Müasir dövrümüzdə abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhəri Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Azərbaycan Prezidenti İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş siyasəti sayəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətə çevrilib. Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinin səbəb amillərdir. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə çatdırır.
Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, Caz Festivalı, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mühüm əhəmiyyət kəsb edən tədbirləri təşkil olunmasına ölkəmizin beynəlxalq çəkisi, yüksək imici səbəbdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsi ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Dünya bunu görür və yüksək qiymətləndirir. Dünya mətbuatında dərc olunan məqalələrdə Azərbaycana qarşı olan diqqət, isti münasibət hiss olunmaqdadır. Azərbaycanı dolğun təsəvvür etmək üçün onun reallıqlarına həssaslıqla yanaşılır. Bu günlərdə "Avro-2020" futbol üzrə Avropa çempionatı çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi diqqətdən yayınmayıb. İtaliyanın "La Repubblica", "ANSA", "GQ Italia" və digər nüfuzlu mətbuat orqanlarında məqalələr yer alıb. "La Repubblica" qəzetində dərc olunmuş yazılarda ölkəmizin ev sahibliyi etdiyi oyunlar fonunda turistlər üçün maraqlı olan mövzulara toxunularaq Avropa və Asiyanın qovuşduğu, idmana yaxından bağlı, daima müasirləşən əsrarəngiz Bakı şəhərinin gözəlliklərindən bəhs edilib. Əlbəttə ki, şəhərimizə gələn hər kəs Bakı şəhərinə məxsus mədəniyyət və incəsənət nümunələri ilə tanış olur, qədim və zəngin şəhər hər kəsdə böyük təəssürat yaratmış olur.
Tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakıdakı Heydər Əliyev Hava Limanından başlayaraq incəsənət və memarlıq əsərləri ilə tanış olmaq imkanı əldə edirlər. Memar Zaha Hadid tərəfindən yaradılan möhtəşəm Heydər Əliyev Mərkəzi paytaxtımıza gözəllik verən abidələr sırasındadır. Şəhərin digər memarlıq inciləri "Alov qüllələri", Fairmont Baku mehmanxanası və s. ziyarətçilərə müasir memarlığı təqdim edir. Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər tikililər Bakının simasına müasirlik gətirib.
"CQ İtalia" tərəfindən dərc olunmuş məqalədə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək üçün Azərbaycana getməkdə maraqlı olan turistlərə Bakıda görməli olduqları məkanlar barədə bələdçilik edilib. Qeyd olunub ki, qədim ənənələrin müasirlik və dəbdəbə ilə sintezi olan gözəl Bakıda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər dövlət tarix-memarlıq qoruğu, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Miniatür kitablar muzeyi kimi bir sıra gəzməli-görməli yerlər vardır. "Stretto Web" informasiya portalı tərəfindən yazılmış məqalələrdə isə Bakının iqtisadi və texnoloji artımın sürətləndiyi, tezliklə əhəmiyyətli dərəcədə beynəlxalq aləmdə ön plana çıxacaq iddialı arxitektura layihələrini təqdim edən və Avropa izi olan bir kosmopolit şəhər olduğu bildirilib. Məqalədə oxuculara paytaxt Bakının qədim və müasir arxitekturası, əyləncə mərkəzləri barədə geniş məlumat verilib. Bununla yanaşı, məqalələrdə çempionata ev sahibliyi edən stadionlar arasında Azərbaycanın, eyni zamanda, bütün qitənin ən müasir idman kompleksi olan, müasirliyin, avanqardın və mədəniyyətin təbliğinin simvolu sayılan Bakı Olimpiya Stadionunun xarakterik xüsusiyyətlərindən bəhs edilib.
Əlbəttə ki, Bakı Olimpiya Stadionu beynəlxalq standartlara tam cavab verən idman obyektidir. Stadion müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Bütün bunlar göstərir ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və dünyanın hansı nöqtəsində diqqət yetirilsə, möhtəşəmliyi uğur və nailiyyətləri özünün göstərir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB