Bildiyimiz kimi bu günlərdə Bakıda və bölgələrdə hava şəraiti həddindən artıq istidir. Həmçinin, isti havanın faydaları ilə yanaşı bir sıra zərərli xüsusiyyətləri də var. Xüsusilə həssas yaş qrupları isti havalarda mütləq qorunmalıdırlar. SİA belə havaların insanlara təsiri və bu havalarla baş etmək üçün nə etdikləri, dincəlmək üçün hara getməkləri barədə şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini Nəzrin Qarayeva: “Son günlərdə havalar həddindən artıq isti keçir və bu məni narahat edir. Mümkün olduqca adam sərin yerə ehtiyyac duyur. Kondisionerlərə isə ehtiyyac çoxalıb. Lakin, onun da bir sıra ziyanları var. Dərslərdən vaxt olarsa, ölkəmizin sərin yerlərinə bir neçə günlük səyahət etməyi düşünürəm”.
Şəhər sakini Elvin Piriyev: “Hər fəslin özünə görə gözəlliyi var. Yayın da əlbəttə ki, isti olması normal haldır. İstidə əsasən, çimərlik və hovuzlara üz tuturam. Çox isti olmadıqda isə balıq tutmaqla məşğul oluram”.
Şəhər sakini Aytac İbrahimxəlilova: “İsti havalarda daha çox evdə qalmağa üstünlük verirəm. Kondisionerdən qətiyyən istifadə etmirəm. Düşünürəm ki, bu çox ziyandır. Əgər çox isti deyilsə, səhər saatlarında küçəyə çıxıram. İstinin çox qızmar olduğu vaxtlar çölə çıxmaq səhhətimizə zərər verir. Yayda daha çox dostlarım və ailəmlə dənizə gedirəm. İstirahəti isə bir neçə gün öncədən planlaşdırıram. Dincəlməyə isə daha çox dağlıq rayonları seçirəm. Hava çox pis olduqda özümü pis hiss edirəm və soyuq içkilərdən istifadə edirəm”.
Şəhər sakini Şəbnəm İsgəndərli: “İsti havalarda daha çox rayona və çimərliyə üz tuturam. Sağlamlığımı qorumaq üçün isə mütəmadi olaraq idman edir və üzgüçülüyə gedirəm”.
Şəhər sakini Fatimə Əzizli: “İsti havanı, ümumiyyətlə yay ayını çox sevirəm. Yayda rəngarəng geyinmək, həmçinin ağ rəngə üstünlük vermək mənim üçün vazkeçilməzdir. Hər yay rayonları gəzirəm və dənizdə istirahət edirəm. Elə evimiz də düz dənizin yanındadır. Doğrudur, hava istidir və bəzən problemler yaradır. Amma yay mənim ayımdır. Ona görə də bu fəsilə sevgi ilə yanaşıram”.
Şəhər sakini Mariya Məmmədova: “Yay ayları ən gözəl aylardan biridir. 66 illik həyatımda daima yaya önəm vermişəm və yayda gəzib istirahət etməyi sevirəm. Təzyiq problemim olsa da, normasında yay tətilini keçiririk. Hər gün səhər saatlarında dənizə gedirəm və təmiz hava qəbul edirəm.
Şəhər sakini Almaz Əlizadə: “Qloballaşma ilə bağlı son 20 il ən isti ildir. Dünya dövlətləri təbiətdən vəhşicəsinə istifadə edir. Yayda küçəyə çıxdıqda yalnız və yalnız kölgə ilə yoluma davam edirəm. Kondisionerdən qəti şəkildə istifadə etmirəm. Kondisioner xəstəlikdir və bunu sübut edən faktlar da var. Evdə sadəcə sərinkeş istifadə edirəm”.
Şəhər sakini Rafael Əfəndiyev: “Kondisioner bizi xəstələndirdiyi üçün istifadə etməkdən çəkinirəm. Doğrudur, evdə 20 ildən çoxdur ki, kondisioner var, lakin o qədər də istifadə etmirik. Kondisioner özü mikrob yaradır və birinci boğazdan başlayır”.
Şəhər sakini Lətifə Bağırova: “Hələ ki, rayonlara getməmişəm. Revmatizması güclü olan bir insan olsam da, kondisioner istifadə edirəm. Günün bütün saatlarına çölə çıxıram və bundan çəkinmirəm. Ürəyim xəstə olduğu üçün ağac kölgəsində oturmaq mənə yaxşı təsir edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB