Enerji içkiləri istehsal edən MMC-yə qarşı iş qaldırılıb

Araşdırmaların ilkin nəticələrinə görə, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qurumdan SİA-ya verilən məlumata görə, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə