Eynək seçərkən diqqətli olun - HƏKİM AYDINLIQ GƏTİRDİ

Eynək seçərkən diqqətli olun - HƏKİM AYDINLIQ GƏTİRDİ

“İnsanlar gün eynəyi seçərkən ilk növbədə şüşənin keyfiyyətinə fikir verməlidirlər. Çünki şüşə maksimum dərəcədə ultrabənövşəyi şüalardan qorumalıdır. Bu da şüşənin sertifikatında öz əksini tapmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim oftalmoloq Samirə Hüseynli deyib.

Onun sözlərinə görə, insanlar eynək alarkən sertifikatlı eynək almalıdırlar: “Sertifikatda da ultrabənövşəyi şüalardan hansı faiz dərəcəsində qurulması göstərilməlidir. Bu 50% maksimum 80% dərəcəsində göstərilməlidir. Ümumiyyətlə ultrabənövşəyi şüaların nə dərəcədə qorumasını göstərən sertifikatı tələb etməlidir. O ki, qaldı şüşələrin seçiminə təbii ki, orqanik şüşə və polaroid yəni polarizə olunmuş şüşələr seçə bilərlər. Polarizə olunmuş şüşələrin satışını təşkil edən optikalarda xüsusi testləri var. Həmin testlərlə eynəyin polarizə olunmuş şüşə olduğunu aşkar etmək olar. Mütləq şüşənin ölçüsünü, çərçivəsini, üz quruluşuna uyğun olub-olmadığını müəyyən etmək lazımdır. Gün eynəyinin çərçivəsi geniş olmalıdır. Çünki eynək gün şüalarından nə qədər maksimum sahədə qorumuş olarsa, bir o qədər göz ətrafı dəri xərçəngi ehtimalını azaltmış olar”.

Samirə Hüseynli həmçinin qeyd edib ki, ultrabənövşəyi şüalardan qorunmaq ilk növbədə gözün bülluru və gözün torlu qişası üçün çox önəmlidir: “Əgər, şüşə keyfiyyətsiz olarsa, həmin eynək qara fon yaradaraq bəbəyin daha da genəlməsinə səbəb olur ki, bu da gözün daha çox ultrabənövşəyi şüaları udmasına səbəb olur. Ona görə də, insanlar mütləq sertifikatlı ultrabənövşəyi şüalardan qoruyan eynək almalıdırlar. Daha keyfiyyətli mağazalardan almağa üstünlük verməlidirlər, hansılar ki, onlar eynəklə birlikdə sertifikatını da təqdim edirlər. Rəng seçimi edərkən tünd qəhvəyi rəngli, sarı, yaşıl rəngli şüşələrə üstünlük verilməlidir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə