BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə artıq 500-dən çox şəxsin biznes-planı təsdiqlənib. SİA xəbər verir ki, həmin şəxslərin dayanıqlı biznes qurmaları üçün aktivlərlə təminatı işləri aparılır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti birgə layihələrin icra vəziyyətini müzakirə edərkən həmin layihənin həssas qrupların səmərəli məşğulluğuna mühüm dəstək olduğu vurğulanıb.

Nazir “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi üzrə “Peşəkarlığın İnkişafı və İnnovasiyalar Platforması” (PROGRO) metodologiyası əsasında təşkil olunan təlimlərin gənclərin əmək bazarına inteqrasiya imkanlarının artırılmasında əhəmiyyətini qeyd edib. Bildirib ki, Nazirlik, BMT İP və USAID-in birgə icra etdiyi bu layihə üzrə təlimlərdə iştirak edən gənclərin böyük əksəriyyəti əldə etdikləri müasir bacarıqlar müqabilində işlə təmin olunublar.

Dünyanın aparıcı onlayn tədris sistemi olan “Coursera” ilə iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə təşkil olunan kursların əmək bazarına daxil olmaq üçün lazımi bilik və bacarıqların artırılmasına yönəldiyi bildirilib.

S.Babayev və A.Frakassetti hər iki layihənin, həmçinin əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsinə yönəlik birgə layihənin komponentləri üzrə aparılan işlərin cari vəziyyətini və görüləcək işləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə