Antik "Perge" - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyinin dəvəti ilə bir sıra media nümayəndələri Antalya şəhərində səfərdə olublar. Səfər təəssüratlarımızı yazmağa davam edirik. SİA xəbər verir ki, səfər çərçivəsində Antalyanın qədim yaşayış məskənlərinə ev sahibliyi etdiyinin şahidi olduq. Bu qədim məkanlardan biri də Antalyanın 18 km şərqində, Aksu ilçəsində, bir zamanlar Pamfilya bölgəsinə paytaxtlıq etmiş antik şəhər "Perge"dir. Şəhərdəki akropolisin tunc dövründə qurulduğu düşünülür. Qədim şəhərin ərazisi həddən çox böyükdür. Bu şəhərin tarixini nəzərə alsaq əminliklə deyə bilərik ki, qədim yaşayış məskəninin bu günə bu qədər yaxşı vəziyyətdə qalması onun möhtəşəmliyini bir qədər də artırır. Bələdçimizin bizə verdiyi məlumata görə, şəhər qalıqları bu gün də aşkarlanmaqda və şəhərin ərazisi qazıntılar nəticəsində daha da genişlənməkdədir. Perge Ellinizm dövründə köhnə dünya içərisində ən zəngin və gözəl şəhərləri sırasındadır.

Qədim şəhəri gəzərkən tarix öncəsi çağa aid meydanlar, hamamlar, mağazalar hətta qədim aptekə də rast gəldik.

Bələdçimiz bildirdi ki, Makedoniyalı İsgəndər bu möhtəşəm şəhərə 2 dəfə səfər edib. Bu məlumat təbii ki, bizi bir qədər də həyacanlandırdı.

Qeyd edək ki, şəhərdə yaşayan insanlar daha çox ticarətlə məşğul olub. Araşdırmalar nəticəsində məlub olub ki, "Perge"nin əhalisi zəngin olub. Şəhərdəki yaşayış məskənlərini görən jurnalistlər də bu fikirlə razılaşdı. Çünki şəhərin səliqəsi, elit görüntüsü buradakı zənginlikdən xəbər verirdi. "Perge" küçələri, sütunları, qapıları və Türkiyənin ən yaxşı qorunmuş stadionlarından birinə ev sahibliyi etməsi ilə ağılları başdan alacaq zənginlikdədir. Perge planlanmış şəhər modeli və yerləşmə xarakteristikası ilə Roma şəhərləri arasında ən möhtəşəm yaşayış məskənlərindən biridir.

Nəzərinizə çatdıraq ki, "Perge"ni gəzmək üçün ən ideal mövsüm yaz və payız aylarıdır. Əgər, yay mövsümündə yolunuz buradan düşərsə, günorta saatlarında bura getməyiniz tövsiyyə olunmur. Çünki antik şəhərin ərazisi açıq hava müzeyidir və həddən çox istidir. Sabah saatları buranı gəzmək üçün ən ideal vaxtdır və yanınızda mütləq içmək üçün suyunuz olsun. Bu möhtəşəm şəhəri kəşf etmək üçün bir an belə düşünməyə dəyməz...

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə