Ermənistana təcavüzkar siyasətindən əl çəkməsi üçün son şans verildi - ANALİZ
Xəbər verdiyimiz kimi, "Böyük səkkizliyin" sammiti çərçivəsində Fransanın Dovil şəhərində ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti bəyanat imzalanıb. Bəyanatda Azərbaycan və Ermənistan rəhbərləri əhalini sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa dəvət olunub. Prezidentlərin imzaladığı sənəddə, həmçinin, ABŞ, Rusiya və Fransanın razılaşma əldə olunduqdan sonra həll prinsiplərini rəsmi qəbul etdiklərini bəyan etməyə, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, onun həyata keçirilməsinə beynəlxalq dəstək verməyə hazır olduğu da bildirilir. Sənəddə, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu ilin martında keçirilən Soçi görüşündə müzakirə olunan prinsiplərin sülh nizamlanması üçün ədalətli və balanslaşdırılmış əsas yaratdığı vurğulanır. Xatırladaq ki, Soçi görüşündə imzalanan bəyanatda hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəlmişdilər. Soçi bəyanatında tərəflərin bütün mübahisəli məsələlərin sülh yolu həllində və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk qrupunun himayəsi altında və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarı olduğu vurğulanır. ATƏT-in Minsk qrupuna sədrlik edən bu üç ölkə rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzaladıqları əvvəlki bəyanatlarda da münaqişənin sülh yolu ilə, Minsk qrupunun təklifləri əsasında həllini üstün tutmuşdular. Budəfəki bəyanat isə Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək görüşü öncəsinə təsadüf edib. Bu baxımdan, sözügedən bəyanatı prezidentlərin Kazan görüşünə hazırlıq kimi də dəyərləndirmək olar. Prezidentlərin bəyanatı Azərbaycan siyasi dairələri və ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı həmsədr ölkələrin iyunda keçiriləcək sammitdə konfliktin həlli prinsiplərinin tam hazırlanmasının vacibliyini bildirməsini münaqişənin həllinə dair müddətin göstərilməsi baxımından müsbət hal kimi dəyərləndirib: "Bu onu göstərir ki, həmsədr ölkələr bu problemin bölgə üçün nə qədər təhlükəli olduğunu anlayır və qəti mövqe ortaya qoyaraq, əslində təcavüzkar Ermənistanı kompromisə sövq etməyə çalışırlar". M.Qurbanlının fikrincə, ABŞ, Rusiya və Fransa prezidentlərinin bu qətiyyətli mövqeyi Ermənistanın təcavüzkar mövqeyindən geri çəkilməsi ilə nəticələnəcək. O, həmçinin bildirib ki, bu bəyanat münaqişənin həllinə təkan verə bilər. Azərbaycanın əraziləri işğal altındadır və danışıqların aparılması Ermənistana təcavüzkar siyasətindən əl çəkməsi üçün vaxtın verilməsi deməkdir: "Vaxt isə Ermənistana verilir. Çünki Azərbaycanın ərazisi işğal olunub. Ermənistan kompromis və sülhə sövq edilir".
Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə deyib ki, iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşə təkcə biz yox, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər, onların prezidentləri böyük əhəmiyyət verir. O, hər üç ölkə prezidentinin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb: "Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm Minsk Qrupu həmsədrlərinin, həm də beynəlxalq ictimaiyyətin əsas tələbi - regiondakı status-kvonun dəyişdirilməsi istəyi reallaşsın. Status-kvonun dəyişdirilməsi münaqişənin həllində birinci mərhələnin, yəni Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq və müəyyən bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacaq".
Ümumiyyətlə, heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionda müharibə təhlükəsini artırmaqdadır. ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını həm də bu təhlükənin yaratdığı narahatlığın göstəricisi də hesab etmək olar. Tərəflərin mövqeyinə gəlincə, rəsmi Bakı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi, bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün imkanlarından istifadə edir. Bu baxımdan, Ermənistanın Azərbaycanı məsələnin həllini uzatmaqda ittiham etməsi tamamilə əsassızdır. Çünki ən azından məsələyə məntiqi cəhətdən yanaşdıqda da, ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən bir dövlətin konfliktin həllini istəməməsi absurd görünür. Bu gün Azərbaycana qarşı yönələn əsassız ittihamlar isə beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq ordusunu işğal etdiyi torpaqlardan çıxarmaq istəməyən, münaqişənin həllinin uzanmasından istifadə edərək zəbt etdiyi əraziləri talan edən, həmin bölgəyə erməni əhalisini məskunlaşdıran Ermənistanın antisülh siyasətinin tərkib hissəsidir. Bu səbəbdən, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatı konkret məsələlərin müzakirəsindən yayınan, müntəzəm olaraq danışıqların gedişatına mənfi təsir göstərən fikirlər səsləndirən Ermənistan rəhbərliyi üçün ədalətli mövqeyə çağırışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB