“Beynəlxalq İslam Sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalı işıq üzü gördü

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyinin rəhbərliyi ilə təsis edilən “Beynəlxalq İslam Sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalının 2021-ci il üçün yeni nömrəsi dərc edildi. “Beynəlxalq İslam Sufizmi” adlı elmi araşdırmalar jurnalı, İslam təsəvvüfü elmi-tədqiqatlarının nəticələrini əks etdirən, ildə 2 dəfə ingilis dilində dərc edilən elmi –tədqiqat jurnalıdır. Bütün beynəlxalq standartlara tam cavab verən jurnalın elmi nəşrin redaksiya heyəti və ikili anonim rəyçi qrupu da bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.

Jurnalın Fəxri Redaktoru Türkiyənin tanınmış təsəvvüf –araşdırmacısı, yazıçı Cəmalnur Sarqut və baş redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur.. “Beynəlxalq İslam Sufizmi” jurnalı İslam təsəvvüfü sahəsindəki elmi yeniliklərlə bağlı tədqiqatçılar, tələbələr və oxucuların müzakirə aparmaları üçün əlaqələndirici platforma rolunu oynayır. Bu jurnalın nəşr edilməsi İslam təsəvvüfü ilə bağlı yaranan aktual akademik məsələlərə cavab vermək və bu sahənin daha da inkişafına dəstək olmaq məqsədi daşıyır.“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-nin sədri, “Beynəlxalq İslam Sufizmi” jurnalının təsisçi- redaktoru Dr. Xəyalə Məmmədova qeyd etdi: Jurnal İslam təsəvvüfü sahəsində tanınmış Azərbaycan və Türk alimlərinin birgə əməyi sayəsində ərsəyə gəlir. Əsas məqsədlərimizdən biri Azərbaycanın elmi jurnalı kimi “ Beynəlxalq İslam Sufizmi” jurnalını dünyanın nüfuzlu jurnallar siyahısına daxil etməkdir. Ümumiyyətlə, elmi- jurnallarımızın tanınmış elmi-bazalara daxil edilməsi nəinki elmimizə böyük nüfüz gətirir, eyni zamanda, hər sahədə sürətlə inkişaf edən ölkəmizin dünyada yüksək imicini də təsdiq edir . İslam təsəvvüfü sahəsində baş verən elmi yenilikləri əks etdirərək, elmi məqalələri beynəlxalq auditoriyaya jurnalımız vasitəsilə çatdırmaqla, yerli və xarici alimlər arasında elmi ünsiyyətin genişləndirməsində böyük rol oynayacayıq.”Onu da qeyd edək ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-yi yerli və beynəlxalq səviyyədə tanınmış “Elm və İnnovativ Texnologiyalar”, ingilis dilli “Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” adlı elmi jurnalları da dərc edir.

Jurnal haqqında əlavə məlumat üçün: https://ijislamicsufism.com/

Bütün xəbərlər Facebook səhifəmizdə