Plastik qabların yığışdırılması sən demə... - SEKTOR MÜDİRİ AÇIQLADI

"Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununda edilmiş dəyişikliyə əsasən bir dəfə istifadə etmək üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, qaşıq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsi qadağan edilir. Bildiyimiz kimi, həmin sadalanan məhsullar bir dəfə istifadə etmək üçün nəzərdə tutulur və sonradan tullantıya çevrilir. Nəticədə də bu cür tullantılar ətraf mühiti çirkləndirir". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, bu tullantılar əsasən dəniz sahillərini, yol kənarlarını, meşələri və çay hövzələrini çirkləndirir: "Bu tullantılar təkrar emal üçün yararlı deyil. Yararlı olan hissəsi çox kiçik olduğu üçün təbiətə düşdükdə bunları geri yığıb, təkrar emala yönləndirmək iqtisadi cəhətdən səmərəli olmadığı üçün bunlar ətraf mühitdə günü-gündən artır. Bütün inkişaf etmiş ölkələrdə bu məhsulların tədricən bazarlardan çıxarılması, istifadədən kənarlaşdırılması və onların alternativlərinin bazara daxil olması üçün şərait yaradılır. Bu məhsulların istehsalı və satışı ucuz başa gəldiyinə görə, sahibkarlar buna daha çox maraq göstərirlər və bu qadağalar qəbul olunduqdan sonra sahibkarlar həmin məhsulları əvəz edən alternativlərin ölkəmizdə satışını, idxalını, istehsalını təmin edəcəklər. Artıq bu işlərə başlayan sahibkarlar da az deyil".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə