"Ərdoğanın Milli Məclisdəki çıxışı..." - MƏQALƏ

"Ərdoğanın Milli Məclisdəki çıxışı..." - MƏQALƏ

Dost, qardaş, canı bir, qanı bir olan Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisini ilk öncə “Azərbaycanın Müzəffər Milli Məclisini salamlayıram” sözləri ilə salamladıqdan sonra, hər zamankı kimi, şeyriyyat dili ilə unudulmaz ifadələrlə çıxışına belə başladı...

“Bəxtiyaram (xoşbəxtəm)

çünki, can Azərbaycandayam;

Bəxtiyaram,

çünki, Qarabağı azad etmiş, qardaş Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm;

Bəxtiyaram,

çünki, müstəqilliyinin 30-cu ilinə çatmış Azərbaycandayam”.

Qarabağımızın azad olunmasından, dövlətlərimizin tarixlər boyu bir və bölünməz olmasından, qardaşlığımızın dünyaya gözəl bir nümunə olmasını qeyd edən cənab Ərdoğan daha sonra

“Azərbaycanın aydınlığı - aydınlığımız, sevinci - sevincimiz,

azadlığı - azadlığımız, qədəri - qədərimiz, kədəri - kədərimizdir” deyərək, əlavə olaraq Azərbaycanın Milli Məclisindən türk dünyasına iftira atan bəzi dünya ölkələrinin liderlərinə “Gözləri var - görməz, Qulaqları var – duymaz, Qəlbləri zatən möhürlənmişdir”. Xitab etdi və onlara daha bir unudulmaz mesajı belə verdi: “Dünya bilsin, bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da, yanında olacayıq!”

Qardaş Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan cənabları bütün çıxışı boyu Milli Məclisimizin üzvlərinə “qardaşlarım” deyərək müraciət etməsidə diqqət çəkirdi. Daha sonra “bu zəfərdən heç kəs rahatsız olmasın! Çünki bu, Dağıdıcılığın deyil, inşanın; Zülmün deyil, ədalətin; Yaramazlığın deyil, lütfkarlığın; Savaşın deyil, barışın; Qanın deyil, qəlbin zəfəridir” deyərək, növbəti səfərində məcburi köçkün düşmüş soydaşlarımızın Qarabağda, doğma dədə-baba evlərində yaşamalarının xoşbəxtliyini görməyi uca Allahdan arzu etdiyini bildirdi.

Azərbaycan Respublikasının Milli Məclisində tarixi çıxışını, böyük şair Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini söyləyib, səmimi sevgi ilə alqış sədaları altında çıxışını sona yetirdi.

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan - Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan - Türkiyə.

Sanator-Kurort Reabilitasiya Mərkəzinin

Baş direktoru: Mürsəl Mürsəlov

Bakı şəhəri.18 iyun 2021-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə