Erkən yaşda ana olmaq - KİMDİR GÜNAHKAR? - QURUM RƏSMİSİ NARAZILIQ ETDİ

Erkən yaşda ana olmaq - KİMDİR GÜNAHKAR? - QURUM RƏSMİSİ NARAZILIQ ETDİ

“Erkən yaşda evlilik xoşagəlməz ənənələrdən, ailələrin məsuliyyətsizliyindən, savadsızlığından və cahilliyindən irəli gəlir. Bir də ən önəmlisi düzgün tərbiyənin verilməməsidir. Hələ də insanlar arasında belə bir mif dolaşır ki, nənəm 9 yaşında, anam da 13 yaşında ərə gedib. Heç kim dərk eləmir ki, “13 yaşında ananın orqanizmindəki problemlər haradan qaynaqlanır?”, “ard-arda fizioloji cəhətdən hazır olmayan qadınların erkən nigaha girməsi onları hansı problemlərlə qarşılaşdıracaq?” və s. Bunun hamısının qaynağı istər regionda, istər böyük şəhərlərdə bu ənənələrdən qurtulmaq istəməmək və əlbəttə ki, ailə tərbiyəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, bu gün analar daha çox qızlarını təhsil üçün formalaşdırmaq əvəzinə, onları daha çox yeni doğulandan “sənə cehiz almışam”, “sən ərə gedəndə belə olacaq” və s. kimi fikirlərlə uşağın şüurunu çox kiçik yaşlardan evliliyə yönəldirlər: “Evliliyin müsbət tərəfləri yetkin yaşında əlbəttə ki, çox gözəldir. Hər kəsin ailə modelinin formalaşması çox önəmlidir. Amma təəssüf ki, bu gün ailələr cahillikdən irəli gələn ənənələri, qanunları üstün tuturlar. Bu hallarla daha çox cahil ailələrdə qarşılaşırıq”.

Sədr sözlərinə belə davam edib: “Hər bir qızın və gəncin ailə təməlinin möhkəm olması üçün onun təhsili, peşəsini önə çəkmək lazımdır. Bu istər 20, istər 25, istər 30 yaşda olsun fərq etməz. Amma, əlində heç nə olmadan “anam baxacaq”, “atam baxacaq” kimi yanaşaraq bu gün bu səbəbdən erkən nigahlar və erkən nigahdan dünyaya gələn uşaqlar, ailə münaqişələri çoxdur. Çünki, gənclər bu günləri hələ o yaşlarda formalaşa bilmirlər. Təshil əlbəttə çox önəmlidir. Təhsil dedikdə mən demirəm ki, hamı ali təhsilli olsun. Qadın ən azından peşə sahibi olmalıdır ki, problemlər ortaya çıxanda öz ayaqları üzərində dura bilsinlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə