Süni gözəllik, yoxsa bətndəki körpə: İkisindən birini seç! - ARAŞDIRMA

Süni gözəllik, yoxsa bətndəki körpə: İkisindən birini seç! - ARAŞDIRMA

Kimyəvi kosmetikadan istifadə edən hamilə qadınları və doğulacaq uşaqları hansı təhlükə gözləyir?

Bütün qadınlar ana olmaq istəyir, ana olmağın yolu da hamiləlikdən keçir. Hamiləlik zamanı normal qidalanma, normal geyim, normal istirahət, normal psixoloji vəziyyət gələcək körpənin sağlamlığı üçün əsas şərtlərdəndir. Uşağın sağlam doğulması üçün daha vacib bir şərt də var- ananın kosmetik vasitələrdən imtina etməsi. Lakin müşahidələrimizdən görünür ki, əksəriyyət bunu gözardı edir, daha qiymətli olanı daha qiymətsiz olana qurban verir.

Hamilə qadınların saç boyaması nə ilə nəticələnə bilər?

Hamiləlik dövründə bir çox qadın körpənin sağlamlığına təhlükəli olduğunu düşündüyü üçün bir çox vərdişindən əl çəkir. Siqaret çəkən, içki içən qadınlar pis vərdişlərindən çətin də olsa uzaqlaşa bilirlər. Amma çox qadının ağlına belə gəlmir ki, hər gün üzlərinə çəkdikləri krem, istifadə etdikləri ətir, dodaqlarına, dırnaqlarına və saçlarını çəkdikləri boya da körpənin inkişafına ən az siqaret və spirtli içki qədər zərərlidir.

Kosmetik məhsulları arasında ən çox istifadə edilən məhsullardan biri də saç boyalarıdır. Çox sıx-sıx istifadə edilməsi, uzun müddət qalıcılığını saxlayan boyaların tərkibində olan maddələrin mənfi təsirləri daha çoxdur. Saç boyalarının tərkibində saysız-hesabsız kimyəvi maddələr olduğundan həkimlər və gözəllik ekspertləri hamilə qadınlara qəti surətdə saç boyamamağı məsləhət görürlər. Bu bətndəki körpənin zəhərlənərək ölməsinə səbəb ola bilər. Mümkün qədər uşaq dünyaya gələnə kimi saçlarınızı boyatmayın.

Saçlarında fərqlilik axtaranlar, ağ saçlarından şikayətçi olanlar hamiləliyin ilk üç ayının tamamlanmasını gözləməli və daha sonra yalnız bitki mənşəli olan saç boyalarını istifadə etməlidir. Ancaq kimyəvi tərkibi olmayan təbii boyalarla saçlar boyana bilər. Xına ən yaxşı variantdır. Əgər xınanın rəng tonunu dəyişmək istəsəniz ona qara çayın dəmləməsini və yaxud da yetişməmiş qoz qabıqlarının dəmləməsini əlavə edə bilərsiniz. Xına üçün “xınagülü” adında təbii maddə də var.

Qıvrım saçlarından məmnun olmayan və saçlarını düzləşdimək istəyən hamilə qadınlar da bu fikirdən uzaq olmalıdır. Çünki saçların düzləşməsi üçün tətbiq edilən maddə də kimyəvi tərkiblidir. Bu cür maddələrin tərkibindəki kimyəvi birləşmələrin saç dərisindən qana keçməsi qaçılmazdır ki, bu da körpədə əqli şikəstlik yarada bilər.

Həkim: “Bu maddə dölə ötürülsə, təhlükə yarana bilər”

Həkim-kosmetoloq Gunay Məmmədova bildirir ki, hamiləlik fizioloji bir proses olsa da, qadın həyatının ən məsuliyyətli dövrlərindən biridir. Ona görə də, bu dövrdə gələcək ana öz sağlamlığına qarşı çox diqqətli olmalıdır: “Hamiləlik dövründə aşağıda qeyd edəcəyimiz şərtləri gözləməklə kosmetik vasitələrdən istifadə etmək olar. Hamiləlik dövründə kosmetik vasitələr cüzi miqdarda, mümkün qədər gec-gec istifadə etmək lazımdır. Eyni vaxtda müxtəlif kosmetik vasitələrdən və çoxlu miqdarda istifadə etmək hamiləlik dövründə qadının və ana bətnindəki dölün sağlamlığına mənfi təsir göstərə bilər. Saçlar üçün dayanıqlı rənglərdən, ağardıcı boyaqlardan, dırnaqlar üçün olan laklardan, hətta bəzi krem və şampunlardan istifadə etmək olmaz!

Kosmetikalar, tanınmış, əvvəllər istifadə etdiyiniz, firma mağazalarından alınmalıdır. Küçələrdən, keçidlərdə, bazardan satılan kosmetikaların saxlanılma şərtləri pozulduğu üçün bu kosmetikalarda olduqca zərərli, mənfi təsirə malik maddələr yarana və dölə arzuolunmaz, çox ciddi zərərlər verə bilər”.

Mütəxəssis bildirir ki, hamiləlik dövründə müxtəlif kremlərə, şampunlara qarşı yaranan allergiyalar, dölə ötürülə, gələcəkdə uşaqda müxtəlif allergik xəstəliklərə də səbəb ola bilər: “Məsləhətimiz odur ki, hamilə qadınlar yaxşı olardı ki, hipoallergik kosmetikalardan, tərkibi bəsit şampunlardan istifadə etsinlər.

Əksər kosmetik vasitələrin- kremlərin, şampunların, lasyonların tərkibində metilizotiozalin adlı kimyəvi maddə var. Bu maddə dəridən qadının qanına sorularaq, dölün beyninə, sinir sisteminin inkişafına çox ciddi təsir edir. Hamiləlik dövründə müxtəlif bioloji ekstrakt tərkibli kosmetikalardan da yersiz, çox istifadə etmək məsləhət deyil”.

Ətir hamilə qadınlar üçün real təhlükədir

Ətirlərin tərkibində həddindən çox kimyəvi maddələr olduğundan, allergik dəri reaksiyalarına səbəb olan kosmetikalar arasında birinci sırada yer alır. Əgər ətirlərə qarşı allergiyanız varsa, bu məhsulları istifadə edəndə dərinizdə şiddətli allergik dəri reaksiyaları başlaya bilər.

Nəzərə alsaq ki, hamiləlik zamanı qadınlar daha həssas olurlar, o zaman hamilə qadınlara ətirlərin istifadəsi birdəfəlik qadağan olunsa daha yaxşıdır. Bu, xüsusən dermotoloji problemləri olan qadınlara şamil edilir.

Bütün növ ətirlərin tərkibində “paraben” adlı təhlükəli maddə var. Kosmetik vasitələr arasında ən çox ətirlərin istehsalında istifadə edilən bu maddə kanserogendir. Hamilə qadınların ətirlərdən istifadə etməsi öz övladına ən böyük təhlükə yaratması deməkdir. Çünki bütün inkişaf etmiş ölkələrdə tərkibində “paraben” olan kosmetik vasitələr, əsasən də ətirlərin satışına qadağa qoyulub. Qeyd edək ki, körpəniz üçün istifadə etdiyiniz bəzi dəri kirşanlarında və kremlərində də yüksək dozada paraben var.

Əlamətləri necə anlayaq?

Hamiləlik müddətində bədəndə immunitet, hormon və qan-damar sisteminizə təsir edən əhəmiyyətli problemlər meydana gəlir. Bu dəyişikliklər, dərinizdə patoloji və fizioloji proseslərin başlanğıcı da bilər.

Dəri xəstəlikləri üzrə mütəxəssislərin fikrincə, dəridə tündləşmə, saç tökülməsi ilkin əlamətlərdir: “Bədəninizdə, xüsusilə qarın və bud nahiyələrində çatlar meydana gəlirsə, qıçlarınızda şiş və əllərinizdə xırda qırmızı ləkələr yaranırsa, bu, sizin kosmetik vasitələrdən ciddi zərər gördüyünüzü göstərir.

Amerikada "Food and drug administration” adlı komitə, bütün kosmetik maddələri teratogen (körpədə anomaliya yaradan), kanserogen (xərçəngə səbəb olan) və toksikoloji (orqanizm üçün zərərli) sahədə araşdırır. Həmin komitənin bəyanatına görə, içində bu adda maddələr olmayan kosmetik vasitələrin satışına izin verilə bilər. Amma nəzərə alsaq ki, bəzi ölkələrin gizli laborotoriyalarında dəhşətli viruslar hazırlanaraq məxfi şəkildə dünya ölkələrində yayılır, o zaman onların təminat verdiyi kosmetik vasitələrin tərkibində də insan üçün zərərli maddələrin olması mümkündür.

Hamiləlik zamanı plastik əməliyyatlar

Hamiləlikdə botoks: Bəzi həkimlər botoksun dölə zərər vermədiyini desə də, əksər həkimlər bunun doğru olmadığını deyirlər. Botoks tətbiqinin hamiləlik və əmizdirmə üçün təhlükə hesab edən tibb işçiləri ondan mümkün qədər uzaq olmağı məsləhət görürlər. Həkimlər bildirir ki, hamiləlikdən sonra xüsusi idman hərəkətləri və dəriyə təbii qulluğu etməklə hər qadın təbii botoksa sahib olar.

Hamiləlikdə silikon: Bəzi qadınlar daha gözəl görünmək üçün, qırışları aradan qaldırmaq və bəzi hissələri dolğunlaşdırmaq üçün silikondan istifadə edilər. Müxtəlif kimyəvi birləşmələrdən istifadə edilən bu əməliyyatlarda, istifadə edilən vəsaitə görə təhlükəsizlik sertifikatları var. Amma bu təhlükəsizliyə təminat verə bilməz. Tərkibində süni kimyəvi birləşmə olan bütün növ mayelər döl üçün təhlükəlidir. Hamiləlik zamanı sizin qırışıqlara görə silikon və ya botoks etdirməyə ehtiyacınız yoxdur, çünki hamiləlik irəlilədikcə dəri təbii olaraq dartılır və sizi narahat edən qırışlar öz-özünə yox olur.

Hamiləlik zamanı tatuaj: Bir çox qadın qaşlarını, bəziləri bədəninin müxtəlif yerlərini tatuaj etdirir. Bunun zərəri barədə dəfələrlə yazılsa da, buna məhəl qoymurlar. Qeyd edək ki, tatuaj müvəqqəti də ola bilər, ömürlük də. Bu çox ağrılı bir prosesdir, rənglər iynə ilə dərinin altına yerilir ki, bunun fəsadı olduqca qorxulu ola bilər. Dəri xərçənginə birbaşa yol olan tatuajın hamilə qadınlara tətbiqi heç bir halda doğru deyil. İynə vasitəsi ilə QİÇS-ə yoluxan yüzlərlə tatuaj qurbanı olduğunu unutmamalıyıq.

Hamilə qadının süni gözəlləşməyə ehtiyacı varmı?

Bir çox qadın müəyyən yaş dövründən sonra üz üçün maskalardan istifadə edir. Çünki hamiləlikdə dəri rəngi dəyişə, xırda çil və ləkələr əmələ gələ bilər. Hətta el arasında qız uşağına hamilə olan qadınları üzündəki ləkələrdən tanıyırlar. Yaşlı qadınlar qadının hamiləlikdə gözəlləşdiyini görəndə “oğlun olacaq”, üzünün ləkələndiyini görəndə isə “qızın olacaq” deyir.

Hamilə qadınlar dərilərində yaranmış ləkələrdən çox narahat olurlar. Maskalar bu vəziyyətdə ən yaxşı köməkçi hesab oluna bilər. Çünki onlar hamilə qadına və dölə zərərli deyil. Amma təbii ki, təbii maskalardan söhbət gedir. Bu maskaları tanıdığınız kosmetoloqdan sifariş edə bilərsiniz və yaxud da evdə özünüz hazırlaya bilərsiniz. İndi internetdə, gözəllik üçün dərc olunmuş kitab-jurnalda kifayət qədər təbii üz maskalarının reseptini görə bilərsiniz.

Qadınların bir çox masaj aludəsidir. Qeyd edək ki, masaj hamiləlik dövründə də edilə bilər, hətta qan dövranınızın normal işləməsi üçün bu xeyirlidir. Ancaq masaj edənin professional olması mütləqdir. Hamilə qadınlar üçün təyin edilmiş bir çox masaj növü var, amma hamilə qadın masajını hər kəsə etibar etmək olmaz. Bu cür masajlar yalnız bu sahədə tibbi biliyi və praktiki təcrübəsi olan peşəkar həkimlərə etibar edilməlidir.

Hamilə qadın gözəldir…

Hamiləlik bütün problemlərinə baxmayaraq qadınların həyatları boyunca yaşaya biləcəkləri ən önəmli bir dövrdür. Hamilə qadının özü bir gözəllikdir. Adi bir misal, qarşıdan sizə tərəf gələn iki qadın görürsünüz, biri hamilə, digəri normal görünüşdə. Sözsüz, hamilə qadın diqqətinizi çəkəcək, dodaqlarınıza təbəssüm qonacaq. Üzündəki xəfif ləkələri, azacıq kökəlməsi belə ona yaraşıq verir. Hamilə qadının üzündə heç bir kosmetikanın, heç bir professional makiyaj ustasının yarada bilməyəcəyi bir gözəllik var, o gözəlliyi kosmetik vasitələrlə pərdələməyək. Ən əsası, özümüzü və doğulacaq körpəmizi zəhərləməyək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə