MEDİA və ADA-nın birgə keçirdiyi seminarlara media kapitanlarının - BAXIŞI - SORĞU

MEDİA və ADA-nın birgə keçirdiyi seminarlara media kapitanlarının - BAXIŞI - SORĞU

Müxtəlif media qurumlarının rəhbərləri Medianın İnkişafı Agentliyi ilə ADA-nın birgə keçirdiyi treninq-seminarlardan danışıblar. Onlar bu seminarların medianın inkişafı yoluna verəcəyi töhfələrdən bəhs edib və treninqlər zamanı müzakirə olunan bir çox məsələlərə aydınlıq gətiriblər. SİA müxtəlif media qurumlarının rəhbərləri ilə etdiyi sorğunu təqdim edir:

“Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə həyata keçirdiyi treninq-seminarların artıq bir aya yaxındır ki, davam etdiyini deyib: "Ölkənin tanınmış müxtəlif media seqmentlərini təmsil edən media rəhbərləri bu seminarlarda iştirak edir, fikir mübadilələri aparırlar. Həmin treninqlərin məqsədi hər kəsin bildiklərini öyrətmək, bilmədiklərini öyrənmək, öz biliklərini daha da zənginləşdirməkdir. İndiki şəraitdə müxtəlif media seqmentlərinin mövcud dünya informasiya məkanında üstün və zəif cəhətlərini təhlil etməyə geniş ehtiyac var. Məsələn, müasir media informasiya təminatı şəraitində çap mediasının hansı üstünlüklərə, hansı zəif cəhətlərə malik olması, üstün cəhətlərini necə inkişaf etdirmək lazım olduğunu, medianın başqa seqmentləri olan onlayn media, audiovizual media, televiziyaların bu gün hansı üstün və zəif cəhətlərə malik olması, zəif cəhətlərin nə ilə kompensassiya etməyin mümkünlüyü, üstün cəhətləri hansı üsullarla daha da çoxaltmaq üçün nələri etməklə bağlı çox maraqlı müzakirələr olur. Bu kimi suallara daha səmərəli cavabların tapılmasında belə müzakirələrin əhəmiyyəti böyükdür.

Media menecerliyi qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, media idarəçiliyi sahəsində yeni vərdişlərin və yeni trendlərin mənimsənilməsi nöqteyi nəzərindən keçirilən seminarların əhəmiyyəti əvəzsizdir. Çox maraqlıdır ki, dünyanın aparıcı media təmsilçiləri və pedaqoqları ilə aparılan fikir mübadiləsində birmənalı şəkildə üst-üstə düşən fikir bundan ibarətdir ki, indiki şəraitdə çap medianın bəzilərinin gözünə görünən zəif cəhətlərinə baxmayaraq çox böyük üstünlükləri var. Hansı ki, informasiya təminatı müstəvisində çap mediasının üstün və güclü cəhətləri əvəzsiz rol oynayır. Buna görə də aparılan müzakirələr həm yeni media seqmentlərinin üstün cəhətlərinin praktikada tətbiq olunması, həm də ənənəvi media olan çap mediasının üstünlüklərinin qorunub saxlanması nöqteyi nəzərindən olduqca əhəmiyyətli müzakirə materialları verə bilir”.

Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminarların son dərəcə əhəmiyyətli və zəruri olduğunu qeyd edib: "Uzun zamandan bəri idi ki, media sahəsində belə səmərəli seminarlar təşkil edilmirdi. Sanki bu sahədə dərin bir uçurum vardı: bir tərəfdə medianın böyük bir kəsimi, digər tərəfdə isə KİVDF dayanmışdı. Təbii ki, bu uçurumdan daha çox ziyan çəkən elə Azərbaycan mediası idi. Lakin Prezident İlham Əliyevin fərmanı ilə dekabr ayında MEDİA Agentliyinin yaranması ilə bu sahəyə də yeni nəfəs gəldi. Agentlik təkcə çap mediasına deyil, bütün kütləvi informasiya vasitələrinə qucaq açdı. Onların problemlərinin həlli üçün qollarını çırmalayaraq, əlini daşın altına saldı.

Seminarlardan gəldiyim nəticəyə görə, MEDİA-nın rəhbərliyi qısa zaman ərzində bu sahədəki vəziyyəti dettalı şəkildə araşdıraraq, öyrənib və bütün problemlərdən, çatışmazlıqlardan hali olaraq, görüləcək işlərlə bağlı da konkret fikrə gəliblər.

MEDİA-nın həyata keçirdiyi təqdirolunası addımlardan biri də media cameəsini bir araya toplamaq oldu. Məhz haqqında danışdığımız seminar da bu cəhətdən son dərəcə əhəmiyyətlidir. Həqiqətən də, medianın inkişafı baxımından belə müzakirələrə, seminarlara ciddi ehtiyac vardı. Bu, boşluq açıq-aşkar hiss olunurdu. Çünki yenilənmədən, bilgiləri təzələmədən, yeni texnologiyanın imkanlarından maksimum faydalanmadan, ortaq müzakirələr aparılmadan inkişaf etmək mümkünsüzdür. Habelə seminarlarla Azərbaycanın aparıcı media rəhbərləri MEDİA-nın öncüllüyü ilə bir araya toplandı. Onlara aparılacaq islahatların məzmunu, “Media haqqında” yeni media qanunu barədə ətraflı məlumatlar verildi. Əhməd İsmayılov bütün təkliflərə adekvat yanaşdı. Media nümayəndələrinin bu qanunu necə görmək istəməsi ilə bağlı fikirləri diqqətə alındı, həmçinin ərsəyə gətiriləcək yeni qanunla bağlı bütün müddəalar detallı şəkildə incələndi ki, fikrimcə, bu iki məqam çox əhəmiyyətlidir. Bununla MEDİA öz yolunu çizdi: hər bir media mənsubuna qucaq açdığını, onlara bərabər münasibət göstərdiyini, onların fikrinə düşüncələrinə önəm verdiyini göstərdi. Təbii ki, bu, mediamızın nikbin gələcəyinə ümidlə yanaşmağa imkan verir. Fikrimcə, yeni və daha təkmil qanun layihəsinin qəbul ilə mediamızın sürətli inkişafına, bu sahədə nizama şahidi olacağıq.

Mənim yuxarıda qeyd etdiklərimlə yanaşı, bu seminarların ən böyük əhəmiyyətindən biri də MEDİA-nı çılpaq gözlə görməyim oldu. Yəni MEDİA, onun rəhbər şəxsləri bu cameyə necə münasibət göstərir, onlarla hansı formada əlaqələr qurur, jurnalistlərə necə yanaşır. Bu, son dərəcə əhəmiyyətlidir. Fikrimcə, bununla əslində bu agentliyin gələcək fəaliyyəti barədə hansısa rəyə gəlmək mümkündür. Eyni zamanda, bu seminarlarla mən Azərbaycan dövlətinin timsalında MEDİA-nın vizionunun nə olduğunu, onun mediamızı necə görmək istəməsi barədə müəyyən fikirlərə sahib oldum. Bu da məndə gələcəklə bağlı müsbət düşüncələr yaratdı”.

“525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid Medianın İnkişafı Agentliyi ilə ADA-da keçirilən seminarları yüksək qiymətləndirdiyini bildirib: "Sözün düzü əvvəl bir qədər bu treninqlərə şübhəli və skeptik yanaşırdım. Lakin ilk gündən etibarən bu seminarlar mənim marağımı cəlb etdi. Treninqlərin ilk günü Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov media haqqında yeni qanunla bağlı çox gözəl məlumatlar verdi və məsələ ətrafında müzakirələr aparıldı. Eyni zamanda ADA-nın müəllimi, jurnalist Şəfəq Mehraliyevanın çox maraqlı mühazirələrini, Əlcəzirədən gələn jurnalistlərin məruzələrini dinlədik.

Son günlərdə ADA-nın prorektoru Fariz İsmayılzadənin və ADA-nın digər əməkdaşlarının müxtəlif mövzularda məruzələri dinlənildi. Bu treninqlərdə xeyli yeni məlumatlar əldə etdik. Buradakı fikir mübadiləsi polemik ruhda keçdi və bir çox tanınmış media rəhbərləri, redaktorlarla aparılan müzakirələr çox səmərəlidir. Həm media ilə əlaqədar, həm müasir dünyagörüşü, həm də müxtəlif problemlərə münasibət baxımından bu seminarlar çox böyük əhəmiyyət daşıyır. Mən bu seminarlarda iştirak etməkdən çox böyük zövq alıram. Düşünürəm ki, bunlar vacib tədbirlərdi və buna görə də seminarların təşkilatçılarına təşəkkürümü bildirirəm”.

“İnterpress.az”-ın Baş redaktoru Toğrul Allahverdili Medianın İnkişafı Agentliyinin ADA ilə birgə təşkil olunmuş seminarlarının yüksək səviyyədə və maraqlı olduğunu deyib: "Xarici ölkələrdə bir çox təlim və seminarlarda olmuşam. Lakin buna baxmayaraq MEDİA-nın ADA ilə birgə təşkil etdiyi təlimlərdə daha maraqlı dialoq vasitəsilə özüm üçün yeni nələrisə öyrənirəm. Seminarlarda media haqqında yeni qanun layihəsinin hər bir bəndi müzakirə olunur. Xüsusi qeyd etmək istərdim ki, Agentliyin rəhbəri Əhməd müəllimin hər bir iştirakçının təklifinə diqqətlə yanaşması, detallara diqqət etməsi özü bir yenilikdir. Ümumiyyətlə, təlimlər çox maraqlı keçirilir.

Belə silsilə tədbirlərin keçirilməsi çox önəmlidir və bu cür inkişafa xidmət edən seminarların davamlı olmasını istəyərdim. ADA-nın özünəməxsus abu-havası, aurası ilə yanaşı, eyni zamanda həmkarlarımızla seminarlar zamanı polemikalar olması məndə çox müsbət təəssürat yaradıb. Əminəm ki, Azərbaycan mediası bundan çox bəhrələnəcək. Mediaya bu cür dəstəyə görə MEDİA agentliyinə və ADA-ya təşəkkür edirəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə