Son illərin "cırıq şalvar” modası gənclər arasında əsas trendlərdən biri olsa da, cəmiyyətimizdə bununla bağlı fikirlər müxtəlifdir. Mövzu ilə bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Paytaxt sakini Hacı Səfərli: "Ümumiyyətlə cırıq və yaxud sökük şalvar heç vaxt geyinməmişəm. Amma geyinənlərə də pis baxmıram. Hər kəsin düşüncə azadlığı geyim seçimi var. Buna görə də, hər bir halda cırıq şalvar geyinən insanlara hörmətlə yanaşıram".

Paytaxt sakini Səadət Mustafayeva: "Müasirliyin əleyhinə deyiləm. Amma müasirlik o demək deyil ki, insanlar mütləq cırıq şalvar geyinməlidir. Azərbaycan xalqının mentalitetinə uyğun geyinməlidirlər. Müasir, gözəl geyinsinlər. Amma cırıq şalvarı müasirlikdən hesab etmirəm. Mənim iki uşağım da tam ali təhsillidirlər. Amma heç biri cırıq şalvar geyinmir".
Paytaxt sakini Yusif Rəcəbəliyev: "Sökük, cırıq şalvar geyinən insanlara pis baxmıram. Çünki mən də cırıq şalvar geyinirəm. Ailəm də cırıq şalvar geyinməyimə heçnə demir. Məncə, hərənin öz şəxsi fikri, düşüncəsi var. Müasir dövrdür".
Paytaxt sakini İlahə Xanməmmədova: "Cırıq şalvar geyinmirəm. Amma geyinənə də pis baxmıram. Çünki hər kəs azaddır. Düşünürəm ki, hər kəs öz zövqünə uyğun geyinməlidir. Bunda bir problem görmürəm".
Paytaxt sakini Səttar Məmmədli: "Cırıq şalvarı sevmirəm və geyinmirəm. Fikrimcə, hərənin öz düşüncəsi, öz dünya görüşü var. Yəni necə istəyirlərsə, elə də geyinə bilərlər. Amma, cırıq şalvar geyinməsələr daha yaxşı olar".
Paytaxt sakini Sara Əliyarova: "Gənclərin cırıq şalvar geyinməsinə çox pis baxıram. Uşaqlarıma da cırıq şalvar geyinməyə icazə vermirəm".

Paytaxt sakini Cəlil Kazımlı: "Sözsüz ki, hər kəsin öz şəxsi düşüncəsi var. Cırıq şalvar geyinən qızlara pis baxmıram. Amma ki, oğlanlara cırıq şalvarı yaraşdırmıram. Özüm də cırıq şalvar geyinməyi sevmirəm".
Paytaxt sakini Adəm Pənahəliyev: "Çox cırıq şalvarla az söküyü, cırığı olan şalvarın arasında fərq var. Ən çox xanımlar çox cırığı olan şalvar geyinirlər. Biz müsəlman ölkəsində yaşayırıq. Namaz qılan, ibadət edənlər var. Ona görə də, çox cırığı olan şalvar geyinmək, çox qısa geyinmək düzgün deyil".
Paytaxt sakini Sona Məmmədova: "Cırıq şalvar geyinənlərə çox pis baxıram. Özlərini iyrənc yerə qoyublar. Cırıq şalvar geyinənləri görəndə 5 metr uzağa qaçıram. Ailə üzvlərim də cırıq şalvar geyinmir".
Paytaxt sakini Yavər Əlizadə: "Cırıq şalvar dəbdədir. Hər kəs də geyinir. Cırıq şalvar geyinənlərə pis baxmıram. Amma mən geyinmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB