Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun SİA-ya müsahibəsi:
- Riskli qidalar hansılardır? Misal üçün 10 qida götürdükdə bunlardan riskli qidalar kimi hansıları sadalamaq olar?
- Xüsusən yay ayları istilik reaksiyanın getməyi üçün bir katalizatordur. Belə vəziyyətdə yay aylarında riskli qidalardan birinci növbədə balıqlar, göbələklər dayanır. Buraya xüsusilə də, hisə verilmiş balıqlar daxildir. Bu cür qidalar hər an insanın həyatına son qoya bilər. Ümumiyyətlə, bütün zamanlarda məsləhət görülməyən, xüsusilə uşaqlara çipsilər, paloçkalar, fast food qidaları və s. riskli qidalar qrupuna daxildir. Əlbəttə ən təzə hazırlanmış qida belə elə bir vəziyyətdə saxlanıla bilər ki, bu çox kiçik bir zamanda yararlılıq müddətində riskli qidaya çevrilərək insan həyatına son qoya bilər. Ona görə də qidanın təzə istehsal olunması şərt deyil. Onun saxlanma şəraiti mühüm amillərdən biridir.
- Bu riskli qidaların saxlanma şəraiti necə olmalıdır ki, insana zərəri olmasın?
- Hər bir qidanın saxlanılma şəraiti üçün standartlar mövcuddur. Həmin qidaların etiketinə saxlanma şəraiti yazılıb. O yazılan etiketə istehlakçılar əməl etməlidir. Bişiriləndən sonra necə saxlanılması isə malın etiketində yazılmasa da, lakin birmənalı şəkildə soyuq vəziyyətdə saxlanmalıdır. Amma soyuğun özü də qidanı yenə də təhlükəsiz etmir. Bu dəfə ortalığa saxlanma müddəti çıxır. Soyuducunun qapısı açılır, örtülür və s. Bunlar hamısı qidaya təsir edən amillərdir və bişiriləndən sonra da tez yeyilməlidir.
- İlin bu aylarında insanlar qarpız, yemişə üstünlük verir. May, iyun ayında artıq bütün mağazalarda qarpıza, yemişə rast gəlmək olur. Ümumiyyətlə bunların tərkibi nədən ibarətdir? İnsanlar qarpızdan, yemişdən hansı qaydada istifadə etməlidir?
- Ümumiyyətlə, bilməliyik ki, bütün dünyanın hər yerində istehlakçıların aldadılması baş verir. Doğma, gözəl Azərbaycanımızdan da bu yan keçməyib. İstehsalçıların arxasında elm, texnologiya və pul dayanır. İstehlakçı isə təkdir. İndi qarpız, yemiş sezonudur. Qarpız istehsalçıları çox ağır zəhmətlə başa gətirdikləri əhəmiyyətli və bütün yer üzündə olan insanların keçə bilməyəcəyi son dərəcə qeyri-adi bostan bitkisini böyütmək, bazar üçün yararlı, gec xarab olan və dözümlü etmək üçün mümkün olan müasir yolların hamısından istifadə edirlər. Azərbaycanda bitən qarpız adətən beş, altı kilodan artıq olmur. Qarpızlara bıçaq vuran kimi partlayır. Belə qarpızları kəsəndə o al-qırmızı olur, çəhrayı rəngdə olmur. Baxmayaraq ki, çəhrayı qarpızlar gübrələndiyi üçün daha şirin olur. Böyük qarpızlar şirin, tumu az olur, kəsəndə içərisindən ağ zoğlar görünür. Bütün bunlar istehlakçı üçün cəlbedicidir. Gübrəsiz qarpız kiçik olur, qabığının qalınlığı yarım santimetrdən artıq olmur, rəngi al qırmızı, tumların sayı çox olur. Çox yaxşı olar ki, qədim Azərbaycan sortlarından olsun. Yəni, içərisində böyük tumları olan qarpızlar bu sortdur. Demək olar ki, bazarda 98 faiz xırda tumlu qarpızlardır. Hətta tumsuz qarpız da mövcuddur. Tumsuz qarpızlar istehlakçının diqqətini daha çox cəlb edir. İstehlakçını aldatmaq, çaşdırmaq işləri gedir. Azad bazar iqtisadiyyatıdır, nə etmək olar? Azərbaycan da, dünya bazarına inteqrasiya olmuş bir bazardır. Dünyanın hər yerindən məhdudiyyətsiz mallar gətirilərək satılır. Lakin, istehlakçı maarifli olmalıdır. Ümumiyyətlə, özü saxlaya bilmirsə, alırsa, çox az istehlak etsin.
- Keyfiyyətli qara çörəklər necə olmalıdır?
- Etiraf edək ki, ildən-ilə bu sektor yaxşılaşaraq sağlamlaşır. Məsəl üçün illər öncə bizə şikayət gəlmişdi ki, İngiltərə vətəndaşı dietik çörək alıb, kəsəndə görüb ki, bıçaq nəyəsə toxunur. Bizim ofisə gəlib, ərizə yazıb ki, bunu təhlil edək. Çörəyin içərisindən böyük dəmir çıxıb. Bu təxminən 8-10 il öncə olub. Kənar cisimlərin çörəyin içərisinə düşməsi çox nadir hallarda olur. Artıq vəziyyət xeyli düzəlib və Qida Təhlükəsizliyi Agentliyi yaranıb ki, o da malların təhlükəsizliyinə nəzarət edir. Lakin, bununla belə istehlakçıların qara çörək haqqında fikirləri daim təzadlıdır. İstehlakçılar düşünürlər ki, çörəklərin tərkibinə qara nə isə vururlar. Hazırda bu vəziyyət demək olar ki, yoxdur. Qara, dietik çörəklər xüsusi unla, müəyyən qədər də buğda unu qarışdırılaraq çovdar unundan bişirilir. Mağazalarda diabetik şəkər tozları satılır. Guya bu diabetlərə zərər etmir?! Səhiyyə Nazirliyinin rəsmi cavabı var ki, bu diabet xəstələrinə zərərdir.
- Bu yaxınlarda ümumiyyətlə hansı qanunsuzluqların şahidi olmusunuz? Mağazaya daxil olarkən bir ekspert kimi oradan bir nümunə götürmüsünüz?
- Mən Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın sədriyəm. Gələn şikayətlər orada müzakirə olunur. Şikayətlər arasında İvanovka dükanlarında satılan yalançı nehrə yağları olub. 20-yə qədər saxta İvanovka dükanları var ki, onların İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur. Bu nehrə yağlarının əksəriyyəti, demək olar ki, 90 faizi heç də nehrə yağı deyil və ayrı - ayrı yağların qarışığından əmələ gəlib. İvanovka və yaxud İsmayıllı xaması satılır. Biz ekspertizaya da vermişik və məlum olub ki, bu heç də xama deyil. Yəni, müəyyən bitki yağlarının qarışığından hazırlanıb. Qablaşdırılmış mallarda ciddi problemin biri mal etiketi ilə əhalinin aldadılması məsələsidir. Üstünə yazılır natural yağ. Natural yağ dedikdə isə, istehlakçının gözünün qabağına kərə yağı gəlir.
- Yay mövsümündə insanların çoxu açıq havada kəsilən ətlərə üstünlük verirlər. Bu barədə nə deyərdiniz?
- Birmənalı şəkildə insanları çağırıram ki, açıq havada, harda gəldi kəsilən heyvan ətlərinə üstünlük verməsinlər. Həmin ətlər baytarlıq nəzarətindən keçmir. Ölkədə ayrıca kəsim qaydaları təsdiq olunub. Əhali kəsim qaydalarına uyğun olmuş yerlərdən ət almalıdır.
- Açıq havada kəsilən ətləri insanlar alıb, dərhal bişirib yedikdə orqanizmdə hansı fəsadlar baş verə bilər?
- Azərbaycan istehlakçıları cəld zəhərlənmə anlayışına malikdirlər. Tədrici zəhərlənmə anlayışı yoxdur. Qeyd etdiyim kimi, heyvanlara böyük doza ilə antibiotiklər vurulur. Gərək onun üstündən bir ay keçsin, axırıncı baytar yoxlasın görsün necədi, qızdırması varmı, antibiotiklər sovrulubmu? Ondan sonra bu heyvan kəsilsin. Lakin, küçədə kəsilən heyvanlarda heç bir tədqiqat getmir və insanların bədənində antibiotik qalıqları yığılır,sonra qızdırması olanda, xəstələnəndə, ona antibiotik vuranda, artıq onun bədənində heyvan antibiotiki olduğu üçün insana təsir etmir. Yəni, dərmanların da ona xeyri olmur.
- Mağazalarda müxtəlif adda toyuqlara rast gəlirik. Ümumiyyətlə keyfiyyətli toyuğu necə seçmək lazımdır?
- Kənd toyuğu anlayışı insanların beyninə oturub. Əhali bilməlidir ki, kənd toyuğu nə ilə olsa qidalanır. Azərbaycanın ən ucqar kəndində belə toyuqlara dərman verilərək iynələr vurulur. Ümumiyyətlə kənd toyuğu adı altında istehlakçıların aldadılmasına son qoyulmalıdır. Marketlərdə kənd toyuğu adı altında salafana bükülmüş, ayaqları da kəsilməmiş toyuqlar satılır. Əksər hallarda bu toyuqlar elə təsadüfi fermer təsərrüfatlarından gətirilmiş toyuqlar olur. Əhali onu təzə toyuq kimi alır. Kənd toyuğu ilə broyler toyuğunun ciddi fərqlərindən biri broyler toyuğunun sümüyünün yumşaq olmasında, tez bişməsində, tez yetişkənli olmasındadır. Əlbəttə, broyler toyuqları müəyyən məhdudiyyətlə istehlak olunmalıdır. Onlar mütləq qaynadılmalıdır. Qazanın qapağı açıq qoyulmalıdır ki, ondan buxarlar çıxsın. Çox bişirilməməli və ciddi nəzarət altında olmalıdır. Lakin nə etmək olar, azad iqtisadiyyatdır. Dükanlarda şükürlər olsun ki, böyük seçim var. Ona görə də istehlakçılar birinci malların buraxılma tarixinə və son yararlılıq müddətinə, hansı toyuqların yararlılıq müddəti kiçikdirsə, ona üstünlük versinlər.
- Çoxları bəlkə də bilmir, marketə daxil olur və toyuq almaq istəyir, hansı toyuğa üstünlük verməlidir?
- Ancaq mən marka adı demərəm. Çünki mən heç vaxt yaxşı şey barədə danışmıram. Sadəcə olaraq deyirəm ki, hansının yararlılıq tarixi kiçikdirsə, ona üstünlük versinlər. Deməli istehsalçı onu kimyalaşdırmayıb. Sonra qabığı əzilməməlidir, yəni, o dondurulub, donu açılıb, təzədən dondurulmamalıdır. Qablaşdırılmada əziklik varsa onun bu o deməkdir ki, artıq temperatura məruz qalıb və yaxud dükana girəndə görürlər ki, pis qoxu gəlir. Bunun səbəbi, dükan sahibi gecələr elektrikə qənaət etmək üçün soyuducunu şəbəkədən ayırıb. Artıq bu mallar çirklənib və riskli olub. Onların saxlanma şəraitinə fikir versinlər. Əgər görürlər ki, toyuğun donu açılıbsa, belə toyuğu almaq lazım deyil.
- Ümumiyyətlə ət məhsulları ev şəraitində necə saxlanılmalıdır? Soyuducuya qoyduqda hansı temperaturda olmalıdır?
- Bəli çiy əti də, bişmiş xörəyi də müəyyən temperaturda, müəyyən vaxt miqdarında saxlamaq olar. Dükandan alınmış əti 2 aya qədər də soyuducuda donmuş vəziyyətdə saxlamaq olar, heç bir problem olmaz. Bişmiş əti iki, üç gündən artıq 4 dərəcəlik temperaturdan artıq saxlamaq məsləhət görülmür. Həmçinin toyuq əti, balıqlar da bura aiddir. İnsan dərhal zəhərlənmir, tədricən insanın bədənində lazımsız maddələr toplanır və xəstəliklər əmələ gəlir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB