Polislər vətəndaşların gözü ilə - SORĞU-VİDEO

Polislər vətəndaşların gözü ilə - SORĞU-VİDEO

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. SİA asayişimizin keşiyində dayanan polislərimiz haqqında paytaxt sakinlərinin fikirlərini öyrənib.

Paytaxt sakini Orxan Abbasov: “Polislərimizin peşə bayramını təbrik edirəm. Onlara uzun ömür, işlərində uğurlar arzulayıram. Mənim babam da keçmiş polis əməkdaşı olub. Hal-hazırda təqaüddədir. Polis əməkdaşları həqiqətən istər pandemiya dövründə, istərsə də 2-ci Qarabağ döyüşləri zamanı çox çalışıblar. Bir daha bütün Daxili İşlər Nazirliyinin əməkdaşlarının peşə bayramını təbrik edirəm”.

Paytaxt sakini Əzizə Ağamirova: “Əziz polislərimizi təbrik edirəm. Polislərimizin çəkdiyi zəhmət həqiqətən çox qiymətlidir. Pandemiya dövründə bizim asayişimizi qorumaq üçün çox əziyyət çəkiblər, polislər arasında virusa yoluxma halları digər vətəndaşlardan qat-qat çox idi. Amma buna baxmayaraq, onlar işlərinin öhdəsindən layiqincə gəldilər. Bir daha mən də öz adımdan bütün polis işçilərimizin bayramını təbrik edirəm”.

Paytaxt sakini Çingiz Əliyev: “Öz adımdan və polisin fəaliyyətinə qiymət verən hər bir vətəndaş adından polislərin bayramını təbrik edirəm. Onu deyə bilərəm ki, polis peşəsi çox çətindir. Gecələri, gündüzləri olmur. Biz vətəndaşlar üçün çalışan polislərimiz bəlkə də ailələri ilə çox zaman keçirə bilmirlər. Bəzən olur ki, vətəndaşlarımız polislərimizə sərt reaksiyalar verirlər amma vətəndaşlar onu da anlamalıdırlar ki, onlar bizim asayişimizi qorumaq üçün lazımi tədbirlər görürlər. Bir daha bayramlarını təbrik edirəm”.

Paytaxt sakini Elton Əsgəroğlu: “Bu gün mənim üçün sevindirici gündür. Çünki mən özüm də keçmiş polis işçisi olmuşam. Hal-hazırda təqaüddəyəm. Bu vəzifə həqiqətən həm çətin, həm də çox şərəflidir. Mən də öz adımdan keçmiş həmkarlarımı, hal-hazırda polis orqanlarında çalışan bütün əməkdaşları təbrik edirəm, onlara işlərində uğurlar arzu edirəm”.

Paytaxt sakini Şəlalə Xələfli: “Polislərin peşə bayramını təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram. İstəyərəm ki, vətəndaşlarımız polislərimizə qarşı daha açıq düşüncəli olsun, onların gördükləri işlərə qiymət verməyi bacarsınlar və polislərimizə dəyər versinlər. Əgər biz normal həyat yaşayırıqsa, özümüz və ailəmiz rifah halında yaşayırsa bu polislərimizin sayəsindədir. Bir daha bütün polislərimizin bayramını təbrik edirəm”.

Paytaxt sakini Oktay Şamil: “Polislərimiz hər zaman bizi qoruyub, istər sovet dövründə, istərsə də müstəqilliyimiz dövründə bizim hüquqlarımızın tapdalanmasının qarşısını alıb. Mən bu yaxınlarda bir məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət elədim. Başda nazirimiz olmaqla bütün əməkdaşlar bu məsələyə çox ciddi yanaşdılar və ən qısa zamanda məsələnin həlli yolu tapıldı. Polis asayişin hər zaman keşiyindədir. Öz işini bilən, bacarıqlı polislərimizin sayı həddən artıqdır. Mən bütün polislərimizin bayramını təbrik edirəm, onlara uzun ömür arzulayıram”.

Paytaxt sakini Fazil Qafarov: “Allahdan bizim polislərimizə uzun ömür can sağlığı arzu edirəm. Həqiqətən də polislərimiz qoyulan qanunlara layiq işlər görürlər. Bunun da təcəssümündə Azərbaycan Respublikasında hər zaman əmin-amanlıq, sakitlik olub. Pandemiya dövrünü yada salaraq, onu deyə bilərəm ki, polislərimiz həmin dövrdə öz vəzifələrini uğurla icra ediblər. Bir daha başda daxili işlər nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarının peşə bayramını təbrik edirəm”.

Paytaxt sakini Ruziyya Abdullayari: “Azərbaycan polislərini peşə bayramını təbrik edirəm. İşlərində müvəffəqiyyətlər arzulayıram. Pandemiya dövründə və Qarabağ döyüşləri zamanı polislərimiz vətəndaşlara çox kömək etdilər. Pandemiya dövründə qoyulan məhdudiyyətlərə məhəl qoymayan vətəndaşlara polislərimiz tərəfindən düzgün qərarlar qəbul edilərək qayda pozuntusu edən şəxslər barəsində müəyyən tədbirlər gördülər. Polislərimiz olmasa biz şəhərdə gözəl və səmərəli zaman keçirdə bilmərik. Bir daha bütün polislərin bayramı mübarək olsun".

Paytaxt sakini Marim Mustafayev: “Mən özüm də keçmiş polis işçisi olaraq bütün polis əməkdaşlarının peşə bayramını təbrik edirəm. Polislərimiz həqiqətən də çox zəhmətkeş və ayıq-sayıqdır. 1-ci Qarabağ müharibəsi zamanı polislərimiz də döyüşlərdə iştirak edib. Bizim polis olan şəhidlərimiz də var. Allahdan onlara rəhmət diləyirəm. Polislərimiz olmasa biz bu gün belə gözəl bir mühitdə yaşaya bilmərik. Bir daha polislərimizin bayramını təbrik edirəm”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə