Mətbuat təşkilatı: “Jurnalistlərin sosial müdafiəsi ilə bağlı ciddi tədbirlər görülməlidir"
Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi jurnalistlərin sosial müdafiəsi ilə bağlı ciddi tədbirlərin görülməsini zəruri sayır. Bu barədə qurumun rəhbəri Mətləb Salahov bildirib.
O vurğulayıb ki, yaradıcı sahədə çalışan jurnalistlərin gələcəkdə maddi təminatı və sosial təhlükəsizliyi üçün kütləvi informasiya vasitələrinin (KİV) sosial proqramlara cəlb olunmaları və mətbuatda çalışan insanların gələcəkdə pensiya təminatına dair hüquqi prosedurların həll olunması çox vacibdir: "Təəssüf ki, cəmiyyətimizdə jurnalistikaya peşə kimi deyil, bir özfəaliyyət dərnəyi kimi baxırlar. Yəni bu sahədə çalışanlar cəmiyyətdə, ən yaxşı halda şair və yazıçılar kimi "yazı-pozu adamları" olaraq qəbul edilirlər. Bu isə onu göstərir ki, bizim cəmiyyətdə jurnalistika sırf peşəkar sahə kimi hələ formalaşmayıb.
Hələ də cəmiyyət bu insanların xəbər istehsalçısı və cəmiyyətdə sosial təbəqə olduqlarını dərk edə bilmir. Bu fakt isə jurnalistikaya sosial sahə kimi baxılmasını əngəlləyir. Bu sahədə çalışanların sosial müdafiəsi və sığorta problemləri üçün konkret və real proqram hazırlamaq vaxtı isə çoxdan çatıb. Burada çalışandan sonra pensiyaya çıxacaq və ya iş yerini dəyişəcək adamların sabahkı sosial taleləri, olduqca aktual məsələdir. Çünki başqa sahədə çalışanlardan fərqli olaraq bu insanların əmək məsələləri, sığorta işləri və sosial reabilitasiyaları hələ sual altındadır.
Bu sahədə çalışan insanların sığorta prosesinə və sosial müdafiəyə cəlb olunması vahid proqram şəklində həyata keçirilməlidir. Bu məsələdə Mətbuat Şurası jurnalistlərin sosial müdafiəyə cəlb olunması üçün KİV-lərlə əməkdaşlığı genişləndirməlidir. Bundan başqa isə, sosial sahədə fəaliyyət göstərən dövlət qurumları da bu işdə KİV-lər üzərində hüquqi nəzarəti gücləndirmlidirlər."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB