"Rəsmi qiymətlər müəyyənləşsə, əsas narazılıq onda baş verəcək" - EKSPERT DİLƏ GƏLDİ

"Qanunsuz parklanmalarla bağlı dəfələrlə məsələ qaldırmışıq, həlli yollarını göstərmişik. Lakin bu istiqamətdə heç bir addım atılmayıb". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bugünkü, vəziyyət bir çox insanlara sərf edir: “Çünki parklanma pulsuzdur. Bəzi yerlərdə parklanma nəzarətçisi adı ilə dayananlar da özləri hansı qiyməti iddia etsələr də, bir əhəmiyyəti yoxdur. Çünki sürücülər nə istəsə onu verir. Sabah rəsmi rəqəmlər, rəsmi qiymətlər müəyyənləşsə, əsas narazılıq onda baş verəcək. Hələ bilmirik ki, Nazirlər Kabineti hansı qiymət siyasətini əsas götürəcək. Mən və başqa həmkarlarım həmişə bu mövzu ilə bağlı açıqlamalar verib. Həmişə də aidiyyatı qurumları ona dəvət eləmişik ki, vətəndaşların sosial durumunu nəzərə almaq lazımdır və reallığı qəbul etmək lazımdır. Azərbaycan reallıqları fərdi və spesifikdir. Avropada parkinq 5 dollardır, Atlantikada 20 dollardır və s. Bunlar heç vaxt Azərbaycan cəmiyyət üçün örnək olmayıb və olmamalıdır da. Ona görə də elə bir qiymət tətbiq edilməlidir ki, vətəndaşlar narazı qalmasın”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, o, vətəndaşların maşından istifadə etməməklərinin tərəfdarıdır: “Amma bunun alternativi olmalıdır. Bunun alternativi də ictimai nəqliyyatdır. Azərbaycanda ictimai nəqliyyat metro və abtobusdan ibarətdir. Amma vətəndaşları avtomobildən imtina etməyə sövq edən ölkələr birinci mövcud ictimai nəqliyyatı genişləndirir. Tramvay yaradır, avtobusların intellektual idarəetməsini və normal hərəkət etməsini təmin edir, metro bir şəbəkə kimi bütün şəhəri əhatə edir. Bunlar Azərbaycanda olmuya-olmuya biz parklanmanın, gömrük rüsumların qiymətini qaldırırıq ki, insanlar avtomobildən az istifadə etsin. Bunlar normal yanaşma deyil. Bu sadəcə olaraq, inzibati metodlarla avtomobilləşmənin qarşısını almaqdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə