Dava yorğan davasıdır? Mediamızdakı reallıq - ANALİZ

Dava yorğan davasıdır? Mediamızdakı reallıq - ANALİZ

MEDİA-nın mediaya yardımlarından kimlər və niyə narahat olur?

II YAZI

Ötən yazımızda media sahəsindəki vəziyyətə və indiyə qədər mövcud olmuş problemlərə toxunmuşuq. İndi isə bu məkanda baş verən yeniliklərə, görülən işlərə və həllini gözləyən problemlərə toxunacağıq.

Mediaya dövlət yardımından narazı qalanlar

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlandıqdan sonra müsabiqədən keçə bilməyən qəzet və saytların rəhbərləri sosial şəbəkələrdə etirazlarını bildirib.

Lakin bu şikayətlərin, etirazların əsassız olduğu məlumdur. Çünki əvvəla, müsabiqənin şərtləri, tələbləri əvvəlcədən elan olunub və bu şərtlərə və tələblərə daha çox cavab verənlər qalib olub. Qiymətləndirməni də ekspertlər bu meyarlar əsasında aparıb.

İkincisi, ölkədə minlərlə sayt, qəzet olduğu halda, bunların hamısı maliyyələşdirilməli deyil. Dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur. Dövlət medianın inkişafı üçün bəzi yardımlar ayıra bilər və müvafiq instansiya da bu yardımları da kimə gəldi paylamalı deyil. Media tərifinə, jurnalistika tələblərinə uyğun gələnlərə verilməlidir. Yoxsa, ölkədə on minlərlə sayt açılıb, indi hamı desin ki, mən mediayam, mənə pul verilməlidir- bu, düzgün deyil. Tələbin məqsədi medianın inkişafı deyil, şəxsən özlərinin əldə edəcəyi gəlirdir.

Üçüncüsü, bu yardımlar bir dəfəylə başa çatmayacaq. Mərhələli şəkildə elan olunmuş şərtlər və tələblərə cavab verən media orqanları maddi yardımla təmin olunacaq. Nəticədə həqiqi mətbu vasitələrin hamısına yardım olunacaq. Ona görə də, müftə pul uğrunda hay-həşir salmaqdansa, həqiqi media tələblərinə uyğun fəaliyyət göstərmək lazımdır.

MEDİA elan edib ki, müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

Bəs əsas tələblər nədən ibarət idi? Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 kütləvi informasiya dərc etməsi əsas götürülüb, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilib.

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınıb.

Xüsusən narazılıq edənlər internet saytlardır ki, onların da əhəmiyyətli bir hissəsinə yardım ayrılıb. Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət edib, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub. Bu, az qala, müraciət edənlərin yarıya yaxınını təşkil edir. Qalan hissə növbəti dəfələrdə tələblərə cavab verərsə, yardım alacaqlar.

Mediamız hansı kriteriyalarla işləyir?

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin və ekspertlərin fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezonformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin necə verilməsi, ekspert fikrinin alınması, öz şəxsi fikrini oxucuya yeritməmək və s. bu kimi jurnalistika prinsiplərindən xəbərsizdirlər.

Ona görə də, bu saytlarda dərc olunan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.

Çap mətbuatında, nüfuzlu agentliklərdə, xəbər portallarında intellektual və peşəkar jurnalistlər az deyil. Amma, təəssüf ki, bir çox hallarda bu peşəkarların yazdıqları ciddi məqalələr, təhlillər və araşdırmalar “küçə saytlarının” şişirdilmiş, saxta və hay-küylü materiallarının kölgəsində qalır. Çünki oxucuların çoxu ciddi yazıları oxumaqdansa, şou, qalmaqal axtarır. Bu saytlar da da sırf kütləyə hesablanmış dezinformasiyalar, şişirdilmiş materiallar hazırlayıb yayır və bununla həm İP, həm də pul qazanırlar.

Bir çox hallarda sifarişçilər, həmin saytlara, jurnalistlərə şantaj xarakterli yazılar sifariş edirlər. Yaxşı pul müqabilində vicdanlarını arxa plana keçirən “peşəkarlar” qaraya ağ, ağa qara deməkdən çəkinmirlər. Çünki məsyuliyyətə cəlb edilməyəcəklərinə əmindirlər. Nəticədə, media, jurnalistika cəmiyyətdə nüfuzunu itirir.

Bu səbəbdən də, MEDİA bu sahədə vəziyyəti düzəltmək üçün işlər görür, müxtəlif tədbirlər, layihələr həyata keçirir, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır. Ən əsası, ciddi medianı dəstəkləyir ki, onlar saxta medianın kölgəsində qalmasınlar.

Jurnalistlərin sosial vəziyyəti yaxşılaşacaq?

Azərbaycanda son 30 ildə jurnalistlərin sosial vəziyyətinin ağır olması, çətin şəraitdə yaşaması və çalışması heç kimə sir deyil. Sovet dövründə televiziya və mətbuat işçiləri əhalinin yüksək təbəqəsini təşkil edirdilər və sosial təminat cəhətdən əksər qruplara nisbətən üstün mövqedə idilər. Lakin sonralı dövrdə vəziyyət tamamilə bunun əksinədir.

İndi jurnalistlərin sosial vəziyyəti, əməkhaqları ürəkaçan deyil. Bu sahədə çalışanların 80 faizindən çoxunun şəxsi mənzili yoxdur, onsuz da aşağı olan əməkhaqqının yarısı kirayə haqqına sərf olunur. Başqa ölkələrlə müqayisədə Azərbaycan jurnalistləri 5-10 dəfə aşağı maaş alırlar.

Misal üçün, qonşu ölkələrdə- Rusiya, Türkiyə və İranda eyni işi görən jurnalistlər azərbaycanlı həmkarlarından azı 3-5 dəfə yüksək maaş alırlar və bəzi güzəştlərdən də istifadə edirlər. Hətta iqtsadi imkanlar cəhətdən Azərbaycandan 4-5 dəfə zəif olan Gürcüstanda belə media mənsublarının maaşları bizdən 2 dəfə yüksəkdir.

Başqa sözlə, jurnalistləri ölkənin kasıb təbəqəsinə aid etmək olar. Azərbaycanda yaşayış minimumunun 200 manatın üzərində olmasını nəzərə alsaq, ortalama 300-500 manat əməkhaqqı alan jurnalistin ailəsində kirayə xərcini çıxdıqdan sonra adambaşına bu məbləğdən xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

İş o yerə çatıb ki, banklar və mağazalar jurnalistlərə, hətta az məbləğli pul krediti və ya ucuz məişət əşyalarını belə kreditlə verməkdən imtina edirlər.

Son 10 ildə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülüb. Bakıda jurnalistlər üçün ümumilikdə 665 mənzillik 3 böyük yaşayış binası tikilib. Onlardan 2-si (410 mənzil) paylanıb, digər 255 mənzillik bina isə hazırdır və tezliklə qələm əlinə veriləcək.

Əməkhaqqı məsələsinə gəldikdə burada vəziyyət dəyişməzdir. Son 10 ildə dəfələrlə devalvasiya, inflyasiya getsə də, qiymətlər 2-3 dəfə artsa da, jurnalistlərin maaşı yerindən tərpənmir.

MEDİA nələr edir və nələr edəcək?

Bütün bu problemlərə baxmayaraq, son vaxtlar Medianın İnkişafı Agentliyinin fəaliyyətinin mətbuatın inkişafına böyük təkan verdiyi göz qabağındadır. MEDİA həm mediamızın peşəkarlığının artması, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çalışır. Məsələn, redaksiyalara öz əməkdaşlarına ən azı orta əməkhaqqı məbləğində maaş verməyi tövsiyyə edir (bu şərt yardım layihələrində iştirak zamanı nəzərə alınır). Bundan başqa, mütamadi olaraq jurnalistlər arasında yazı müsabiqələri keçirir və hər il bu müsabiqələrdə qalib olan yüzlərlə jurnalist buradan normal maliyyə vəsaiti əldə edir.

Bundan başqa, mətbuatda yazı layihələri üçün pul ayırır və redaksiyalar təqdim etdikləri layihə üzrə 6 ay müddətində həmin mövzuda yazılar hazırlamaqla 20 min manatadək maliyyə alırlar ki, bu da həm həmin mətbu orqanın maddi-texniki bazasının güclənməsinə, həm də jurnalistlərin maaşlarına müəyyən təsir göstərir.

Daha bir problem isə, redaksiyaların işçiləri rəsmi əmək müqaviləsi ilə işlətməməsidir. Əksəriyyəti ictimai əsaslarla çalışmış sayılır, yəni onların əməkhaqqından vergilər və sosial müdafiə fonduna ödənişlər də edilmir ki, bu da o deməkdir ki, onlar gələcəkdə pensiya ala bilməyəcəklər. Yəni, rəsmi olaraq işsizdirlər və bu halda bir çox hüquqlarından bəhrələnə bilmirlər (məsələn bankdan kredit götürə bilmirlər).

Göründüyü kimi, əldə olunan nailiyyətlərlə yanaşı, həllini gözələyən problemlər də var. MEDİA bu məsələlərin də həllinə çalışır və artıq müəyyən addımlar atıb. Şübhə yoxdur ki, bu sahədə mövcuid problemlərin tezliklə aradan qaldırılması mümkün olacaq. Çünki bunun üçün həm dövlət başçısı səviyyəsində siyasi iradə var, həm yeni yaradılmış və peşəkarları işə cəlb etmiş MEDİA-mız var.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə