Dənizkənarı Bulvar İdarəsi uşaqlar üçün keçirilən pulsuz aksiyanı davam etmək niyyətindədir-AÇIQLAMA

Dənizkənarı Bulvar İdarəsi uşaqlar üçün keçirilən pulsuz aksiyanı davam etmək niyyətindədir-AÇIQLAMA

"1 İyun Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı Dənizkənarı Bulvarda uşaqlar üçün atraksionlar pulsuz fəaliyyət göstərib. Lakin səhər saat 09.00-dan 12.00-dək nəzərdə tutulan bu aksiya artıq başa çatıb". Bu barədə SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, aksiya qısa müddətdə olsa da saat 12.00-dək bulvara gələn uşaqlar istənilən atraksionlardan pulsuz istifadə etmək imkanı qazanıblar.

Bu gün idarənin gücləndirilmiş iş rejiminə keçdiyini dilə gətirən N. Məcidov vurğulayıb ki, bulvar ərazisinə gələnlərin sayı adi günlərdən qat-qat çox olub.

" Lakin gələnlər arasında razı qalanlardan çox narazı qalanlar olub. Ona görə ki, gələnlərin əksəriyyəti vaxt məhdudiyyəti olduğundan bütün atraksionlara minə bilməyiblər. Elə bu səbəbdən də biz bu cür aksiyaları ayda bir və ya ildə 5-6 dəfə keçirmək niyyətindəyik. Amma buna baxmayaraq hələ də bulvar ərazisinə kifayət qədər insan axını var və bu axın gəlməkdə davam edir"- deyə idarənin rəis müavini qeyd edib.

Qeyd edək ki, aksiya 15 yaşına qədər olan uşaqlara aid olub. Aksiya bitdikdən sonra atraksionların qiyməti əvvəlki, yəni 50 qəpik-3 manat civarında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə