Azərbaycanda yenidən qapanma olacaq? - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Bildiyimiz kimi, 22 iyun tarixində toyların yenidən açılması ilə bağlı qaydalar müəyyənləşib və artıq iyulun 1-i tarixindən toylara icazə veriləcək. Həmçinin, qapanmalar da xeyli yüngülləşib. Ancaq, buna baxmayaraq dünyanı cənginə alan “Hindistan ştammı” insanları çox narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, “Hindistan ştammı” çox təhlükəli virus növüdür: “Həmçinin bu virus qrip şəklindədir. Yəni, adi qriplə heç bir fərqi yoxdur. 3 gündən sonra isə 39-40 dərəcə tempratur müşahidə olunur”.

Həkim sözlərinə belə davam edib: “O cümlədən, bu xəstələrdə qanda laxtalanma da demək olar ki, çox gec gedir və qanaxmaya meyillilik yaranır. Bu səbəbdən də çox təhlükəlidir”.

“Bilirsiniz ki, hal-hazırda Rusiyada bu xəstəliklə bağlı bütün xəstəxanalarda artım qeyd olunur. Təbii ki, Azərbaycanda da vaxtında peyvənd olunmasa, insanlar vaksinasiyadan qaçıb gizlənsələr vəziyyət təhlükəli olacaq. Bu bəlaların bizim də başımıza gəlmə ehtimalı var. Ancaq, bu gün göstərilən ümidverici rəqəmlərə əsasən, 3 milyon Azərbaycan vətəndaşı birdəfəlik vaksinasiyadan keçirilib. Milyondan yuxarı insan isə iki mərhələli peyvənd olunub. Yəni, ikinci dozanı qəbul ediblər. Bu da onu deməyə əsas verir ki, artıq 10 faiz əhalimiz vaksin olduğuna görə, təhlükə nisbətən azalır”.

“Onu da qeyd edim ki, payız fəsli yaxınlaşdıqca təhlükə daha da artır. Qapanmalar azalıb və artıq rahat şəkildə maskasız gəzirik. Lakin, qapalı məkanlarda maska istifadəsi şərtdir. Həmçinin yay vaxtıdır və “hindistan ştampı”nın olduğu Rusiyaya da meyvə ixrac edən insanlar kifayət qədərdir. Bütün bunları nəzərə alaraq, insanlar peyvənd məsələsini bir daha nəzərdən keçirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə