"“Mən intihar edirəm” videosu çəkib sonra canlarına qəsd edirdilər - ŞOK - PSİXOLOQ VƏ SOSİOLOQ DANIŞDI
“Ümumiyyətlə, son zamanlar intiharlarla bağlı müzakirələr, müsahibələr və video görüntülər üstünlük təşkil edir. Sanki, intihar bu gün əsrin bəlasıdır. Daxili və xarici aqressiyadan əziyyət çəkən insanların sonu intihardır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, intiharların yaşı da fərqli mövqedədir: “Əvvəllər daha çox orta yaşlı və yaxud yeniyetmələr intihar edirdilərsə, bu gün ahıl yaşlı insanlarda bu hallar özünü göstərir. Bu da ailə, məişət, şəxsin özünün özü ilə olan prolemləri, şəxsiyyətin formalaşmasında qarşılaşdığımız problemlərdən irəli gəlir. Həmçinin, psixoloji cəhətdən həssas və zəif insanlar sosial şəbəkədə, eləcə də real cəmiyyətdə gedən müzakirələri, intiharlarını gördükdə çıxış yolu kimi bunu görməyə başlayırlar”.
Psixoloq sözlərinə belə davam edib: “Yəni, bunlar virus şəklində yayılır. Bildiyimiz kimi, informasiya və sosial şəbəkə dövrüdür. Böyükdən-kiçiyə hər kəsin sosial şəbəkə hesabı var. Artıq sosial şəbəkələr həyatımızın bir hissəsidir. Nəticədə, intiharlar özünü qabarıq şəkildə göstərir. Bu da sosial şəbəkədən qaynaqlanır. Xatırlayırsınızsa bir ara sanki dəb halını alırmışcasına öncədən “mən intihar edirəm” videosu çəkib sonra canlarına qəsd edirdilər. İndi isə hündür mərtəbədən özünü atmaq tendensiya olub. Cəmiyyət maariflənməlidir. Sözlərimizə və ətrafımızdakı insanlara diqqət etməliyik. Empatiya bacarığımızı yüksək tutmalı və insanları dinləməyi öyrənməliyik. Çünki, insanlar dinlənilmədiyi üçün intihar yolunu seçir”.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu da münasibət bildirib: “Konkret olaraq onu deyə bilərəm ki, hər bir insanın istənilən davranışında, o cümlədən də intiharda 4 mühüm amil rol oynayır. Bunlardan birincisi insanın öz şəxsi, psixoloji, mənəvi keyfiyyətləridir. İkincisi mühit və mühitdə baş verən proseslərdir. Üçüncüsü insanın aldığı informasiyalar, dördüncüsü isə üstünlük verdiyi dəyərlərdir. Əgər intiharın qarşısını almaq istəyiriksə, bu istiqamətdə informasiya vasitələrinə ciddi diqqət etməliyik. Bu cür məlumatların geniş yayılmasının qarşısı alınmalıdır”.
Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: “Mənəvi dəyərlər insanı həmişə intihardan qoruyur. Bu dəyər zəiflədikdə isə, insanın intihara meyli çoxalır. İntihara ən çox təsir edən iki mühüm faktor var: insanın sabaha inamı və insanın bu günkü cəmiyyətdə özünü təsdiq etməsi. Yəni, insan bilsə ki, 1 həftə sonra onu işıqlı dünya gözləyir, onda intihar fikrindən daşınır. Təsdiq məsələsinə gəldikdə isə, bütün bu səbəblərdən gənclərin təhsilinə, işlə təmin olunmasına və hər hansı bir ciddi işlə məşğul olması məsələsinə diqqət vermək lazımdır. Bu cür insanları intihara meylləndirən videoları yayanlara qarşı məhdudiyyət qoymaq lazımdır. Həmçinin, belə adamlar ictimai qınağa tutulmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB