Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Qarabağda və sərhəd bölgələrində uşaqların öldürülməsinə etiraz olaraq aksiya həyata keçirib

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Qarabağda və sərhəd bölgələrində uşaqların öldürülməsinə etiraz olaraq aksiya həyata keçirib

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Beynəlxalq Mətbuat Mərkəzi ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günündə Qarabağda və sərhəd bölgələrində uşaqların öldürülməsinə etiraz olaraq aksiya həyata keçirib.

SİA-nın məlumatına görə, aksiya çərçivəsində jurnalist xanımlar bir günlük peşələrindən imtina ediblər. Aksiyanın keçirilməsində məqsəd dünya dövlətlərinin, beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 % torpaqlarının işğalına göz yummamasına və bu illər ərzində günahsız körpələrin hüquqlarının müdafiəsinə nail olmaqdır.

\"\"

Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova bildirib ki, bu gün dünyada müharibədə neçə uşaq dünyasını dəyişir, neçə uşaq əlil qalır, neçə uşaq ata-anasını itirib yetim qalır: "Böyüklərin cinayətləri üzündən onların mövcud olan haqları pozulur. Azərbaycanın sərhəd bölgələrində və Qarabağda neçə-neçə uşaqlar da ermənilər tərəfindən 20 ildən artıq aparılan işğalçı siyasətin qurbanı olublar. Savaş aparılmadığı zamanda yəni atəşkəs dövründə də azərbaycanlılar öldürülür, qətlə yetirilir".

\"1 iyun dünyada keçirilən beynəlxalq uşaqların müdafiəsi günündə biz həm jurnalist kimi həm də qadın olaraq günahsız yerə qətlə yetirilən uşaqların hüquqlarının tapdanmasına etiraz olaraq bir günlük öz peşəmizdən imtina edirik\" deyən S. Yusifova: "Əgər jurnalist kimi dünyada baş verən ən son yeniliklərlə insanları məlumatlandırmaq bizim işimizdirsə və eyni zamanda biz öz uşaqlarımızı ermənilər tərəfindən uzun illər hüquqlarının tapdanması haqqında məlumatları dünya ictimaiyyətinə çatdıra bilmiriksə, o zaman beynəlxalq aləmin diqqətinə peşəmizdən imtina etməklə əsil həqiqətləri çatdıraq",- deyə əlavə edib.

Tədbirdə iştirak edən "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay qeyd edib ki, belə bir aksiyanın məhz 1 iyunda keçirilməsi də rəmzi məna daşıyır: "Qoy övladlarını itirən analar hiss etsinlər ki, biz onların dərdlərinə şərikik, onların yanındayıq. Biz uşaqlara qarşı yürüdülən bütün növ zorakılığı pisləyirik. Biz ermənilərin Qarabağda sərhəd bölgələrində apardıqları \"milli təmizləmə\" siyasətinin iç üzünü açıb dünyaya göstərmək istəyirik ki, bəlkə vicdanları buza dönmüş bəzi Qərb siyasətçilərinin ürəkləri mərhəmətə gəldi. Bəlkə onlar öz övladlarına baxıb işğalçıya haqq qazandırmaqdan vaz keçərlər, öz balalarının xoşbəxtliyi üçün göstərdikləri səyi göz önünə alıb, digər xalqların, o cümlədən azərbaycanlıların da övladlarının gözəl yaşamaya, təhsil almağa, arzularının gerçəkləşdirmək üçün mübarizə göstərməyə və sevinməyə haqqı olduqlarını xatırlayarlar".

Qeyd edək ki, tədbirdə həmçinin televiziya aparıcıları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə