Deputatlar istilərlə necə mübarizə aparır? - SORĞU

Deputatlar istilərlə necə mübarizə aparır? - SORĞU

Son günlər hava şəraitinin kəskin şəkildə isti olması hər kəsi narahat edir. Belə havalarla başa çıxmaq olduqca çətin məsələdir. İnsanlar istidən təngə gəlib çimərliklərə və digər ölkərə səyahətə gedirlər. SİA Milli Məclisin deputatları arasında “İstilərlə necə mübarizə aparması?”, "Səyahət üçün hansı ölkələrə üstünlük verməsi?” kimi suallar ətrafında sorğu keçirib. Milli Məclis rəsmilərinin fikirlərini təqdim edirik:

Deputat Cavid Osmanov: “Bəli doğrudur ki, bu ilki yay Azərbaycan ərazisində havanın tempraturu çox yüksəkdir. İstilər başını alıb gedir. Amma bütün bunlara baxmayaraq, biz işimizin başındayıq. Tətil iyul ayının 15-dən başlasa da, bu il əsasən ölkə ərazisində istirahət edəcəm. Tətilimin əsas hissəsi doğulub boya-başa çatdığım və eyni zamanda, seçildiyim Ağdaş rayonunda keçirməyi planlaşdırıram. Düzdür, Ağdaş Aran rayonu olduğu üçün yayı həddindən artıq isti keçir. Lakin, bütün bunlara baxmayaraq, çalışacağam ki, əsasən Ağdaş rayonu və Bakı şəhərində olum. Bütün bunlarla yanaşı ölkəmizin digər bölgələrinə də baş çəkməyi düşünürəm. Ola bilər ki, qısa müddətli, yəni bir neçə günlük xaricə də səfər edim”.

Deputat Azər Badamov: “Bu il ölkəmizə anomal istilər gəlib. Havanın hərarəti hətta 40 dərəcədən yuxarı olan günlər də oldu. Təbii ki, havaların çox isti keçməsi insanlara diskomfort yaradır. Mən də isti havalarda küçədə az olmağa çalışıram. Əsasən ya işdə, ya da evdə oluram. Vacib bir iş olmayanda küçəyə çıxmıram. Hamıya da vacib bir işi olmayanda çox isti günlərdə küçəyə, günün altına çıxmamağı tövsiyyə edirəm. Pandemiya davam etdiyindən yay məzuniyyəti dövründə başqa regionlara səfərlər etməyi planlaşdırmıram. Yay məzuniyyətimi isə əsasən Qusarda keçirməyimi planlaşdırıram. Həm insanların arasında olacağam, seçicilərimlə görüşməyə imkanım çox olacaqdır, həm də istirahətimi edəcəyəm.

Qusarın havası da, təbiəti də çox gözəldir. Qusar şəhərinə həm Şahdağ, həm də dəniz yaxındır. Hansı tərəfə getmək istəsən cəmi 0,5 saatlıq yoldur. Ona görə də belə bir gözəl məkanı qoyub harasa getməyi planlaşdırmıram. Yay istirahətini planlaşdıran hər kəsə də Qusarda dincəlməyini tövsiyyə edirəm. Son illər Qusarda çoxlu istirahət mərkəzləri də açılıb. Hər kəs gəlib Qusarda yerdən qaynayıb çıxan bulaqların sərin suyundan içərək dağlarını və meşələrini gəzməklə yayın kefini çıxarda bilər. Dənizi xoşlayan insanlar isə gündüz Nabranda dəniz kənarında dincəlib axşam Qusarın sərin dağ havasında yata bilərlər. Ona görə də yayda kim dincəlmək istəyirsə Qusara gəlsin”.

Deputat Müşfiq Cəfərov: “Bu il çox kəskin istilər hökm sürür. Hal-hazırda mən özüm də seçildiyim və yaşadığım Gəncədəyəm. Bu səbəbdən hər dəfə istidə yolu gedib gəlmək çox istidir. Nəzərə alsaq ki, mən həmişə qatardan, xüsusilə də sürət qatarından istifadə etmişəm. Lakin, bu günlərdə də qatarların işləməməsi həm bizim, həm də əhali üçün çox çətinlik yaradır. Bu problemlə bağlı xeyli müraciətlər də olub. Təbii ki, çalışırıq ki, günorta saatlarında istidən qorunaq. Nəzərə alsaq ki, Gəncə və onun ətraf rayonları Aran rayonları ilə müqayisədə dağətəyidir. Lakin, burada da sərinlik axşam vaxtlarını əhatə edir. Gündüz vaxtları Azərbaycanın hər bir bölgəsində olduğu kimi Gəncədə də çox isti olur.

O ki qaldı yay tətilinə, mən əsasən yayı Gəncədə oluram. Nəzərə alsaq ki, Gəncə Kiçik Qafqaz dağlarının ətəyində yerləşir, həqiqətən də ərazinin çox yaxşı potensialı var. İnanıram ki, yaxın vaxtlarda burada yaxşı turizm imkanları yaradılar. Mən əsasən yayı Gəncədə olmağa üstünlük verirəm. Lakin, nəzərə alsaq ki, uşaqlar da dəniz istəyir. Ona görə də müəyyən vaxtı da planlaşdırıb Bakıda keçirməyi düşünürük. Xüsusilə, pandemiya dövründə D vitamini və dəniz çox vacibdir. Bu baxımdan da, ölkədən kənara çıxmağı düşünmürəm”.

Deputat Bəhruz Məhərrəmov: “Seçildiyim Biləsuvar rayonu isti bölgədir. Üstəlik su təminatında əhalimizin problemləri var. Belə olan halda istidən şikayətlənməyə nə insaf, nə də vicdanım yol vermir. İstirahət üçün isə hələki plan qurmamışam, keçən il məzuniyyətə çıxmadım, yəqin ki, bu il də imkan olmayacaq. İstərdim ki, işğaldan azad olunmuş rayonları, xüsusən Şuşa şəhərini və Kəlbəcərin yaylaqlarını gəzək. Lakin, hələ ki, Ermənistanın müharibə cinayətlərinin davamı kimi, zamanında işğalda olmuş əksər bölgələrimizdə mina təhlükəsi var. Bu mənada vaxt tapsam yəqin ki, ailəmlə 2-3 günlük Gəncəbasar istiqamətinə üz tutacağıq. Lakin, açığı hələ ki nəinki istirahətə, hətta bu barədə düşünməyə də vaxt yoxdur”.

Deputat Aydın Mirzəzadə: “Əvvəlki illərdən fərqli olaraq biz koronavirus pandemiyası dövründəyik. Məhdudiyyətlər və müəyyən qaydaların gözlənilməsi hamı üçün məcburidir. Ümumilikdə isə, istirahətimi Bakı şəhərində ailəmlə keçirməyin tərəfdarıyam. Amma bununla yanaşı, telefonum seçicilərimiz üçün açıq olacaq. Bir neçə dəfə seçildiyim Mingəçevir şəhərinə getmək, şəhid ailələləri və eyni zamanda, Vətən müharibəsi iştirakçıları ilə görüş keçirməyi planlaşdırıram. Əgər dəvətlər olarsa, dostlarım və yaxın insanların müəyyəb qaydalarla keçirilən toy məclislərində iştirak etmək fikrindəyəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə