Sosial şəbəkələrdə pis vərdişlərdə meyillilik nədən qaynaqlanır? - SOSİOLOQ İZAH ETDİ

“Aqressiyanın artması, insanların biri-birini həzm edə bilməməsi, yola getməməsi tək sosial şəbəkənin problemi deyil. Bunlar həm ailə daxili, həm ətraf mühitdə, həm iş həyatında, həm də dostluqda olur. Ailədə baş verən aqressiya bizimlə birlikdə işimizə də təsir edir. İşimizdəki əsəb-stress də evə yansıyır. Bunların hamısı bir-biri ilə sıx bağlıdır. Səbəb də çoxdur və fərddən-fərdə dəyişir. Kiminin şəxsi, kiminin iş, kiminin də sosial həyatı aqressiya yaradan səbəblərdən biridir. Bu bütün cəmiyyətin probleminə çevrilir. Pandemiyanın yaratdığı istər maddi, istərsə də mənəvi problemlər cəmiyyətin əsl aqressiya qaynağıdır. İşsiz qalan insanların hamısı bir-birinə mənfi təsir edir və aqressiya yaranır”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, pis həyat vərdişi dedikdə insanların gözü önünə içmək, çəkmək, tüfeyli həyat tərzi keçirtmək gəlir: “Amma bu qavramaya çox şeyi aid etmək olar. İnsanın xidmət etdiyi amillər, ideyalar, inanclar və s. həyat fərdişinin formalaşmasının xırda-xırda hissələridir. Əgər, sosial şəbəkədən yaxşı insan deyə tanıdığımız biri vəhabiliyə qurşanıbsa və yaxud da hər hansı bir dini təriqətin əqidələrini müqəddəs hesab edirsə, bu hansısa təhlükənin xəbərçisidir. İnsanların sağlamlığı üzərindən oyunlar oynayan, sağlamlığa zərərli hər hansı məhsulun satışı ilə məşğul olanlar pis həyat fərdişinin formalaşmasının tərkib hissələridir”.

Sosioloq sözlərinə belə davam edib: “Doğrudur, dost çevrəmizi biz özümüz seçirik. Real həyatda kimin daha yaxşı və pis olduğunu da tezliklə aydınlaşdıra bilərik. Amma virtual həyatda bunu öyrənmək, aydınlığa qovuşdurmaq çox çətindir. Çünki, virtualda insan çox maskalana və özünü gizlətmə bacarığına malik ola bilər. Biz klaviaturanın digər başında kimin oturduğundan məlumatsızıq. Bu baxımdan da bizi gözləyən təhlükənin böyüklüyü haqqında məlumatımız da az olur. Bu hallar xüsusilə yeniyetmə və gənclərdə baş verir. Bu səbəbdən də, mən həmişə yaxınlarıma deməyə çalışmışam ki, uşaqları sosial şəbəkələrdən uzaqlaşdırın. Çünki, onlar orada tez təsirə düşə bilərlər. Bu baxımdan pis həyat vərdişinə aludəçilik sosial çevrəsi məhdud, amma virtual çevrəsi geniş olan insanların daha çox başına gəlir. Belə insanları hər hansısa bir pis vərdişə, təriqətə, inanca öyrətmək çox asandır. Yəni, real sosial həyatı olmayan insanlar bir növ çiy insan adlanır. Onlar insan tanımırlar və aldatmaq çox asandır. Bütün bu səbəblərdən virtual həyatda hər özünü yaxşı tanıdan insanın yaxşılığına inanmaq sadəlövlükdür. Mütləq araşdırmaq lazımdır”.

“Pis həyat vərdişini təbliğ edən insanların virtual müstəvidə aşkarlanması sadə insanlar tərəfindən çətin olsa da, hüquq-mühafizə oranlarının əlində su içimidir. Yəni, müəyyən açar sözlərlə kimin hansı işlə məşğul olduğu müəyyən edilə bilər. Məsələn, “narkotika” sözünü sosial şəbəkələrdə axtarışa versək, bizə bildiriş gəlir ki, bu söz sizin sağlamlığınız üçün zərərlidir. Yəni, sistemi elə qurublar ki, bu sözə qarşı həssaslıq yaranır və sistem avtomatik xəbərdarlıq göndərir. Məncə buraya bir çox sözləri də əlavə etmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə