Paytaxt sakinləri öz asudə vaxtlarını necə keçirir? - ŞƏHƏRDƏ SORĞU

Orqanizmin təbii vəziyyəti - fəaliyyətdir. Bu müddəa həm bütün orqanizm, həm də hər hansı orqan və hüceyrə üçün qüvvədədir. Lakin fəaliyyət olan yerdə istirahət etmək zərurəti də yaranır. Əmək və istirahət bir-biri ilə möhkəm bağlıdır, necə deyərlər, bir medalın iki üzüdür. Bəs paytaxt sakinləri öz asudə vaxtlarını necə təşkil edirlər. SİA paytaxt sakinlərinin fikirlərini öyrənib.

Paytaxt sakini Akif İsmayılov: “İstirahət üçün çox vaxt Azərbaycanın rayonlarına üz tuturam. Qəbələ rayonu, Oğuz rayonu, ümumiyyətlə dağlıq bölgələr və digər rayonlarda istirahət etməyə çalışıram. Amma onu deyə bilərəm ki, vətəndaşlar üçün otel qiymətləri çox bahadır. Vətəndaşlar istirahətə gedərkən otel əvəzinə daha az ödənişli kirayə evlərdən istifadə edə bilərlər”.

Paytaxt sakini Nazim Məmmədov: “Bu yaxınlarda Quba rayonunda ailəmlə istirahət etdim. Ümumilikdə Azərbaycanımızın hər bir guşəsi çox gözəldir. Hər rayonun özünəməxsus havası var. İstirahət üçün otellər biz vətəndaşların büdcəsinə görə çox bahadır. Mən də orada ailəmlə qalmaq üçün evlərini kirayə verən kəndlilərdən ev kirayələyib qaldım. Otel qiymətlərindən çox narazıyam. Bununla bağlı aidiyyatı qurumlardan tədbir görülməsini xahiş edirəm”.

Paytaxt sakini Selin Nəsirova: “Yay aylarında vətəndaşlar çox zaman dəniz kənarına üz tutur. Mən də rayonlara və ya ölkədən kənara istirahətə gedə bilməyəndə dəniz kənarına üz tuturam. Çox zaman “Seabrezz”, “Amburan” və ya “Mayak” kimi dəniz sahillərində istirahət edirəm. Qiymətlər də fikrimcə çox münasibdir. Ümumiyyətlə “Seabrezz”də çox zaman endirimlər, aksiyalar olur. Hətta keçən həftə də vətəndaşlar üçün giriş ödənişsiz idi".

Paytaxt sakini İbrahim Əliyev: “Biz bu yaxınlarda Qəbələdə istirahətdə olduq. “Qafqaz Resort” oteldə dincəlirdik. Qiymət olaraq da son 2-3 ildə əvvəlki qiymətlərlə çox fərq var. Yəni turist azlığını nəzərə alaraq, otel sahibləri qiymətlərdə çox endirim ediblər. Digər bir istirahət mərkəzlərimizdən biri də Oğuz rayonunun "Xalxal" istirahət mərkəzidir. Oralar da çox gözəl yerdir. Mən bu il orada da istirahətdə oldum. İnşallah fikrim var ki, bir daha "Xalxal"da istirahət edim”.

Paytaxt sakini Qurban Əsgərov: “İstirahət üçün pandemiya ilə əlaqədar olaraq ölkə xaricinə gedən vətəndaşlarımızın sayı çox azalıb. Vətəndaşlarımızın bir çox hissəsi ölkə daxilində gözəl, görməli rayonlarımıza səfər edirlər, rayonlara səfər edə bilməyənlər isə Bakı ətrafı istirahət mərkəzlərinə, dəniz sahillərinə üz tutmağa çalışırlar. Amma onu da deyə bilərəm ki, pandemiya ilə əlaqədar olaraq ictimai nəqliyyat həftə sonları işləmir və şəxsi maşını ola bilməyənlər dəniz sahillərinə gedə bilmirlər. Ödənişlə bağlı isə onu deyə bilərəm ki dəniz sahillərində bir çox məkanlar özəl məkanlar olduğuna görə, ödənişlidir. Düzdür dövlətimiz tərəfindən ödənişsiz çimərliklər var. Amma orada da insan çoxluğunu nəzərə alsaq, xəstəliyə yoluxma riski olduğundan özəl məkanlara üz tuturuq. Amma özəl məkanlarda da bisetkalar 15 manatdan başlayır və əlavə digər məsrəflər olarsa, 15 manatın üzərinə gəlir. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyindən lazımi tədbirlərin görülməsini istəyirəm”.

Paytaxt sakini Nəzrin Əhmədova: “Azərbaycanın çox gözəl istirahət bölgələri var. Həm vətəndaşların büdcələrinə, həm də istirahət etməsinə görə, çox uyğun bölgələrimiz var. Mən də bu il İsmayıllının Lahıc kəndində istirahətdə oldum. Həm büdcə baxımından ucuz olduğuna görə, həm də görməli yerləri çox gözəl idi. Vətəndaşlara xoş istirahətlər arzulayıram”.

Paytaxt sakini Əbülfəz Quliyev: “Mən Azərbaycanımızın hər bir guşəsini gülüstan sayıram. Ölkəmizin görməli yerləri həqiqətən çoxdur. Artıq bizim gözəl guşələrimiz olan Şuşa, Cəbrayıl və digər rayonlarımızda işğaldan azad olunub. Ümid edirəm ki yaxın zamanlarda biz oralara gedib, istirahət edəcəyik. Qiymət baxımından isə fikrimcə münasib deyil. Çünki bir gecə qalmaq üçün normal otellərin qiyməti minimum 100 manatdan başlayır. Yəni onun yerinə kirayə evlərdə qalmaq daha sərfəlidir”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə