“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa turizminin 80 faizini daxili turizm formalaşdırır. Bu baxımdan Azərbaycanda da daxili turizmin inkişaf etdirilməsi və turizmin gəlirlərində daxili turizmin rolunun artırılması olduqca vacibdir. Amma bizim apardığımız monitorinqlər göstərir ki, hələ də əksər bölgələrdə qiymətlər yüksəkdir və buna görə də vətəndaşlarımız daxili turizmdən istifadə edə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu baxımdan təklif edilir ki, həm turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi güzəştlər tətbiq olunsun: “Söhbət təbii ki, vergi güzəştlərindən gedir. Eyni zamanda qonşu Türkiyədə ötən əsrin 80-90-cı illərində subserialaşma mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər”.
Vüqar Bayramov sözlərinə belə davam edib: “Eyni zamanda, vacib məqamlardan biri odur ki, sahibkarların özünün süni qiymət siyasəti tətbiq etməməsidir. Çox təəssüf ki, bəzi sahibkarlar, xüsusən də mövsüm dövründə yüksək qiymət tətbiq etməklə daha çox gəlir etməyə çalışırlar. Sahibkarlar çalışmalıdır ki, müştərilərin sayı çox olsun. Nəzərə alsaq ki, pandemiya səbəbindən uzun müddət vətəndaşlarımızın turizm xidmətindən istifadəsində çətinliklər var idi. Daha optimal qiymətlərin təklif olunmasına ehtiyac var ki, daxili turizmə daha çox üstünlük verilsin. Buna görə də, dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da sosial məsuliyyətə uyğun olaraq, daha uyğun qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.
Məsələ ilə bağlı sosioloq Asif Bayramov da münasibət bildirib: “İstər Azərbaycanda, istərsə də digər ölkələrdə cəmiyyətin mənfəət gətirən istənilən sektorunun inkişafını tənzimləyən əsas faktor, başlıca amil azad rəqabət prinsipinin mövcud olmasıdır. Çünki, azad rəqabət tələb qarşısında təklifin həm keyfiyyətcə, həm də kəmiyyətcə çeşidi artırır. Bunun sayəsində xidmət, biznes və digər sektorlar bütövlükdə cəmiyyətin tələblərinə yaxınlaşır”.
“Ölkəmizdə cəmi biznes sektorları daxil olmaqla turizm sektoru da məmur oliqarxların monopoliyasından əziyyət çəkir. Ona görə bu sahədə də istər qiymətlərin, istərsə də xidmətlərin sahəsi hər hansı beynəlxalq elmi meyara yox, bəlli inhisarın, yəni monopolistin şəxsi iradəsinə uyğun müəyyən olunur. Ona görə bu həqiqəti bilən ölkə vətəndaşının qiymətin və xidmətin biri-birinə adekvat olan məkanı, yəni hansısa xarici ölkəni seçməsi olduqca anlaşılandır. Ölkəmizin milli turizm sektorunda mövcud müştəri kontingentinin əsas payını ərəblərin təşkil etdiyini, daha doğrusu ərəblərin təşkil etdiyi təbiidir. Bu turistlərin Azərbaycanda sərgilədikləri davranışların və əxlaqın səviyyəsi az qala hər bir ölkə vətəndaşına məlumdur. Hətta onların ədəb və əxlaqdan kənar davranışları o həddə gəlib çatıb ki, bu problemi deputatlarımız parlament kürsüsünə daşımaq məcburiyyətində qaldılar. Yəni, Azərbaycan turizm sektoru daha çox həmin ərəb turistlərin zövqü səviyyəsindədir. Qərb dünyasının sosial-mədəni standartlarına inteqrasiya kursu seçmiş cəmiyyətimiz üçün isə bu gerçəklik geri sayım, yəni tənəzzül deməkdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB