Görəsən, nə ayıb işi var idi ki, intihar edib? - PSİXOLOQDAN AÇIQLAMA

Görəsən, nə ayıb işi var idi ki, intihar edib? - PSİXOLOQDAN AÇIQLAMA

“Təəssüflər olsun ki, bu dəfəki məsələ də initiharlarla bağlı olacaq. Biz bu məsələ haqqında nə qədər çox danışsaq, bir o qədər də maariflənmiş olarıq və bəlkə də, hər hansısa bir intiharın qarşısının alınmasında vasitəçilik edərik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, intiharların emosional və informativ kimi bir sıra növləri var: “İntiharlar əsasən insanın özünəqapanması nəticəsində inkişaf edir. Cəmiyyət intihar edən insan haqqında düşünür ki, “görəsən bunun nə ayıb işi var idi ki, intihar edib?” Biz bioloji varlıq olduğumuz qədər, həm də sosial varlığıq. Bəzən bioloji varlıq olaraq hər hansı bir məsələ bizi incitməyən bir məqamda, sosial varlıq olduğumuz üçün bizə mənfi təsir edə bilər”.

“İntihar məsələsində valideyn faktoru da çox önəmlidir. Çox gözəl olardı ki, hər bir valideyn öz övladı ilə dost olsun. Bəzən baxırıq ki, övladı ilə dost olan valideynin övladının da hər hansısa bir problemi olduqda övlad yenə də onu anası və ya atası ilə bölüşə bilmir. Burada artıq, o sual ortaya çıxır ki, “Axı, valideyn övladına bu qədər can yandırır, ona bu qədər sevgi verir. Yəni, bu qədər sevginin içərisində nə baş verib ki, onun övladı intihar edir?”. Demək ki, burada valideynin həddindən artıq məhəbbət verməsi və ya verməməsi övladımızda müəyyən düşüncələrə səbəb olur. Bu adətən çox uşaqlı ailələrdə baş verir və uşaqlardan biri düşünür ki, valideyni onu digərləri ilə müqayisədə o qədər də çox sevmir. Beləliklə, həyatdan bezdiyini düşünüb intihar edir. Yəni, düşünür ki, onun yaşayıb yaşamadığının valideyni üçün heç bir əhəmiyyəti yoxdur”.

Psixoloq sözlərinə belə davam edib: “Hər insan fərqlidir və hər insanın da öz fərqli intihar psixologiyası var. İntihara sövq edilməmişdən öncə biz ətrafımızdakı insanları yaxından tanımalıyıq və onlarla düzgün strategiya qurmalıyıq ki, o strategiyanın içərisində istədiyimiz nəticəni alaq. Yəni, bir insanın həyatının sona çatması cəmiyyət tərəfindən əzilməməlidir. Biz psixoloqlar diqqətli olaraq insanlara kömək etsək, bunun qarşısını ala bilərik”.

“İntiharlarda yalnız ailə faktoru deyil, sosial, ətraf, qohum-əqrəba, dost-tanış da mühüm rol oynayır. Eyni zamanda mən əsgər intiharlarını da vurğulamaq istəyirəm. Nədir səbəb? Əsgəri buna nə vadar edir? Bəzən görürük ki, əsgərliyə gedən oğlanın hərbi düşüncəsi və hərbi psixologiyası yoxdur, yəni bilmir. Belə insanlarda “mən” eqosu həddindən artıq yüksək olur. Belə halda hərbi disiplinə dözə bilmir və ən asan yol olaraq intiharı seçir. Lakin, biz öncədən övladlarımızı düzgün maarifləndirsək, “bura kişilik məktəbidir”, “sən burada özünə yaxşı dostlar qazana bilərsən” kimi fikirləri aşılasaq daha yaxşı olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə