Maşın bazarında niyə durğunluqdur və qiymətlər od tutub yanır? - EKSPERT İRAD BİLDİRDİ

Maşın bazarında niyə durğunluqdur və qiymətlər od tutub yanır? - EKSPERT İRAD BİLDİRDİ

"Avtomobil bazarında hazırda vəziyyət mövsümlə əlaqədar olaraq dəyişir. Çünki taksi xidmətinə cəlb olunan bir çox avtomobillər var ki, hansı ki, onlar köhnə avtomobillərdir və həmin avtomobillərin kondisioner sistemi yoxdur, təhlükəsizlik elementləri yoxdur. Belə olduqda insanlar artıq müştəri yığa bilsinlər deyə öz avtomobillərini dəyişməyə məcbur olurlar". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, digər tərəfdən ölkədə köhnə avtomobillərin yığışdırılması prosesi gedir: “İnsanlar ona görə də imkan olduqca avtomobillərini qismən yeniləməyə çalışırlar. Beləliklə ara-sıra avtomobil bazarında canlanma, ara-sıra da durğunluq müşahidə edilir. Çox təəssüf ki, bu gün bizim avtomobil bazarlarını alverçilər idarə edir. Onlar qiyməti qaldırırlar, endirirlər. Bazarda gah canlanma yaradırlar, gah da durğunluq.

Durğunluq ona görə yaranır ki, alqı-satqı aşağı düşür. Bu zaman onlar bəzi insanların əlində olan maşınları ucuz qiymətə alırlar. Bazarda canlanma ona görə yaranır ki, alverçilər həmin aldıqları maşınları düzəldirlər, kosmetik dəyişikliklər edirlər və daha sonra satışa çıxarırlar. Bazarı onlar idarə edirlər. Qiyməti qaldıran da onlardı, aşağı salan da. Amma ümumilikdə bu gün avtomobil bazarında durğunluq o qədər də müşahidə olunmur. Yəni bazarlarda alqı-satqı var. Pandemiyanın təsiri tam aradan qalxmayıb, amma bu gün artıq ikinci əl avtomobillərə daha çox böyük maraq var. Bu baxımdan düşünürəm ki, bazarlarda vəziyyət o qədər də acınacaqlı deyil. Sadəcə ara-sıra süni qiymət artımları müşahidə edilir. Bu Azərbaycanda avtomobil bazarları dövlət tərəfindın tənzimlənmədiyinə görədir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə