Karyera, yoxsa ailə? - ARAŞDIRMA

Karyera, yoxsa ailə həyatı deyə bir sual hər zaman insanları düşündürüb, bu mövzu həmişə aktual olub və aktual olaraq da qalır. Bir sözlə, insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də məhz ailə və karyeradır. Heç şübhəsiz ki, karyera insan həyatında çox önəm kəsb edir və ehtimal ki, insanları da seçim qarşısnda qoyan məhz budur. Etiraf edək ki, bu seçimə qarşı yanaşma da fərqlidir və cəmiyyətimizdə insanlar da bununla bağlı fərqli düşüncəyə malikdirlər.

Bəzən karyeraya meylli olan gənclər cəmiyyət qarşısında daha çox problemlərlə üzləşdikləri və bir çöx hallarda qınanıldıqları qənaətindədirlər. Onlar özləri də elə zənn edirlər ki, insanlar, ələlxüsus onları buna görə qınayanlar onları başa düşmürlər. Əslində isə, bu, kifayət qədər individual yanaşmadır və fərdi olaraq hər kəs buna fərqli münasibət sərgiləyə bilər.

Azərbaycanda gənclər hazırda inkişafa çox meyllidir və bu heç də pis deyil. Gənclərin daha çox təhsil almaq, xaricdə öz təhsilini inkişaf etdirmək, karyera qurmaq istəyinin nəyi pisdir? Amma, etriaf edək ki, ailə qurmaqda gecikən, bunu ikinci plana keçirən gənclərə münasibət birmənalı deyil və məhz bu münasibətlər karyera qurmaq istəyən gənclərin qarşısına böyük bir sədd yaradır. Hətta bəzən gənclər öz ailələrinin, qohumlarının belə narazılıqları ilə üzləşirlər. Məsələn, gənclərin valideynləri istəyirlər ki, övladları tez ailə qursunlar, ailə-uşaq sahibi olsunlar və əlbəttə ki, bu da anlaşılan, başadüşüləndir.

Gənclərin karyeraya, yoxsa ailə qurmağa üstünlük verdiyini SİA olaraq araşdırmaq qərarına gəldik və bununla əlaqədar gənclərə müraciət etdik. Təbii ki, müsahiblərimizin hər biri öz yanaşmasını ortaya qoydu və fikirlərini bizə bildirdi. İlk ölaraq Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi Ayşən Sadıxzadə öz fikirlərini bizimlə bölüşdü.

“Məncə ailə qurmaq üçün tələsmək lazım deyil. Çünki, bu tələskənlik yalnış qərar verməyə səbəb ola bilər. İnsan müəyyən qədər özünü dərk etməli, məsuliyyətlərini anlamalı daha sonra ailə qurmaq haqqında düşünməlidir. Hal-hazırda mənim 20 yaşım var və düşünürəm ki, mənim üçün ailə qurmaqdan daha önəmli amil kariyeradır. Məncə, xüsusilə də qızlar öz ayaqları üzərində durmağı bacarmalıdır. Bu çox vacibdir. Bəzi ailələr də var ki, övladlarını, xüsusilə də qızlarını erkən evlilik üçün məcbur edirlər. Bu cəhətdən çox şanslıyam. Bu gün qızların əksəriyyəti kariyera və ailə arasında seçim problemi ilə qarşılaşır. Kariyeranın isə bir sıra müsbət və mənfi tərfləri var. Mənfi odur ki, boş vaxt demək olar ki olmur, dostlarla, ailə ilə əlaqə kəsilir və insan nisbətən ruhən yorulur. Həmçinin, düşünürəm ki, karyeralı xanımlar daha özgüvənli və baxımlı olur. Amma ən önəmlisi işlə ailəni qarışdırmamaqdır. Yəni, işə daha çox vaxt ayırıb ailəyə qarşı məsuliyyətsizlik etmək də düz deyil. Tarazlığı qorumaq lazımdır”, deyə A.Sadıxzadə fikirlərini bildirdi.

Daha bir müsahibimiz, Slavyan Universitetinn məzunu Şəbnəm İsgəndərova da fikirlərini bizimlə paylaşdı və maraqlı bir yanaşma ilə fərqləndi.

“Karyera insanin hayatinda arzuladiqlarına çatmağin yoludur, deyə düşünürəm. Ailə isə insanı var edən, həyatda həmişe güvənib irəliləyə biləcəyi kiçik bir dovlətdir. Karyeranı həmişə qurmaq mümkündür. Ailə isə həyatda əlimizə düşən tək şansdir. Karyera insanı maddi cəhətdən hər hansı bir pilləyə gətirə bilər, lakin ailə həm maddi, həm mənəvi cəhətdən insanə yüksəklərə apara bilər. Ailə insana səmimiyyət mehribanliq və digər insani xüsusiyyətləri aşılaya bilər və insana həyat pəncərəsini ən gözəl formada ailə aça bilər”, deyə Ş.İsgəndərova fərqli bir yanaşma sərgiləyib.

Rəyi soruşulanlar içərisində Bakı Dövlət Universitetinin tələbəsi Arzu Qurbanzadə karyera qurmaq istəyənlərin problemlə üzləşdiyini vurğulayıb. O, bəzi valideynlərin öz övladlarının təhsil almalarına qəsdən şərait yaratmadığını da qeyd edib.

“Azərbaycanda gənclər inkişafa çox meyllidir. Fikrimcə, karyera insan həyatında daha çox önəm kəsb edir. Ona görə də bugünkü gənclər buna daha çox önəm verirlər. Amma, karyeraya meylli olan gənclər daha çox cəmiyyət qarşısında bəzi problemlərlə üzləşirlər, sanki qınaq mənbəyinə çevrilirlər. İnsanlar onları başa düşmürlər. Həmçinin ailə üzvləri də başa düşmək istəmirlər. Elə valideynlər var ki, uşaqlarının, xüsusən də qızlarının təhsil almaları üçün qəsdən şərait yaratmırlar. Onlar övladlarından gənc yaşda, tez bir şəkildə ailə qurub uşaq sahibi olmağı tələb edirlər. 17-18 yaşındakı bir qız nə başa düşür axır ailə qurmaq, evlənmək nə deməkdir?”, deyə A.Qurbanzadə sual edib.

Digər bir müsahibimiz, UNEK-in dördüncü kurs tələbəsi Ülkər Orucova fikirlərini bizimlə bölüşüb və vurğulayıb ki, karyera quraraq ailəyə dəstək olmaq ailənin daha sağlam olmasına imkan verir.

“Mümkün qədər çalışmalı, kariyeramızı ilk öncə qurmalı və ən azından öz ayaqlarımızın üzərində durmağı bacardıqdan sonra ailə həyatı qurmalıyıq. Çünki günümüzdə vəziyyət getdikcə çətinləşir. Təhsilimizi almalı və işimizi qurmalıyıq. Əgər biz 11 il əziyyət çəkib universitetə qəbul olmuşuqsa, əsaslı səbəb olmadan niyə yarımçıq qoyaq? İlk öncə işləməli, qazanmağı öyrənməli və daha sonra ailə qurmalıyıq. Ən əsas səbəblərdən biri isə sabah başımıza nə gələcəyin bilmirik. Məncə ailə qurduqdan sonra yoldaşımızdan pul istəmək yerinə özümüz qazansaq və ailədə bir-birimizə dəstək olsaq, ailə daha sağlam olar”, deyə Ü.Orucova düşündüklərini dilə gətirib.

Məsələnin hər zaman aktuallığını, insanların seçim qarşında qaldığını, ən azından bu məsələnin, bu sualın insanları düşündürdüyünü nəzərə alaraq, bu barədə fikirlərini bildirməsi üçün Jurnalist Ekspert Mərkəzinin sədri, sosioloq Ceyhun Musaoğluna müraciət etdik. Mərkəzin sədri bildirdi ki, heç də karyeranı ailəyə, yaxud ailəni karyeraya qurban verməyə ehtiyac yoxdur və həyatımızda hər ikisinə paralel olaraq yer ayırmaq mümkündür.

“Əslində, ailə və karyera məsələsi 10-15 il bundan qabaq daha aktual idi və illər keçdikcə, dünya daha da müasirləşdikcə, Azərbaycan da buna uyğunlaşdıqca, görürük ki, ailəni karyeraya, ya da karyeranı ailəyə qurban vermək nə mental dəyərə, nə də dədə-baba qaydalarına uyğun gəlmir və birini digərinə qurban vermək olmaz. Bir sözlə, hər şeyin öz yeri var. Yəni, ailənin öz yeri var, karyeranın öz yeri. Ailə həyatının karyeraya niyə mənfi təsiri olmalıdır? İnsan ailə qura, bir neçə gündən sonra işinə çıxıb işini davam etdirə bilər və burda heç bir maneə yoxdur. İnsan əgər alimdirsə belə, ailə həyatı qurandan sonra gedib öz tədqiqat işini götürüb onunla məşğul ola bilər. Ailə qurduqdan sonra qarşı tərəfin buna imkan və ya icazə verib-verməyəcəyi artıq tamam başqa məsələdir. Yaxud, nəzərə alına bilər ki, məsələn, kişilər ailə qurduqdan sonra işinə başı qarışıb ailə qayğılarını unuda bilərlər. Amma niyə axı belə olmalıdır? Birincisi, əgər ailədə tərəflərdən biri karyera qurursa, işləyirsə, bir addım da qabağa getmək istəyirsə, özünü cəmiyyətdə özünü sübut etmək istəyirsə, bunun müqabilində əmək haqqı alırsa, evin, ailənin iqtisadi məsələlərini həll edirsə, ailə büdcəsinə də bununla gəlir gəlirsə, qarşı tərəf buna niyə imkan verməməlidir? Məncə bunlar ikisi də paralel olmalı, ikisi də bir-birinin davamı olmalıdır. Bir-birinə hörmət edən ailədə tərəflərdən biri digərini karyera qurmamağa məcbur edə bilməz. Bunların hər ikisi vacibdir, ikisi də mütləqdir və nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, bunlar paralel olaraq bir yerdə həyata keçə bilsinlər. Çünki, ikisi də müqəddəs bir işdir”, deyə Ceyhun Musaoğlu bildirib.

Araşdırmanın nəticəsi olaraq belə bir qənaətə gəlirik ki, həqiqətən də insanlar karyera, və yaxud ailə həyatı qurmaq kimi seçim etmək məcburiyyətində qalmamalıdırlar. Çünki, hər ikisini eyni zamanda həyata keçirmək mümkündür və biri digərinə mane ola bilməz. Əlbəttə ki, karyera da, ailə həyatı da insan həyatında vacib məsələlərdəndir. Bu baxımdan ailə qurmağı karyeraya, karyeranı da ailə qurmağa qurban verməyə ehtiyac yoxdur. Yaşamaq da, yaratmaq da hər kəsin haqqıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə