"Delta ştammı" ölkəmizə gəlsə... - SOS SİQNALI - HƏKİMDƏN AÇIQLAMA

"Delta ştammı" ölkəmizə gəlsə... - SOS SİQNALI - HƏKİMDƏN AÇIQLAMA

“Koronavirusun "Delta+ ştammı" ilk dəfə Hindistanda 2020-ci ilin sonunda aşkar olunsa da, sürətlə yayılaraq 80-a yaxın ölkədə aşkar edilib. Azərbaycanda bu sahədə vaxtında aparılmış əks-epidemik tədbirlər sayəsində bu cür yolxucu ştammların yayılmasının qarşısı alınıb. "Delta ştammı" "Britaniya ştammı" ilə müqayisədə daha sürətli yolxuculuq qabiliyyətinə malikdir. Dünya alimlərinin fikrincə, "Delta+ ştammı"nın yoluxdurma əmsalı Britaniya ştammının yoluxdurma əmsalından 40 faiz çoxdur. "Delta+" bu cür güclü yoluxdurma qabiliyyətini koronavirusun çıxıntı şəkilli zülalındakı baş verən mutasiya nəticəsində insan bədəninin hüceyrəsinin ACE2 reseptoru ilə daha asan şəkildə birləşməsi ilə əlaqələndirirlər. Bu ştamma yoluxmuş insanlarda daha çox baş ağrısı, boğaz ağrısı, burun axması və temperaturun yüksəlməsi kimi şikayətlər müşahidə edilir, öskürək və iybilmənin itməsinə isə çox nadir hallarda təsadüf oluna bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov deyib.

Həkimin sözlərinə görə, Delta ştammına yoluxanlarda ağırlaşma və hospitalizasiya halları Britaniya və digər ştammlar ilə müqayisədə olduqca yüksəkdir ki, bu da öz növbəsində səhiyyə sistemləri üçün çoxsaylı ölüm və misilsiz çətinliklərə səbəb ola bilər: “Mütəxəssislər indiyədək olduğu kimi, yeni virus ştammlarından qorunmaq məqsədi ilə sosial məsafə, təmasların azaldılması və gigiyena tədbirlərini gözləməyi tövsiyə edirlər. Ümümdünya Səhiyyə Təşkilatı bildirib ki, hazırda təsdiqlənmiş və ya hazırlanmaqda olan COVID-19 peyvəndlərinin yeni virus variantlarına qarşı qorumanı təmin edir, buna görə də virusdakı dəyişikliklər və ya mutasiyalar vaksinasiya prosesini təsirsiz hala gətirməməlidir. Bu peyvəndlərdən hər hansı birinin bir və ya bir neçə varianta qarşı daha az təsirli olduğunu sübut edən elmi dəlillər aşkar edildiyi təqdirdə, bu variantlardan qorunmaq üçün peyvəndlərin tərkibini dəyişdirmək mümkün olacaq”.

T.Cahangirov vurğulayıb ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilib: “Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Çox sevindirici hallardan biri də ondan ibarətdir ki, əhalinin COVID-19 əleyhinə vaksinasiya prosesi də müvafiq səhiyyə müəssələrində yüksək səviyyədə təşkil olunub. Digər ölkələrlə müqayisədə Azərbaycanda COVID-19-a bağlı yoluxma və ölüm sayı yüksək deyildir. Lakin bu fakt vətəndaşlarımızın arxayınlaşmasına əsas verməməlidir. Belə ki, pandemiya tam aradan qaldırılmadığı üçün müvafiq əksepidemik qaydalara riayət olunması çox vacibdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə