Azərbaycan Respublikasının Dövlət Gömrük Akamediyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovanın SİA-ya müsahibəsini təqdim edirik:
- Dövlət Gömrük Akademiyası necə yaranıb? Akademiyanın fəaliyyəti nədən ibarətdir?
- Dövlət Gömrük Komitəsinin Akademiyası 2012-ci il yanvar ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılıb. Bu akademiyanın yaradılmasında əsas məqsəd gömrük xidməti üçün yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasıdırAkademiya fəaliyyətini bir neçə istiqamətdə qurur: “Belə ki, bizdə həm bakalvr, həm magistr, həm də Gömrük Xidməti əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə ixtisas artırma təlimləri keçirilir. Bu ixtisas artırma təlimləri çərçivəsində isə Gömrük Xidmətinə işə qəbul olan əməkdaşlar üçün ilkin xidmətə hazırlıq təlimləri təşkil olunur. Akademiyanın yaradılmasında əsas məqsədlərdən söz açarkən, onu qeyd etməliyik ki, Gömrük Xidməti ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyada dinamik, sürətlə inkişaf edən və yeniliklərə açıq olan bir sahədir. Bu baxımdan da Gömrük Xidmətində çalışacaq əməkdaşların peşəkar, yüksək səviyyəli, müxtəlif xarici dillərə yiyələnən, eyni zamanda öz peşə səriştələrini daim öz üzərində işləyərək inkişaf etdirən əməkdaşlar olmalıdırlar. Bu baxımdan akademiyanın fəaliyyəti məhz bu sahələr üzrə fokuslanıb. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyada və Azərbaycanda pandemiya ilə bağlı vəziyyət dəyişdi. Nəticədə, biz artıq karantin rejimi ilə üz-üzə qaldıq. Bəzən hətta sərt karantin rejimi tətbiq olunmağa başladı. Bütün dünyada olduğu kimi Azərbaycan ali təhsil müəssisələri də tədrisi məsafədən, distant və onlayn təşkil etmək qərarında oldular. Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan ali təhsil müəssisələri içərisində ilk olaraq distant təhsilə keçid edib. Demək olar ki, mart ayından dərslər onlayn təşkil olunub.
- Dövlət Gömrük Komitəsi Akademiyasında hansı onlayn tədbirlər keçirilib?
- Pandemiya dövründə əyani tədbirlər keçirmək mümkün olmadı. Buna baxmayaraq, statistikaya nəzər salsaq, İctimaiyyətlə Əlaqələr Şöbəsi olaraq biz həmin tədbirlərin bir çoxunu mediada işıqlandırmışıq. Statistikaya baxsaq deyə bilərik ki, pandemiya dövründə Dövlət Gömrük Komitəsinin Akademiyasında kifayət qədər tədbirlər keçirilib və beynəlxalq səviyyədə konfranslar olub.
- Akademiyada hansı ixtisaslar tədris olunur?
- Dövlət Gömrük Komitəsi Akademiyası yaradılarkən 2014 - 2015-ci ildə ilk tədris ilinə başlayıb və həmin ildə bizdə cəmi iki ixtisas olub. İkinci ixtisas qrupu üzrə iqtisadiyyat, üçüncü ixtisas qrupu üzrə hüquqşünaslıqdır. Son illər akademiyada aparılan geniş islahatlar nəticəsində biz xeyli inkişaf etdik və 1-ci ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi ixtisasına qəbul aparmışıq. Bu ildən isə 1-ci ixtisas qrupu üzrə informasiya texnologiyaları ixtisasına qəbul aparılır. Bundan başqa 2-ci ixtisas qrupu üzrə keçən tədris ilindən bizə yeni bir ixtisas da əlavə olunub: Beynəlxalq Ticarət və Logistika. Hazırda 2-ci ixtisas qrupunda iqtisadiyyat, beynəlxalq ticarət və logistika ixtisasına qəbul aparılır. 3-cü ixtisas qrupu üzrə isə hüquqşünaslıq ixtisasına qəbul aparırıq. Eyni zamanda 2019-2020-ci tədris ilindən akademiyada ilk dəfə olaraq magistratura səviyyəsinə qəbul aparılır.
- Maraqlıdır, bəs Akademiyanın təşkil etdiyi onlayn dərslər və ixtisaslara tələbələrin, valideynlərin marağı necədir?
- Biz həm tələbələrdən, həm də valideynlərdən çoxsaylı müraciətlər qəbul edirik və ümumiyyətlə Azərbaycan gəncliyində gömrük orqanlarına qarşı böyük maraq var. Bizi seçən, bizim akademiyanın ixtisaslarına sənəd verən tələbələrin sayı ildən-ilə artır. Ümumiyyətlə Azərbaycanda gömrük sahəsində aparılan islahatlar, yeniliklər, görülən işlərin nəticəsi, eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi də bu sahədə aparılan yeniliklərdir. Həmçinin, valideynlərin də əksəriyyəti tərəfindən bizə müraciətlər daxil olur və onlar çox böyük maraq göstərirlər. Qeyd edim ki, pandemiya dövrü olmasına baxmayaraq, bizim akademiyada hər zaman tələblər və onların valideynləri ilə mütəmadi görüşlər keçirilir. Pandemiya dövründə biz bu görüşləri “Zoom” platforması üzərindən aparırdıq və həmin görüşlərdə Akademiyanın rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzov özü şəxsən o valideynləri dinləyir və onları maraqlandıran sualları cavablandırır.
- Faiz nisbəti götürdükdə Akademiyanın neçə faizini oğlanlar və qızlar təşkil edir?
- Biz tələbələrin sayında oğlan və qız uşaqları götürsək, bu 60-40 səviyyəsi arasında dəyişir. Lakin 2019-2020 tədris ilini götürsək, orda qız tələbələrin sayı 27-30 faiz, oğlan tələbələri isə 70 faizə yaxın idi. Gömrük Xidmətində ümumiyyətlə, xüsusilə xanımların işə qəbulu ilə bağlı son illərdə geniş işlər aparılır. Pandemiyadan öncə xanımlar üçün müsabiqə təşkil olunmuşdu. Onlar Gömrük xidmətində işlə təmin olunmuşdular və dediyim kimi gömrük sahəsi çox spektrli, çox geniş, dinamik sürətlə inkişaf edən elmi- texniki yeniliklərə açıq olan bir sahədir. Bu baxımdan bura valideynlərin də, tələbələrin də böyük bir marağına səbəb olur. Xüsusi gömrük formasına maraq göstərən tələbələrimiz də olur ki, onların arzusu Gömrük xidmətində çalışmaq və bu akademiyanın formasını daşımaqdır.
- Biz bilirik ki, müxtəlif güc strukturlarında bəylərimizlə bərabər xanımlar da birgə fəaliyyət göstərirlər. Onlar üçün gömrükdə işləmək çətin deyilmi?
-Bilirsiniz ki, Gömrük xidməti də hüquq-mühafizə orqanı sayılır. Ümumiyyətlə güc strukturunda çalışmaq istəyən şəxslər, qadın-kişi olmasından asılı olmayaraq qayda - qanunla çalışır. Eyni zamanda bu fərdi olaraq bir xarakter məsələsidir. Gənclərimizin çoxunun arzusu bu formanı geyinməkdir. Çətinlik baxımından ümumiyyətlə həyatda asan bir şey yoxdur. Gömrük xidmətində çalışmaq həm də bir şərəfdir. Azərbaycan Respublikasının Gerbi əks olunmuş geyimi daşımaq, bu hər bir Azərbaycan vətəndaşı üçün böyük bir fəxrdir. Ona görə də Gömrük xidməti orqanlarında çalışan bütün əməkdaşlar üçün bu formanı geyinmək, Azərbaycan dövlətini təmsil edən simvolları, atributları daşımaq fəxrdir, qürurdur. Ona görə də işin çətinliyi gözə görünmür və biz Azərbaycan Respublikasına ləyaqətlə, şərəflə xidmət edirik.
- Onlayn tədris prosesində biliklərin qiymətləndirilməsi ilə bağlı akademiyada hansı addımlar atılıb?
- Ümumiyyətlə, pandemiyadan öncə də, əyani tədris dövründə də akademiyada imtahanlar elektron formada həyata keçirilirdi. Gömrük sistemində elektron idarəetmə sistemi mövcuddur. Eyni zamanda, akademiyada da elektron idarəetmə və elektron tədrisdən istifadə edirdik. Pandemiyadan öncə keçirdiyimiz imtahanlar da elektron formada təşkil olunurdu və tələbələr üçün imtahan suallarını hətta komputer özü paylaşdırır. Hazırda da Dövlət Gömrük Akademiyasında imtahan sessiyası davam edir. Biz bu dəfə imtahanları pandemiya ilə bağlı qərara aldıq ki, əyani şəkildə həyata keçirək. Burada sosial məsafə, tələbələrin imtahandan öncə temperaturlarının ölçülməsi, otaqların havalandırılması və hər imtahandan sonra otaqların dezinfeksiyası və s. nəzərdə tutulur. Hazırda imtahanları hər otaqda 10-12 nəfərdən artıq tələbə sayı olmamaq, sosial məsafə qorunmaq şərti ilə əyani şəkildə keçiririk. Bir məsələni də qeyd edim ki, Dövlət Gömrük Komitəsinin Akademiyası olaraq, ümumiyyətlə Azərbaycanda ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq bir layihə həyata keçirdik. Bu, pandemiya dövründə onlayn tədrisin təşkilinə həsr olunmuşdu.
- Karantin dövründə tələbələriniz təhsildən kənar fəaliyyətlərini necə qurublar?
- Pandemiya dövrü təkcə tələbələrimizi təhsildən kənar saxlamadı. Eyni zamanda bir sıra sosial fəaliyyətlərdə məhdudiyyət yarandı. Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri pandemiya dövründə də sosial fəaliyyətlərini davam etdirdilər. Həmçinin, Azərbaycanda aparılan bir sıra sosial layihələrə dəstək oldular. Məsələn, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eyni zamanda gənclərin siyasəti, fəaliyyəti ilə bağlı qurumların təşkil etdiyi sosial layihələrdə bizim tələbələrimiz iştirak etdilər. Sərt karantin dövründə bir sıra layihələr olmuşdu. Məsələn, yaşlılara yardım, hansısa sosial fəaliyyətlər və s. Bizim tələbələrin bir çoxu könüllülük prinsipi əsasında bu fəaliyyətlərə qoşulmuşdular. Hazırda könüllü gömrük dəstəsində akademiymızın 60-dan çox tələbəsi təmsil olunur.
- Ümumiyyətlə beynəlxalq müstəvidə hansı işlər görmüsünüz?
- Akademiyanın beynəlxalq əlaqələri bizim üçün prioritet bir istiqamətdir. Gömrük sahəsində olan yenilikləri, beynəlxalq fəaliyyətlə bağlı platformada gedən müzakirələrdən akademiya heç vaxt geri qalmır. Bizim Rusiya Gömrük Akademiyası, eyni zamanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının gömrük xidmətləri ilə geniş əlaqələrimiz var. Həmçinin biz Daşkənd Gömrük İnstitutu ilə onlayn təlimlər keçirdik.
- Ümumiyyətlə sizin akademiyada İSO sertifikatı ilə bağlı yenilik tətbiq olunub. Bu sistemdə nələr nəzərdə tutulur?
- Akademiyada təhsilin, tədrisin yüksək səviyyədə, idarəetmənin keyfiyyətin yüksəldilməsi bizim vacib işlərimizdən biridir və bu istiqamətdə xeyli işlər aparılıb. Bu istiqamətdə türk standartları institutu ilə əməkdaşlıq edirik. Türk standartları institutunun Azərbaycan nümayəndəliyi bizim akademiyada olub. Biz akademiya olaraq keyfiyyətli idarəetmə sertifikatını İSO 9001 - 2015 sertifikatını əldə etmişik. Bu keyfiyyətli idarə sistemidir. Bu sertifikatı əldə etməyimiz bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz İSO sertifikatını bu istiqamət üzrə alan Azərbaycanda 3-cü ali təhsil müəssisəsiyik və müştəri məmnuniyyəti üzrə işlər aparırıq.
- Pandemiya dövründə Azərbaycan 44 günlük müharibədən sonra parlaq qələbə çaldı. Bu dönəmdə akademiya öz fəaliyyətini hansı istiqamətdə qurmuşdu?
- Bəli, bildiyimiz kimi 2020-ci il çox mürəkkəb və bizim üçün də çox gözəl bir il oldu. 44 günlük Vətən savaşında müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bizim şanlı ordumuz bizi 30 ildən sonra öz torpaqlarımıza qovuşdurdu. Olduqca böyük bir qələbədir və dövlətimizin apardığı bu siyasəti hər zaman dəstəkləyirik.
- Azərbaycan mediasının bugünkü durumunu necə dəyərləndirmək olar?
- Bizim mediamız bu gün islahatların içərisindədir. Uzun illər mediamız bir qədər başqa istiqamətdə fəaliyyət qurmuşdu. Media daha çox inkişafa və daha çox tənqidə məruz qalan bir sahədir. Bugün mediamız sosial media platforması üzərindən daha aktiv şəkildə inkişaf edir. Ənənəvi medianın qalıb-qalmayacağı məsələsi hətta bizdə deyil, Avropanın özündə və bir çox ölkələrdə müzakirə olunur. Mən deyərdim ki, bu gün bizim mediada çox böyük işlər görülür. Bu yaxınlarda Medianın İnkişafı Agentliyinin təsis olunması, həmin agentliyin apardığı işlər bizim ümidlərimizi doğrultmağa doğru gedir.
- Özfəaliyyətinizi də media ilə əlaqələrin qurulmasında uğurlu sayırsınızmı?
- İctimaiyətlə Əlaqələr Şöbəsi yeni yaranmış bir qurumdur. Akademiyamız özü yenidir və yaşı azdır. Qeyd edim ki, 10 yaşı olacaq. Şöbəmiz isə 2018- ci ildə yaradılıb və biz işimizi sıfırdan başlamışıq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB