmizdə koronavirus əleyhinə aparılan tədbirlərin fonunda müşahidə edilən yumşalmadan istifadə edərək, bu yay da İttifaqımız maraqlı layihələrlə tələbələrimizi sevindirəcək, onların yay dövrünü daha da maraqlı və mənalı etməyə çalışacaqdır”.

"Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli: "Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, müasir gənclik vətənpərvər, sağlam düşüncə ilə formalaşır və çoxsaylı uğurlara imza atır. Fondun bütün respublikanı əhatə edən fəaliyyəti nəticəsində gənclər siyasətinin günbəgün inkişafının şahidi oluruq. Hər il Azərbaycan Gənclər Fondunun gənclər siyasətinin əsas prinsiplərini rəhbər tutaraq qrant müsabiqəsi etməsi nəticəsində gənclər təşkilatları tərəfindən minlərlə layihə təklifi təqdim edilir və bunlardan müvafiq dövr üçün ən aktual olanları qəbul edilərək dəstəklənir. Bu səbəbdən 15-ci qrant müsabiqəsində 2020-2021-ci illər üçün önəmli olan məsələlərə - 2021-ci ilin Liderimizin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilməsi və Qarabağa qayıdışla bağlı mövzulara xüsusilə toxunulması Fond tərəfindən atılan təqdirəlayiq addımdır. Öz növbəmdə Fond tərəfindən elan edilən 15-ci qrant müsabiqəsini bir daha alqışlayıram. Düşünürəm ki, Azərbaycan Respublikasının Gənclər Fondunun regionda alternativi yoxdur və bu mütərəqqi ideya digər dövlətlər üçün də tövsiyyə olunan modeldir".

“Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Elşən Qəhrəmanoğlu: "Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 15-ci qrant müsabiqəsi çox mühüm bir hadisədir. Gənclər təşkilatları və gənclər bu müsabiqəni səbirsizliklə gözləyirdilər. Əvvəlki qrantlar zamanı keçirilən layihələr göstərir ki, bu müsabiqələr nəticəsində uğurlu layihələr və istedadlı gənclər ortaya çıxır. Bu dəfəki müsabiqədə Müzəffər Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbəmizin gənclər arasında təbliğinə, qəhrəmanlarımızın tanıdılmasına, Qayıdış prosesində gənclərin iştirakçılığının təmin olunması, həmçinin Nizami Gəncəvi irsinin gənclər arasında təbliği, könüllülüyün inkişafına yönəlmiş layihələrə üstünlük veriləcək. Düşünürəm ki, 15-ci qrant müsabiqəsində də gənclər təşkilatları aktiv iştirak edəcək və bu müsabiqə də öz effektini göstərəcək. Bütün gənclərə və gənclər təşkilatlarına uğurlar!".

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin sədr müavini Həzrət Bədiyev: "Müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, "Qarabağa Qayıdış" prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır. Eyni zamanda yeni elan edilən qrant müsabiqəsi gənclər təşkilatları üçün yeni imkanlar yaradır. Yerli donorla işləmək təşkilata daha asandır. Düşünürəm ki, gənclər təşkilatları öz ideya və təşəbbüslərini irəli sürməkdən çəkinməli deyillər. Bu dəfəki qrant müsabiqəsinin mövzuları da olduqca aktual və faydalıdır. Gənclər təşkilatları fəal iştirak etməli və birgə əməkdaşlığa maraqlı olmalıdırlar. Biz də öz növbəmizdə uyğun istiqamət üzrə layihə təkliflərimizi Azərbaycan Gənclər Fonduna təqdim edəcəyik. Hər kəsə uğurlar arzu edirik".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə