Yayı necə səmərəli keçirmək olar? - EKSPERTLƏR RƏY VERDİ

Yayı necə səmərəli keçirmək olar? - EKSPERTLƏR RƏY VERDİ

"Elə yerdə istirahət etmək lazımdır ki, koronavirus təhlükəsi baxımından qorxulu olmasın. Yəni istirahət üçün yer seçən zaman ilk öncə təhlükəsizliyin güclü olmasına baxmalıyıq". Bunu SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Əhməd Qəşəmoğlu qeyd edib ki, dövrümüzdə otellərdən başqa rayonlarımızda da kirayə evlər istirahət edən vətəndaşlar üçün təklif olunur: "Bu təhlükəsizlik baxımından da daha səmərəli ola bilər. Çünki, məhdud dairədə ailəvi istirahətin təhlükəsizliyinin təmin olunması daha asandır. İstirahət etmək forması insanların maddi vəziyyətinə görə dəyişir. Maddi imkanı normal olan insanlar müxtəlif bölgələrimizdə müəyyən məbləğdə istirahət edə bilərlər. Maddi imkanı məhdud olan insanlar istirahət üçün məkan seçərkən məsləhət görərdim ki, bir qədər diqqətli olsunlar. Çünki, elə rayonlarımız var ki, burada yaradılan otellər 5 ulduzludur. Burada istirahət edən insanların imkanları geniş olduğu üçün bazarda da qiymətlər baha olacaq. Bəzi yerlər yeni açılıb və insanların axını yoxdur. Bu yerlərdə bazar da müəyyən qədər aşağıdır. Pandemiya dövründə ən çox diqqət təhlükəsizliyin qorunmasına və pandemiya qaydalarına düzgün əməl olunmasına çəkilməlidir. Ölkəmizin hər yerində istirahət zonaları var. Eyni zamanda təbiət baxımından da ölkəmiz olduqca zəngin və gözəldir".

Beynəxalq ekspert Asif İbrahimov isə deyib ki, ötən il bütün dünyada baş verən pandemiya Azərbaycana da təsirsiz ötüşmədi:

"Keçən il pandemiya başlayanda bir çox ölkələr karantin rejmini tətbiq etməyə başladı. Bəzi ölkələrə gediş məhdudlaşdırıldı, bəzi ölkələrə isə ümumiyyətlə dayandırıldı: "Bu vəziyyət əhalinin bütün təbəqələrinə təsir etməyə başladı. İstər maddi tərəfdən, istərsə də mənəvi cəhətdən bu təsirlər görünürdü. Həftə sonları küçəyə çıxmaq yasaqları tətbiq olundu. Eyni zamanda, karantin rejmində rayonlara gediş-gəliş dayandırıldı. Bu xüsusilə insanlara təsirini göstərməyə başladı. Yayda məzuniyyətə gedən əhalinin səmərəli istirahəti vahid prizmadan yanaşılmamalıdır. Bildiyiniz kimi keçən yay karantin rejmi tətbiq olunduqda özəl sektorlar fəaliyyətini dayandırmağa məcbur oldular. Bu insanlarda mənəvi yorğunluq özünü biruzə verdi. Dövlət qurumlarında çalışanlar, xüsusilə də həkimlər, polislər həm mənəvi, həm də fiziki olaraq yorğunluq hiss etdilər. Təbii ki, insanların istirahət ehtiyacı yarandı. Əhalinin bir hissəsi əyləncə mərkəzlərinə üz tutmağa başladılar. Dövlət qulluğunda işləyənlər isə reabilitasiya mərkəzlərinə üz tuturlar. Əhalinin bir hissəsi xarici ölkələrə getməyi planlaşdırırlar. Təbiət və dənizin olması insanlar üçün ən çox seçilən məkanlardır. Maliyyə baxımından isə insanların sosial vəziyyətindən aslıdır. Keçən il sərt karantin rejmi insanlara istirahətin qədrini bilməyi öyrətdi. İnsan üçün istirahət çox mühüm bir mözudur. Belə ki, ilin 11 ayı sərt şəkildə işləmək insanlarda yorğunluq yaradır.

Azərbaycanda turist axını baş verir ki, bunun nəticəsində turizm və iaşə obyektlərində 2 dəfə bahalaşma müşahidə olunur. Bu dövrdə restoran və otellərin xərclərinin artmasının şahidi oluruq. Hər bir insanın istirahət ehtiyacı var. Belə ki, hər kəs öz maliyyə vəsaitinə görə istirahət seçimi etməlidir. Otellərdə qalmaq şərt deyil. Rayonlarda kirayə evlərdə də istirahət etmək mümkündür. Xarici ölkələrə səfərlər isə əvvəlki illərdəki kimi intensiv xarakter daşımayacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə