190 saylı orta məktəbin məzunları Ülvi Rzalı, Aydan Cavadova və 132-134 saylı Təhsil Kompleksinin məzunları Dəniz Tacəddin, Ramil Zeynalovun Səs TV-yə müsahibəsi:
- Bu son zəng sizin hər biriniz üçün ayrı-ayrılıqda nə ifadə edir?
Ramil Zeynalov: - Mən məktəb illərimi çox yüksək qiymətləndirirəm. Çünki bu illər ərzində mən çox dəyərli insanlar tanımışam. Düşünürəm ki, məktəb illərində qazanılan dostluqlar heç vaxt itirilməməlidir. Bir yandan məktəbi bitirdiyimə görə sevinir, digər yandan isə dostluqlarımızdan və məktəbdən qismən də olsa uzaqlaşdığımıza görə üzülürəm.
Dəniz Tacəddin: - Məndə eyni düşüncədəyəm. Belə ki, məktəb illərində qazandığımız dostluqlardan uzaqlaşacağımıza görə hamımız pis oluruq. Amma mən arzu edirəm ki, qazandığımız dostluqları məktəbdən sonra da davam etdirək. Nə qədər kədərlənsək də, daha çox sevinc hissi yaşamalıyıq. Çünki qarşıda bizi gözləyən ali məktəb həyatı var.
Aydan Cavadova: - Mənim üçün bu gün çox kədərli bir gündür. Çünki mən elə bir şagird olmuşam ki, məktəbimə, sinif yoldaşlarıma olan marağım mənim üçün hər şeydən üstün olub. Həmişə xəstə olanda anam dərsə getməyimə icazə vermirdi, mən də oturub ağlayırdım. Yəni uşaq vaxtlarımdan məktəbə çox bağlı olmuşam. Bugün isə mənim üçün çox çətindir, çünki mən məktəbi həmişə ayrılmaz parçam kimi bilmişəm.
Ülvi Rzalı: - Məktəbimizdə şagirdlərlə müəllim kollektivi arasında çox böyük bağlılıq olub. Müəllimlərimiz bizim böyük hörmətimizi qazanıblar. Təbii ki, məktəbdən ayrılmaq hamımız üçün çətin olacaq. Mənim üçün bu gün müəllimlərimdən ayrıldığım üçün hüzünlü gündür. Çünki məktəb yoldaşlarımızla dostluqlarımızı davam etdirəcəyik, amma, müəllimlərimizlə aramızdakı əlaqələr qismən də olsa soyuyacaq.
- Artıq yeni həyata qədəm qoyursunuz, heç düşünürsünüzmü ki sizi hansısa çətinliklər gözləyir?
Dəniz Tacəddin: - Əlbəttə artıq son zəng bizə bir şeyi daha ifadə edir. Belə ki, son zənglə biz artıq uşaqlığımızı geridə qoyuruq. Qarşıda bizi böyük məsuliyyətlər gözlədiyini də bilirik. Təbii ki, kim bu məsuliyyətə nə dərəcədə hazırdır, bunu demək çətindir. Lakin mən öz adımdan deyə bilərəm ki, ali məktəbə qəbul olmaqla bizi daha da rəngarəng bir həyatın gözlədiyinə inanıram.
- Məktəb illərinizlə bağlı ən unudulmaz xatirəni bizimlə paylaşa bilərsinizmi?
Ülvi Rzalı: - Təbii ki, hər birimizin unudulmaz bir çox xatirəsi var. Mən daha çox dərsdən qaçmağımı xatırlayıram. Çünki dərsdən qaçan zaman keçirdiyimiz həyəcan bizim üçün unudulmaz olurdu. Bəzən də müəllimlərimiz dərsdən qaçdığımızı bilir, müxtəlif tədbirlərlə bizi cəzalandırırdılar. Məktəb illərimizdə o cəzaların da öz yeri, öz xoşluğu var idi.
Aydan Cavadova: - Düşünürəm ki, məktəb illərimdən mənim yadımda qalan ən önəmli xatirə, elə məhz Son Zəng olacaq. Çünki bu gün mən heç bir sual qarşısında ifadə edə bilməyəcəyim hisslər yaşayıram. Artıq uşaqlıq yuxusundan oynıram. Bütün bunlarla yanaşı, mən məktəbi tərifnamə ilə bitirdim və qızıl medala layiq görüldüm. Bu xatirələr mənim yaddaşımdan qəti surətdə silinməyəcək, illər keçdikcə daha da dərinləşəcək.
Dəniz Tacəddin: - Mənim ən unudulmaz xatirəm 11-ci sinifdə məktəbdən qaçmağımız olub. Müəllimlər dərsdən çıxmağımıza icaze vermirdi, biz isə hazırlıqlara gecikirdik. Ona görə də, pəncərədən qaçırdıq. 11 ildə etmədiyim hərəkəti son ildə etmək həm də ən həyəcanlı formada… Bu mənimçün unudlmaz hissdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB