Müsabiqədən kimlərsə narazı qala bilər amma... - BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

Müsabiqədən kimlərsə narazı qala bilər amma... - BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

Bildiyimiz kimi Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektləri arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri məlum olub. SİA qaliblərdən bəzilərinin müsabiqə ilə bağlı fikirlərini öyrənib:

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid: “Uzun müddət söhbət gedirdi ki, informasiya texnologiyalarının inkişafı sahəsində artıq yeni media yaranıb və yeni media qanunu hazırlanır. Veb-saytlara da dövlətin maliyyə dəstəyi barədə müzakirələr aparılıb. Elə düşünürəm ki, Medianın İnkişafı Agentliyinin bu dəfəki müsabiqəsi reallığa uyğun keçirildi. Hər halda indi yeni qanun qəbul olunmaq ərəfəsindədir və onun müzakirəsi gedir. Yeni qanunda ümumiyyətlə, “Jurnalist kimdir?” eyni zamanda “Audiovizual media”, “Audiovizual Media Şurasının yaradılması” və “Veb-saytlara dəstək olunması” kimi müxtəlif bölmələr var. Birinci məqam budur ki, vaxtilə KİVDF yarananda da, mən demişdim ki, bu, yazılı mətbuatın sıradan çıxmasının qarşısını almaq üçün dövlətin xeyirxah dəstəyi idi. Medianın İnkişaf Agentliyi bunu nəzərə alaraq ənənəvi yazılı mediaya dəstək olmağa davam edir. Eyni zamanda da təbii ki, artıq media öz formasını dəyişir. Yeni veb-saytlar və audiovizual media yaranır. Bu mənada qəzetlər də artıq gələcəkdə öz formasını dəyişərək bütünlükdə elektron versiyaya keçəcəklər. Bu baxımdan indiki addım real şəraitdə ən optimal variantdır. Müsabiqədən kimlərsə narazı qala bilər. Çünki, indi jurnalist və media adına iddia edən çoxdur. Çoxlu birnəfərlik saytlar var və bunların hamısını çeşidləyib razı salmaq mümkünsüzdür. Amma hesab edirəm ki, bu addım çox qənaətbəxşdir. Gələcəkdə də ciddi media adına iddia edənlərin yəqin ki, dövlət tərəfindən dəstəyi davam olunacaq. Burada xüsusi məqamlardan biri audiovizual mediaya nəyin aid olması, bunların televiziya yaxud veb-sayt olması barədə müzakirələr gedir. Bu da zamanla aydınlaşacaq”.

“7news.az” xəbər portalının baş redaktoru Səbuhi Abbasov: “İlk olaraq onu qeyd edim ki, müsabiqə və onun şərtləri öncədən elan olunmuşdu. Biz bir sıra media nümayəndələri ilə müsabiqə haqqında müzakirələr apardıq. Hər kəs belə qənaətə gəldi ki, müsabiqə şərtləri kifayət qədər məsuliyyətli, yumuşaq, əlçatan və obyektivdir. Bu mənada bizim redaksiya da müsabiqəyə qatılmağa qərar verdi. Tam səmimiyyətimlə deyirəm ki, Medianın İnkişafı Agentliyi müsabiqədən sonrakı dönəmdə bizimlə yalnız bir dəfə əlaqə saxlayıblar, o da müsabiqə şərtlərinə uyğun olaraq bizim qrafikimizi analiz etmək üçün olub. Biz nə kiməsə xahiş etdirməmişik, nə kimisə vasitəçi kimi araya salmamamışıq, nə də qalib olmaqla bağlı hər hansı əlahəddə müraciətimiz olmayıb. Yalnız və yalnız müsabiqə şərtlərinə uyğun olaraq sənədləri təqdim etmişik. Müsabiqənin nəticələrinə baxdıqda gördüm ki, 39 sayt maliyyələşib. Onların arasından bir neçəsi idman saytı, digərləri isə ictimai-siyasi saytlardır. Saytların demək olar ki, hər birinin fəaliyyətinə bələdəm. Orada olan redaksiyaların illərdir ki, izləyicisiyəm. Mən xatırlayıram ki, bizim redaksiyaya qarşı müsabiqədə qalib gələn bir neçə saytlar var ki, onlar ümumiyyətlə həmin müsabiqələrə belə yaxın buraxılmayıb və bütün imtiyazlardan kənarda qalıblar. Bizim redaksiyadan jurnalistlərə tikilmiş bina üçün iki dəfə müraciət edilsə də, birbaşa KİVDF rəhbərliyi birbaşa mənim özümə demişdi ki, “nə qədər ki, mən KİVDF-nin sədriyəm sizə buradan mənzil verilməyəcək. Həmçinin müsabiqələrdə də eyni münasibəti görürdük. Düzdür, biz bunun səbəbini bilmirdik. Açığı, o səbəbə heç köklənmək də istəmirdik və öz işimizi davam etdirirdik. Yəni, heç kimdən nəysə ummurduq.

Ancaq, bu gün Medianın İnkişafı Agentliyinin sözün əsl mənasında həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Prosesi xüsusi edən odur ki, son 20 ildir Azərbaycan mediasına milyonlarla vəsait xərclənib və bəlkə də dünyanın heç bir ölkəsində olmayacaq dərəcədə Azərbaycan mediasına maliyyə vəsaiti ayrılıb. Bu maliyyə vəsaiti cənab Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının təzahürü idi. Cənab Prezidentin bir nömrəli məqsədi ondan ibarət idi ki, demokratik cəmiyyət quruluşunda demokratik cəmiyyət quruculuğu yolu keçən Azərbaycanın azad, şəffaf, obyektiv və inkişaf etmiş mediası olmalıdır. Təbii ki, bir qalib ölkənin rəhbəri ən azı Avropa səviyyəsində bir neçə media quruluşunun olması ilə maraqlı idi və mediaya dəstək olmaqda tək məqsəd o olub ki, Azərbaycan mediası inkişaf edərək dünya mediası səviyyəsinə qalxsın, eyni zamanda Azərbaycanda peşəkar jurnalistlər yetişsin. Təəssüf ki, bunlar son 20 ildə istənilən səviyyəyə çatmamışdı. Ayrılan vəsaitlər medianın inkişafına deyil, şəxsi maraqların təminatına xərclənmişdi. Təsəvvür edin, 20 ildən də artıq davam edən müddətdə böyük bir xaotik mühiti Medianın İnkişafı Agentliyinin qısa zamanda düzəltməsi mümkün deyil. Bunu onlardan gözləmək də insafsızlıqdır. Bu mənada Medianın İnkişafı Agentliyi həm Türkiyə mütəxəssisləri ilə birlikdə, həm digər mümkün resurslar vasitəsilə Azərbaycanda mövcud situasiyanı təhlil edir. Yalnız bu təhlildən sonra Azərbaycanda medianın inkişafı ilə bağlı müəyyən zəruri addımlar atılması nəzərdə tutulur. Bu müsabiqə, eyni zamanda jurnalistlər arasında keçirilən məqalə müsabiqəsi, müəyyən qurumlar və təşkilatlarla həyata keçirilən tədbirlər, xüsusi olaraq ADA universitetində keçirilən beynəlxalq təlimlərin hamısının Azərbaycanda sağlam medianın formalaşmasını situmullaşdırır və Azərbaycanda jurnalistlər ordusunun yaradılması ilə nəticələnəcək. Bu mənada mən düşünürəm ki, müsabiqə ətrafında manipulyasiya etmək bir növ Azərbaycan media islahatlarına kölgə salma cəhdləri kimi dəyərləndirilməlidir. Bu cəhdlərin islahatlar prosesinə təsiri olmayacaq. Çox çətin keçid mərhələsindəyik və bu mərhələni ləyaqətli şəkildə yekunlaşdırmalıyıq”.

“Sfera.az” saytının baş redaktoru Ozal Məmmədov: “Media İnkişafı Agentliyinin son müsabiqəsi bir neçə baxımdan diqqət çəkdi. Əvvəla, bu, onlayn mediaya ilk dövlət dəstəyi idi ki, bu addımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, əhatə dairəsinə və ictimai rəyə təsirini getdikcə daha da artıran onlayn media yaradılmış bu fürsətdən öz inkişafı üçün yararlana biləcək. Digər tərəfdən isə müsabiqənin elan olunduğu gündən qaliblərin müəyyənləşməsinə qədər olan prosesin aşkarlıq və şəffaflıq şəraitində keçirilməsi xüsusi qeyd edilməlidir. Təbii ki, kənarda qalan bir sıra redaksiyaların narazılığı başadüşüləndir. Hətta ən ideal müsabiqə şərtlərindən də kimlərinsə narazı qalması gözləniləndir. Həm də unutmaq lazım deyil ki, bu ilk dəfə idi. Növbəti müsabiqələrdə isə layihənin daha çox saytı və agentliyi əhatə edəcəyini düşünürəm. Prosesi yüksək qiymətləndirirəm və ümid edirəm ki, bu Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək".

“Azvision” saytının baş redaktoru Vüsal Məmmədov: “Media çox həssas bir sahədir. Ona görə də onun tənzimlənməsi üçün həqiqətən də incə siyasət və taktika yürütmək lazımdır. Məsələ ondadır ki, media bir tərəfdən yaradıcılıqdır, bir tərəfdən istər-istəməz ideologiyadır. Yəni, xəbər siyasətini ideologiyasız təsəvvür etmək olmaz. Üçüncü tərəfdən isə media cəmiyyətin inkişaf etməli olan bir sahəsidir və həmişə cəmiyyətin inkişafının avanqardında olmalıdır. Buna da təbii ki, maliyyə lazımdır. Bu üçünü balanslaşdırmaq çox vaxt çətin olur. Yəni, jurnalistika həm ortaya yaradıcılıq qoysun, həm cəmiyyətə, dövlətə lazım olan düzgün ideoloji xətt üzrə getsin, həm də inkişaf üçün maliyyə əldə etsin. Bu yerdə həqiqətən dəstək lazımdır. Xüsusən də, bu dəstək elə olmalıdır ki, cəmiyyət üçün əhəmiyyətli, ictimai-siyasi çəkiyə malik, inkişaf etməsi cəmiyyətə lazım olan media orqanlarına dəstək verib seçmək lazımdır. Etiraf edək ki, bu çox çətin missiya idi və MEDİA Agentliyi bunun öhdəsindən gəldi. Təbii ki, istənilən halda müzkirələr də, mübahisələr də olacaqdı. Çünki, aydındır ki, ölkədə media sferası həddindən artıq genişdir. Bunların arasından isə doğru seçim etmək çətin iş idi. Çox düzgün kriteriyalar müəyyən etmək lazım idi. Amma düşünürəm ki, media hər halda ən doğru kriteriyaları seçib. Bunun nəticələrini media sferasındakı dəyişikliklərdə görəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə