Qəbiristanlıqdan gələn vahiməli səslər və görünən ruhlar - DİN XADİMLƏRİ AÇIQLADI

Qəbiristanlıqdan gələn vahiməli səslər və görünən ruhlar - DİN XADİMLƏRİ AÇIQLADI

Son günlərdə sosial şəbəkələrdə qəbiristanlıqda bəzi insanlar tərəfindən lenta alınmış kadrlarda tükürpərdici səslərin gəlməsi və ruhların görünməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Bəs gəlin görək din bu haqda nə deyir? SİA olaraq məsələ ilə bağlı ilahiyyatçı alimlərin və din xadimlərinin fikirlərini öyrənməyə çalışdıq.

İslamşünas, Heydər Məscidinin imamı Ağa Səid Yaqubov bildirib ki, qəbiristanlıq dünyasını dəyişmiş insanların uyuduğu bir məkandır: "İnsanlar bu dünyadan axirət dünyasına köçür. Qəbiristanlıq insana ölüm duyğusunu yada salır və ölümü xatırladır. Məzarlıq qaranlıq və tənhalıqdan ibarətdir. Bu baxımından insanda vahimə, qorxu, təşviş yaranır. Qəbiristanlıqda vahiməli səsləri lentə alan insanlar var. Burada görürük ki, həqiqəti əks etdirməyən məqamlar çoxdur. Çünki video çəkilişinin özü qorxu üzərində qurulub. Belə videolar təlaş və qorxu yaratmaqdan ibarətdir. Bu zaman müxtəlif səs vasitələri ilə qorxu yaratmaq və insanların gedə bilməyəcəyi yerləri video lentə alıb müəyyən bir təsəvvür yaratmaqdan ibarətdir. Bu isə insanlarda həyəcana səbəb olur. Belə hadisələr niyə gündüz vaxtı deyil gecə lentə alınır? Bu səslər normal insanların eşidə biləcəyi kimidirsə, onda çoxluq içində video çəkilsin. Bu tamamilə saxtakarlıqdan ibarətdir. Bu insanın hissləri ilə oynamaq və təlaşa salmaqla əlaqəlidir. Digər tərəfdən islami baxımdan deyə bilərəm ki, qəbiristanlıq qorxulu məkan deyil. Nadir hallarda eşidirik ki, qəbirdən səs gəldi və ya ölən insan dirilib səs çıxardıb. Peyğəmbərimizin hədisində var ki, O bir gün qəbiristanlıqdan keçəndə qəbirdən səs gəlib. O səsin kimin səsi olduğu ilə maraqlanmaq üçün qəbirə yaxınlaşdı və gördü ki, bir günahkar insan qəbirdə ah-nalə edir və günahlarının bağışlanmasın istəyir. Peyğəmbərdən rica edir ki, valideynləri onun günahlarını bağışlasın. Peyğəmbərimiz də valideynlərinin yanına gedir və həmin şəxsin günahlarınln bağışlanması üçün haqlarını halal etməyini istəyir. Bu hal təbii ki, Peyğəmbərə məxsusdur. Adi günahkar insan qəbirdən gələn səsləri eşidə bilməz".

İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov vurğulayıb ki, qəbirdən gələn səslər haqqında sosial şəbəkələrdə müəyyən mülahizələrə rast gəlirik: "Bu mülahizələrin keyfiyyəti, mahiyyəti haqqında deyə bilərəm ki, ümumiyyətlə islamda əsas prinsip odur ki, Allah kainatı fizika qanunlarına görə yaratmışdır. Hər şey bu minvalda davam edir. Məzarlıqdan, qəribdən gələn səslər insanlar tərəfindən qeyri-adi hadisə kimi qarşılana bilər ki, bunlar tamamilə fiziki və təbii hadisələrin nəticəsidir. Məsələn ilk başda qeyd edim ki, bəzən nekrofaniya hadisəsi yəni dərin koma halı baş verə bilər. Bu zaman insan dərin koma halında ölü zənn edilir ancaq, sonradan özünə gəlməsi, dirilməyi, həyata qayıtmağı və yenidən öldüyü halları baş verə bilər. Bu tamamilə fiziki bir hal olduğu halda möcüzə və qeyri-adi hadisə kimi görülür və əsli ilə əlaqəsi olmayan səviyyədə şişirdilir. Həmçinin ölülər qəbirə qoyulduqdan sonra məlumdur ki, çürümə prosesi başlayır. Bu prosesdə bədənin şişməsi və ya sinənin çökməsi halları baş verir. Bunlar qəbirdəki ölünün fiziki halının səsləridir. Bu səslər qəbir üstündəki şəxslər tərəfindən eşidilə bilər. Bu kimi hadisələrin qeyri-adiliyi yoxdur və təbii proses kimi dəyərləndirmək lazımdır. İslam dinində ümumiyyətlə ölən insanların getdiyi aləm bərzax aləmi hesab edilir. Bərzax maneə deməkdir. Ölən insanların ruhlarının köçdüyü yer bərzax aləmindəki həyatla dünyadakı sağlarla arasında əngəl meydana gəlir və heç bir şəkildə dünyadakıların ruhlarla ünsiyyəti mümkün deyildir. Ancaq bəzən Allahın arzu etdiyi halda bu hadisə baş verə bilər. Qaynaqlarda deyilir ki, Hz.Həmzə şəhid edilmişdir. Ona salam verənlərə qarşılıq onunda salam sözü eşidilmişdir. Lakin bu müsbət bir hal kimi sadəcə əməli salehlərə Allahın bir lütfü kimi qiymətləndirilə bilər. Ancaq bunun əksi olan mənfi hallara heç bir vaxt rastlanmamışdır. Heç bir halda qəbirdə cəhənnəm çuxuru kimi hallara rastlanmadan söhbət gedə bilməz.

Qeyd edək ki, ziyarətçinin belə halda müəyyən səsləri eşitməsi tamamilə onun psixoloji halı ilə bağlıdır. Qəbirdən səs gəlməsini qeyri-adi hal kimi əks etdirilməsinə dində icazə verilmir. Qeyd edim ki, qəbir ziyarəti müstəhəb əməldir. Lakin alimlər qeyd edirlər ki, gecə vaxtı qəbir ziyarət edilməməlidir. Bəzi insanların qorxusu varsa onların da ziyarətə tək getməməsi məsləhətdir. Belə insanlar psixoloji problem yaşayırsa, qəbiristan ziyarəti zamanı da bəzi psixoloji hallar yaşaya bilər. Orada yaşadıĝı hər bir hadisəni başqalarına danışdığı zaman qorxu və təşvişlə və ya vahiməli danışacaqdır. Bu da insanların düşüncəsinə mənfi təsir edəcək, onlar da başqalarına əslindən uzaq anladacaqlar. Bu da sosial şəbəkələrə düşərək mövhumat və vəhamət adına öz işini görür. İslam həyat dinidir yəni, insanları həyata bağlayan, hər şeyə sevgi və mərhəmət duyğuları ilə bağlanmasını təmin edən dindir. İslam həyatın hər sahəsində insanın bir həyat tərzi kimi davranış qaydalarnı ibadət hallarını öyrədən bir dindir. Ölənləri yada salaraq ziyarət etmək dua etmək və onlara getdikləri yerdə rəhmət diləməkdir. Ora gedəcək biri olaraqda özünün həyatına çəki-düzən verib ibrət almasıdır. Ziyarət bu baxımdan nemətdir. İslamın bu nemətini başqa vasitələrə alət etmək, vəhamətə çevirmək düzgün deyildir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə