Qiymət artımı və sosial ədalət prinsipi

Qiymət artımı və sosial ədalət prinsipi

Tarif Şurasının qərarı aztəminatlı əhali kateqoriyasına təsir etməyəcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iyunun 30-da keçirilən iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarda dəyişikliklər edilib. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində “və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri” sözləri çıxarılıb və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilib: Bu qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Əhali üçün 1200 m3-dək qaz qiyməti 10 qəpikdə saxlandı

İyunun 30-da Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək, ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abunəçilərin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abunəçisi üzrə istehlak həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

Aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılması nəzərdə tutulur.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Əhalinin mənafeyinə toxunacaq heç bir qərar qəbul edilməyib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin sözlərinə görə, əvvəldən ödənişli sayğaclar üzrə gələn həftədən etibarən, mexaniki sayğaclar üzrə isə 10 iyul tarixinə qədər sayğacları oxuduqca prosesə başlanılacaq: "Mexaniki sayğaclar üzrə ayın 10-na qədər əvvəlki tariflərdən istifadə edəcəksiniz. Əvvəldən ödənişli sayğaclarda isə proqram təminatı üzrə ayın 10-a kimi dəyişiklik olacaq. Növbəti aydan etibarən isə artıq iyul ayında işlədilən qaz həcmi yeni tarifdə ödəniləcək”.

İqtisadçı ekspert Elmir Səfərli qazın qiymətinin artmasının hər kəsə təsir etməyəcəyini vurğulayıb: "Yəni qazın qiymətinin artması bütün əhaliyə təsir göstərməyəcək. Ümumi olaraq analiz etsək görərik ki, əhalinin təxminən 80-85% hissəsi 2500 kub metrə qədər, 50-55% hissəsi isə 1200 kub metrə qədər qaz istehlak edir. Bu o deməkdir ki, ortalama olaraq əhalinin yalnız 30-35% hissəsi artıq qaz istehlak xərclərini artırmış olacaq. Bu, pandemiyadan sonrakı iqtisadi dövrdə əhalinin ailə büdcəsinə təsirsiz ötüşməyəcək".

O, qiymət dəyişiminin əhalinin alıcılıq qabiliyyətinə, məhsulların qiymətinə necə təsir edəcəyinə də toxunub: "Tarif Şurası kənd təsərrüfatı və sənaye sahələrinə verilən təbii qazın tarifini dəyişdirmədən 20 qəpik səviyyəsində saxladı. Bu qərar böyük kənd təsərrüfatı və sənaye obyektlərinə şamil edilir. Misal üçün istixanalara, fermalara və s. Bu səbəblə ümumi kənd təsərrüfatı və sənaye məhsullarının qiymətlərinə böyük təsir olmayacaq. Düşünürəm ki, yalnız kiçik kənd təsərrüfatı ilə məşğul olan şəxslər, xüsusi ilə fərdi ailə təsərrüfatı ilə məşğul olanlara müəyyən təsirlər olacaq. Yəni yalnız ailə təsərrüfatında istehsal olunan məhsulların maya dəyərinin qalxmağının şahidi ola bilərik".

Göründüyü kimi, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Və bu gün hay-küy salanlar bilməlidirlər ki, əhalinin mənafeyinə toxunacaq heç bir qərar qəbul edilməyib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə