"Palatka", yoxsa restoran toyu? - EKSPERT AÇIQLADI

İl yarımdan çoxdur ki, toylar keçirilmir. Bunun müxtəlif fəsadları artıq görülməkdədir. Birincisi psixoloji-mənəvi, ikincisi demokrafi, üçüncüsü iqtisadi-sosial, dördüncüsü ümumiyyətlə, cəmiyyətdə olan psixoz vəziyyəti yaratmasına görə, toylara olan qadağaların vaxtında götürülməsi vacib idi. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, toyların formatlarına görə, müxtəlif fikir mübadiləsi olur: “Artıq 500, 1000 nəfərlik toylar yox, çox az sayda 50-150 nəfərlik toyların keçirilməsi təklif olunur. Sözsüz ki, açıq səmada və mağar toylarının tərəfdarıyam. Çünki mağar toylarında ən azı təbii havalandırma var. İnsanların sosial məsafəni gözləməsi şərti ilə eyni zamanda bir masa ətrafında beş, ən çox on nəfərin oturması, onlara xidmət edən personalın tibbi ləvazimatlardan istifadə etməsi, xüsusi formalarda xidmət göstərmələri daha arzuolunandır. Açıq səmada keçmişdə də toylar olub. Heç əvvəllər çadır da yox idi. Sadəcə açıq səma altında şənliklər toylar keçirilib. Amma yayı və istiliyi nəzərə alıb qapalı məkanlarda toy etmək istəyən şəxslər müəyyən şəraitlər yaratmaq şərti ilə və bir neçə zaldan istifadə etmək şərti ilə restoran və şadlıq evlərində də toyların keçirilməsi təklifinə baxmaq olar".

Aydınxan Əbilov həmçinin qeyd edib ki, mütəxəssislərin, tibb ictimaiyyətinin və Operativ Qərargahın şərtlərinə və göstərişlərinə xüsusilə riayət olunmalıdır: “Onlar necə təklif edirlərsə, ona uyğun da toyları təşkil etmək vacibdir. Toylar yalnız iki nəslin birləşməsi və insanların, o cümlədən də gənclərin ailə qurması demək deyil. Toylar həm də ictimai, mədəni, dövlət və cəmiyyət əhəmiyyətli bir hadisədir. Bunu sadəcə, şənlik məclisi kimi yox, həm də cəmiyyətin iqtisadi təməlini möhkəmləndirən, dövləti iqtisadi cəhətdən dirçəldən, yeni iş yerlərinin yaradılması, kreativ biznesin inkişafı baxımından da biz gözdən keçirtməliyik. Əlbəttə şadlıq evləri və restoranların çoxu indi fəaliyyət göstərmir. Toylar başlayan kimi onlar fəaliyyətə başlayacaqlar. Mağar, çadır toylarının keçirilməsi kreativ biznesin yeni növlərinin və istiqamətlərinin inkişafına təkan vermiş olar. Yeni iş yerlərinin yaradılması, eyni zamanda köhnənin yenidən dirçəlməsi baxımından da maraqlı olar. Ümumiyyətlə, istənilən halda hansı formada keçirilməsindən asılı olmayaraq, Operativ Qərargahın bütün göstərişlərinə riayət edilməlidir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə