2 iyul Azərbaycan Polisi Günüdür. Ümummilli Lider Heydər Əliyevin imzaladığı məlum Fərmanla hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Xatırladaq ki, Azərbaycan Respublikası Daxili Qoşunlarının əsası hələ 1919-cu ildə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daxili qoşun hissələri bir qayda olaraq SSRİ DİN-in tərkibinə verilmişdir. Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilmişdir.Hər kəsə bəllidir ki, Azərbaycan polisinin fəaliyyəti dövlət və xalq üçün əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona layiqli qiymət vermişdir. Azərbaycan polisinə olan diqqət və qayğı Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün tədbirlər həyata keçirilib.
Polis əməyinə verilən qiymət
Hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldub. Son 18 ildə dövlət başçısı tərəfindən xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin 2 iyul tarixli sərəncamları ilə xidmətdə fərqlənən bir qrup əməkdaşı orden və medallarla təltif edilib, xüsusi rütbələrə layiq görülüblər. Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları dövlət başçısının Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "İgidliyə görə" medalı ilə təltif olunublar. "Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncama əsasən, nazirliyin bir neçə zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Prezidentinin "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən ediləcək.
Bu, onların əməyinə verilən qiymətdir. Azərbaycan polisi cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyandır. Vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qoruyandır. Bu gün Azərbaycan polisi insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində mühüm rola malikdir.İstənilən vəziyyətdə respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqa zidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB