AQTİ mütəxəssislərinə təlim keçirilib

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

AQTA-dan SİA-ya verilən məlumata görə, növbəti belə təlim ABŞ Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasının işçi heyətinə “Biotəhlükəsizlik və biomühafizə qaydaları” üzrə keçirilib. Təlim zamanı heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları, virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili haqqında iştirakçılara geniş məlumat verilib.

Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə