“Kəndlərdə idmanı inkişaf etdirək” - növbəti tədbir Füzuli rayonunda

“Kəndlərdə idmanı inkişaf etdirək” - növbəti tədbir Füzuli rayonunda

AFFA-nın, Yelo Bank-ın və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 29 iyun 2021-ci il tarixdə Füzuli rayonunda keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejiminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra bu layihə üzrə ilk tədbir Füzuli rayonunun vaxtı ilə cəbhə bölgəsində yerləşən Qazaxlar kəndlərində keçirilmişdir. Tədbirdə qonşu kəndlər olan Əhmədalılar və Mirzənağılı kəndlərindən ümumilikdə 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 84 saylı Füzuli Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat Vüqar Bayramov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatları Rauf Əliyev, Vüqar Bayramov və Sabir Hacıyev çıxış edərək cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və Ermənistan üzərində tam və qəti qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinin Tarixi əhəmiyyətini və hazırda işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramı üzrə aparılan geniş miqyaslı tikinti quruculuq işlərini qeyd etmişlər.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə