Dövlət Sosial Müdafiə Fondu YAP-la birlikdə “Əmək pensiyaları haqqında” qanuna edilmiş son dəyişiklikləri müzakirə edib

Dövlət Sosial Müdafiə Fondu YAP-la birlikdə “Əmək pensiyaları haqqında” qanuna edilmiş son dəyişiklikləri müzakirə edib

Bu gün Dövlət Sosial Müdafiə Fondu Yeni Azərbaycan Partiyası (YAP) ilə birlikdə "Əmək pensiyaları haqqında" qanuna edilmiş son dəyişikliklərlə bağlı dəyirmi masa təşkil edib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP sədr müavini, icra katibi Əli Əhmədov aparılan pensiya islahatlarının əhalinin yaşlı təbəqəsinin həyatında oynayacağı müsbət rola toxunub. O qeyd edib ki, pensiya sistemi cəmiyyətdə ictimai ahəngdarlığı təmin edən əsas vasitələrdən biridir: "Pensiya sistemi vasitəsilə əhalinin işləyən kəsimi işləməyən kəsimin həyatını normal qurmasına öz töhfəsini verərək, cəmiyyətin ahəngdarlığını qoruyub saxlayır. Dövlətin ictimai müqavilədən öz üzərinə götürdüyü ən əhəmiyyətli və əsas funksiyalardan biri də pensiya təminatı ilə əlaqədardır. Pensiya sistemi özü-özlüyündə bir neçə funksiyanı yerinə yetirir. Birincisi, cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul ola bilməyən şəxslərin sosial statusunun təmin edilməsidir. Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilir. Azərbaycanda 20 il ərzində oturuşmuş və formalaşmış pensiya sistemi formalaşıb".

Pensiya islahatları ilə bağlı görülən işlərin tarixinin 10 ilə yaxın olduğunu deyən DSMF rəhbəri Səlim Müslümov hakim partiya rəhbərliyinə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində apardıqları işlərə görə təşəkkürünü bildirib. O əlavə edib ki, 2001-ci ildən əhalinin pensiya alan kəsiminin güzəranının daha da yaxşılaşdırılması üçün islahatlar aparılmasına başlanılıb. S.Müslümov deyib ki, Azərbaycanda pensiya islahatları şok effekti ilə deyil, mərhələlər şəklində aparılıb ki, bu da əhalinin islahatlar sistemini tam mənada qavramasına yardımçı olub. O deyib ki, yeni sistemin fəaliyyətə başlamasından bu yana DSMF-nin büdcəsi artaraq, 2 milyard manatdan çox olub. Bu isə Ermənistanın büdcəsi həcmində məbləğdir: "2001-ci ildən bu yana pensiya sahəsində görülən işləri, qəbul edilən qanunlar əhalinin təqaüdçü kəsiminin rifahının yüksəldilməsinə xidmət edir. 2006-cı ilə qədər pensiyaya çıxanların 45 faizi, 2006-cı ildən 2010-cu ilə qədər pensiyaya çıxanların isə 48,9 faizi minimum miqdarda pensiya alır. Yeni hesablama sisteminə əsasən, minimum pensiya alan şəxslərin təqaüdləri iki dəfəyə qədər artacaq. Orta aylıq pensiya məbləği 144 manata qalxacaq. Bundan sonra rəhbərlik etdiyim qurumun qarşısında duran əsas məsələ islahatların tam mənada sistemə tətbiq edilməsidir. Bununla bağlı Dünya Bankı ilə birgə tender layihə həyata keçirəcəyik".

Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni pensiya sisteminin təqaüdçülərə olan faydasından danışıb. Azərbaycanda aparılan iqtisadi siyasətin sosial siyasətlə birlikdə aparıldığının deyən Z.Səmədzadə bildirib ki, bu da əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır: "Gələn ilin büdcəsinə artırılan 3,5 milyard manat pul vəsaiti ölkədə inflyasiya təzyiqlərinin yaranmasına səbəb olacaq, bu isə ən çox pensiyaçılara zərər verir. Bu baxımdan yeni pensiya islahatlarının təqaüdçülərin həyatına nə qədər önəmli xeyir verdiyini demək olar".

Eyni zamanda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də keçirilən təqdimatın əhəmiyyətindən danışıb: "Yeni pensiya islahatlarının cəmiyyətə aydın şəkildə çatdırılması üçün belə tədbirlərin keçirilməsini davam etmək lazımdır. Azərbaycanda gedən sosial islahatlar çox çətin və ağrılı keçir. Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən daxil olan pulun miqdarı 40 faizə qədərdir ki, bu da o qədər də xoş hal deyil. Bu zəmində büdcədən ayrılan maliyyənin miqdarı azalsa, daha yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə