Analar öz körpələrinə süd verməməklə, onların və özlərinin sağlamlığını təhülkə altına qoyur
Körpə olanda anamızın böyük həvəslə bizə verdiyi südün xeyrini bütün ömrümüz boyu görmüşük. Ana südü bizi təhlükəli xəstəliklərdən qoruyub, immunitetimizi güclü edib, əqli və ruhi inkişafımıza müsbət təsir edib. Bir gün gəldi biz də ana olduq, lakin heç də hamımız övladımıza öz anamızın bizə davrandığı kimi davranmadıq. Bəzilərimiz onu əmizdirmək yerinə ağzına bir qaşıq horra, ya da şübhəli tərkibli süni uşaq yeməyi töküb işhatla yeyəcəyini gözlədik... körpəmizin yeni açılmış gözlərindəki narazılığı görmədən...
Ana südü ən böyük möcüzədir
Yazımıza bu möcüzə haqda qısa arayışla başlayaq. Ana südü həmişə ən uyğun temperaturdadır. Ana südünü vermək üçün əlavə pul xərcləməyə də ehtiyac yoxdur, ən sərfəli qidadır.
Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklər çox az rast gəlinir. Ananın doğuşdan sonra övladına verdiyi ilk südə el arasında “ağız südü” deyirlər ki, bu süd körpənin ilk peyvəndi hesab olunur. Hər bir qaşıq ana südü övladınızı bir xəstəlikdən qoruyur. Ana südü ilə qidalanan uşaqlarda mədə-bağırsaq və tənəffüs yolları xəstəliyi çox nadir hallarda olur.
Ana südü körpədə qulaq infeksiyalarına yoluxma riskini xeyli azaldır. Hətta bu sətirlərin müəllifinə bir həkim uşağın qulağı ağrıyanda qulağına ana südü damızdırmağı tapşırmışdı. Dediyi kimi etdik, həqiqətən də effektiv nəticəsini gördük.
Xüsusilə qeyd edək ki, ana südü ilə qidalanan uşaqlarda “miningit” xəstəliyi olmur. Təbii qidalanan uşaqlarda revmatizm də olmur. Süni qidalarla böyüyən uşaqlar isə ana südü ilə qidalanan uşaqlara nisbətən köklük xəstəliyi riski daşıyır. Daha onlarla xəstəliyə qarşı müqavimətləri çox zəf olur.
Ana südü təbii sakitləşdirici və yuxu dərmanıdır. Döş əmən körpənin dişləri daha sağlam və səliqəli inkişaf edir. Bir çox ana uşağını yedirərkən südün nəfəs borusuna düşməsindən çox ehtiyat edir. Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildə apardığı bir araşdırmaya görə, ana südü ilə qidalanan uşaqlar heç bir halda bu risklə qarşılaşmırlar.
Qız uşaqlarının ana südündən məhrum qalması daha təhlükəlidir, çünki ana südü verilməyən qızlar daha çox döş xərçəngi riski daşıyır. Süni qida ilə böyüyən uşaqlar ana südü ilə böyüyən yaşıdlarına nisbətən hər şeyi daha zəif qavrayırlar. Ana südü ilə qidalanan uşaqların immuniteti daha güclü olur. Süni qida ilə qidalanan uşaqların ana südü ilə qidalanan yaşıdları ilə nisbətdə diabet xəstəliyinə yoluxma riski yüksəkdir.
Belə “ana”lar da var...
Bir neçə il bundan qabaq oğlum dünyaya gələndə bir həftə qaldığım doğum evində çox əcaib hadisələrlə rastlaşdım. O hadisələrdən biri də 23 yaşlı gənc ananın özünə və körpəsinə etdiyi əziyyət idi. Körpə çox zəif idi və xüsusi qayğıya ehtiyacı vardı, ən əsası da ana südünə. Amma anası yalnız özünü düşünürdü.
Uşaq doğulan kimi ana süd vəzilərini yaylıqla sıxıb kürəyindən möhkəm-möhkəm bağladı, südün kəsilməsi üçün əvvəlcədən aldığı dərmanları içdi. Süd isə kəsilmədi, süd vəziləri partlayacaq hala gəldi. Qadın südsağan cihazla südünü sağıb ayaqyoluna tökdü, körpələr otağında acından ağlayan övladına isə, süni qida verilməsini tələb etdi.
Həkimlərin təəccübünə və danlağına qətiyyən əhəmiyyət vermədi. Onu düşündürən yeganə şey süd vəzilərinin “fiqura”sının pozulmaması idi... Lakin savadsızlıq bəlası, kitab, qəzet oxumaq əvəzinə məişət mövzulu seriala baxmaq azarı onu və onun kimiləri uşağa ana südü verən qadınların daha yaxşı və düzgün fiquraya malik olduqlarını təsdiq edən elmi araşdırmalardan xəbərsiz saxlamışdı.
Ana südünün faydaları və əmizdirmənin əhəmiyyəti saymaqla bitməz. Dünyanın ən məşhur həkimləri, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF analara körpələrini əmizdirməyi məsləhət görür. Amma həm Azərbaycanda, həm də dünyada ana südü ilə qidalanma son illərin ən aktual problemidir.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin məlumatına görə isə, Azərbaycanda anaların 15 faizdən azı körpəsini 6 aya qədər ana südü ilə qidalandırır.
2010-cu ilə Milli Məclisdə qəbul olunan “Ana südü haqqında qanun” kifayət qədər effekt vermədi və məsələyə yenidən qayıdılmalıdır. Çünki bu sahədə vəziyyət çox acınacaqlıdır.
Övladını düşünməyən qadın, heç olmasa özünü düşün!
Mütəxəssislər deyir ki, əmizdirmə son dərəcədə güvənli və təbii bir üsuldur. Hər məməli canlı kimi insanlar da balasını doğuşdan dərhal sonra əmizdirməlidir. Ananın körpəyə süd verməsi körpəyə inanılmaz dərəcədə güc-qüvvət, sağlamlıq və enerji verir. Amma süd verən qadının özü də bu prosesdə daha tez sağalır. Çünki, doğuşdan dərhal sonra qadın körpəsini əmizdirməyə başlasa, doğuşdan sonra çox vaxt baş verən təhlükəli qanaxmalar heç vaxt olmur.
Bütün hamilə qadınların orqanizmində hamiləlik müddətində gələcək körpəsini əmizdirə bilməsi üçün proseslər gedir. Buna görə də, hər bir ana əmizdirmə qabiliyyətinə malikdir. Mütəxəssislər bildirir ki, süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısı alınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25% daha azdır.
Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilir. Çünki süd verən analar gündə 500 kalori xərcləyir. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur. Ana südü üzdəki sızanaq və civzələrə də kömək edir, hər gün dəri südlə silinsə və ana südündə isladılmış dəsmalla kompress edilsə, bütün civzələrdən və ləkələrdən təmizlənər.
ÜST-ün bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, daha sağlam və daha uzunömürlü olurlar. Daha çox uşağı olan qadınlar daha sağlam, daha uzunömürlü olurlar.

Ana ilə bala arasındakı gözəgörünməz əlaqə
Əmizdirmə zamanı ana ilə körpə arasında, eyni zamanda, bir gözəgörünməz əlaqə yaranır və bu etibar bağıdır. Mütəxəssislər bildirir ki, süd verən analar övladından uzaq olduqda belə, onu hiss edir, narahat olmasını, ağlamasını duyur. Bu gözəgörünməz bağ uşaqlıq dövründə və məktəb çağında uşağın ən çox ehtiyac duyduğu hissdir.
Bütün körpələr qucağı sevir, amma əmizdirmə zamanı tutulan formada qucaqlaşma bütün uşaqlar üçün əsl səadətdir. ÜST-ün bununla bağlı bir araşdırmasında qeyd olunur ki, əmizdirmə zamanı anasının qucağında olan körpənin ruhi və fiziki inkişafı üçün bu duruş son dərəcə əhəmiyyətlidir.
Ukraynada 2500 uşaq arasında aparılmış tədqiqata görə, ana südü verilmiş uşaqların valideynlərini daha çox sevdiyi, onların verdiyi tərbiyəni tez mənimsədiyi, zehni və yaddaşının güclü olduğu müəyyən edilmişdi.
Rusiyada aparılmış bir tədqiqat isə, ağır cinayət törədən yeniyetmələrin 85%-dən çoxunun ana südü verilməyən uşaqlar olduğu aşkar olunmuşdu.
Elmi araşdırmalara görə, normal halda uşaqlara 2 yaşadək ana südü verilməldir. Din də belə məsləhət görür. Ən pis halda bu proses 1 yaşadək davam etməlidir. Uşağa ana südü verilməsini binanın bünövrəsinin qoyulması ilə müqayisə etmək olar. Bünövrə möhkəm olsa, bina sağlam və uzunömürlü olar.
Həkim: “Analar övladından asılı olmaq istəmir”
Həkim-dietoloq Lamiyə Həsənova deyir ki, ana südü körpə üçün çox əhəmiyyətlidir: “Tibbi cəhətdən sübut olunub ki, təbii qidalanma ilə böyüyən uşaqlar, süni qidalanan uşaqlara nisbətən raxit, anemiya, disbakterioz, ağciyər iltihabı, kəskin respirator xəstəliklrər və digər infeksion xəstəliklərlə daha az hallarda yoluxurlar. Ana südü ilə qidalana bilməyən uşaqlar süni qidadan immunoqlobulinlər ala bilmədikləri üçün xəstəliklərə qarşı daha həssas olurlar və peyvəndləri bir qədər çətin keçirirlər”.
Həkimin sözlərinə görə, anaların çoxu südvermə dövründə zəngin qidalanıb çəkilərinin artmasından çox qorxurlar. Eyni zamanda, ilkin dövrdə süd vəzisindən öz-özünə süd axaraq paltarlarını bulaşdırmasını da istəmirlər. Həmçinin, ana psixoloji səbəblərdən də əmizdirməkdən imtina edir, yəni ana özünü uşaqdan asılı hala salmaq istəmir, öz fəaliyyətlərini məhdudlaşdırmaq istəmir.
Mütəxəssis bu qorxuların heç əsası olmadığını, gənc anaların yanlış məlumatlara malik olduğunu vurğulayaraq məsləhət görür ki, analar mütləq dünyaya gətirdiyi uşaqlarına süd verməlidirlər. Çünki, təbii-bioloji qanunauyğunluqların pozulması həm ananın, həm də uşağın sağlamlığını təhlükə altına qoyur.
Qeyd edək ki, bu işdə doğum evlərindəki bəzi həkimlərin də rolu az deyil. Onlar dərman və uşaq qidası firmalarından yaxşı mükafatlar almaqla, “südündə mikrob var” bəhanəsi ilə gənc anaları aldadır, körpələrinə süni qida verməyə təşviq edirlər. Ona görə gə analar bu məsələdə çox diqqətli olmalıdırlar.
Həqiqətən südü olmayan analar isə bunun səbəbini tapmalı və aradan qaldırmalıdırlar. Sağlam qidalanan, təbii həyat tərzi keçirən qadınların südü olur. Övladınıza verə biləcəyiniz ən böyük hədiyyə ana südüdür, onu bundan məhrum etməyin.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB